Nazirdən Müşfiqin sümüklərinin tapılması barədə daha bir mövqe
24-10-2018, 08:23
Əbülfəs Qarayev: “O vaxta qədər Mikayıl Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir”
Mədəniyyət naziri Əbülfəs Qarayev Qaradağ rayonunun Buta qəsəbəsində şair Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib.
“Report”un xəbərinə görə, nazir deyib ki, bu məsələ araşdırılır. Ə.Qarayev eyni zamanda ictimaiyyəti bu kimi sensasion xəbərlərə inanmamağa çağırıb. O vurğulayıb ki, təsdiq olunmamış məlumatlara istinad etmək doğru deyil: “Mikayıl Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin müvafiq sərəncamı ilə bu il şairin yubileyi keçirilir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Hazırda Mikayıl Müşfiq adına Muzeyin yenidən qurulması ilə bağlı işlər gedir. O, heç vaxt dövlət və ictimaiyyət tərəfindən unudulmayıb və bundan sonra da unudulmayacaq”.
M.Müşviqin məzarının harada olmasına gəlincə, nazir əlavə edib ki, məlumatlar Mədəniyyət Nazirliyinə daxil olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla birgə araşdırmalar aparılacaq: “Qəbiristanlıqdakı qalıqların kimə aid olması dəqiqləşdikdən sonra bu məsələ barədə danışmaq olar. O vaxta qədər isə Mikayıl Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir. Ona görə də məsələyə həssas yanaşılmasını tövsiyə edirəm”.
Xatırladaq ki, bu iddiaları rusiyalı milyarder Fərhad Əhmədov irəli sürüb.
“Şair Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqların aşkar edilməsi Azərbaycan üçün əhəmiyyətli hadisədir. Çünki Müşfiq Azərbaycan üçün bir dəyər məsələsidir, yaradıcı gənclərin simvoludur”.
Bunu virtualaz.org-a açıqlamasında tarixçi-alim Nəsiman Yaqublu bildirib. Alimin sözlərinə görə, vaxtilə şairin həyat yoldaşı Dilbər xanımla da görüşüb, baş verənləri onun öz dilindən eşidib. “Müşfiq həm də milli mənəvi dəyərləri olan biri idi. Müşfiqdən sonra Dilbər xanımı da həbs ediblər, olduqca əzablı günlər keçirib”, - Yaqublu deyib. N.Yaqublu qeyd edib ki, Müşfiqin qalıqlarının tapılması faktından istifadə edərək sovet rejimi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda digər qurbanların məzarını, qalıqlarını tapmaq üçün araşdırmalara başlamaq lazımdır. Qalıqların Müşfiqə aid olduğu təsdiqlənəndən sonra şair dövlət səviyyəsində dəfn edilməlidir.
“Hüseyn Cavidin nəşinin qalıqlarının tapılıb Bakıya gətirilməsi necə böyük hörmətlə qarşılandısa, Mikayıl Müşfiqin də qalırlarının tapılması və dəfn olunması xalq tərəfindən o cür hörmətlə qarşılanacaq”.
Mikayıl Müşfiq irsinin araşdırmaçısı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva Qaradağ rayonunun Puta qəsəbəsində şairə məxsus olduğu ehtimal olunan qalıqların tapılmasına münasibət bildirərkən deyib.
Uzun illər Mikayıl Müşfiq yaradıcılığını tədqiq edən alim bildirib ki, əslində bu hadisənin çox böyük tarixi əhəmiyyəti olar: “Şəxsən mənim çox böyük ağrılı yerimdir ki, bu nakam şairin nə övladı qalıb, nə kəndi qalıb. Ondan demək olar ki, heç nə qalmayıb. Heç olmasa qəbri olsa, ölən günündə, doğum günündə gedib qəbrini ziyarət edək. İndiyə kimi onu anmaq üçün ancaq büstünün qarşısında toplaşırdıq. Əgər sümüklər tapılsa, basdırılsa, bu çox böyük hadisə olar.
"Əgər Mikayıl Müşfiqin hətta az ehtimal olunan qalığı varsa, o, mütləq öyrənilməli, şairə məxsus olub-olmadığı dəqiqləşdirilməlidir. Bu bizim vəzifəmizdir".
Bunu virtualaz.org-a açıqlamasında akademik Nizami Cəfərov deyib. N. Cəfərov hesab edir ki, Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Bu həm də Müşfiqin bizim ədəbiyyatımıza, mədəniyyətimizə olan xidmətləri qarşısında, onun istedadı qarşısında olan borcumuzdur.
“Bu gün belə tədqiqat imkanları var, həmin qalıqların həqiqətən də Müşfiqə aid olub-olmadığını dəqiq müəyyənləşdirmək olar. İlk olaraq tədqiqat aparılmalıdır. Mütəxəssislər müəyyənləşdirməlidir, onlar antropoloji tədqiqat aparıb, təhlillər edib fikir söyləməlidirlər”, - deyə N. Cəfərov bildirib.
Millət vəkili həmçinin qeyd edib ki, bioloji tədqiqatdan sonra ehtiyac olarsa, ümumictimai komissiya da yaradıla bilər. Bu komissiya müəyyən detalları, məsələn, tarixi şəraiti və sairi araşdıra bilər.