Şəhidlərlə bağlı sənəd qəbulunun dayandırılması təkzib olunur

1-12-2018, 08:40           
Şəhidlərlə bağlı sənəd qəbulunun dayandırılması təkzib olunur
Nazirlik: “Ola bilsin, hansısa notarius texniki problemə görə prosesə fasilə verib, amma...”
Prezident İlham Əliyevin fərmanı ilə şəhid hərbi qulluqçuların sığorta haqqının onların vərəsələrinə verilməsi prosesi davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) açıqladığı son məlumata görə, indiyədək 1081 şəhid hərbi qulluqçu üzrə 1299 vərəsəyə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, rəsmi məlumatlarda şəhid hərbi qulluqçuların bir çoxu üçün sığorta haqqının əvvəlki illərdə ödəndiyi qeyd olunur. Belələrinin adını ƏƏSMN-in internet saytında yaradılan bölməyə daxil etdikdə sığorta haqqı almaq hüququnun olmadığı qeyd edilir. Proses başlayandan indiyədək onlarla şəhid ailəsi sığorta haqqını almadığını, bununla bağlı təqdim olunan sənədlərdə saxtalaşdırmaya yol verildiyini bildirir. Bununla bağlı şəhid ailələrinin müxtəlif dövlət qurumları qarşısında etirazları davam etməkdədir. Onlar Milli Məclisə, Prezident Administrasiyasına, ƏƏSMN-ə müraciət edərək, sığorta ödənişini almadıqlarında təkid edirlər. Məsələ Milli Məclis səviyyəsində müzakirə olunub, dəfələrlə ƏƏSMN rəhbərliyinin mövqeyi açıqlanıb. Mövqe isə belədir ki, şəhid varislərinin sığorta ödənişini almadıqlarına dair dediklərini müxtəlif dövlət orqanlarının verdiyi sənədlər təkzib edir. Lakin şəhid ailələri təqdim olunan sənədlərlə razılaşmayaraq etirazlarını dayandırmırlar.

Redaksiyamıza daxil olan məlumata görə, son günlər notariuslar şəhid ailələrinin sənədlərinin ƏƏSMN-ə göndərilməsi prosesinə fasilə veriblər. Bunun səbəbi ilə maraqlandıqda isə şəhid yaxınlarına tapşırığın yuxarıdan gəldiyi, nazirliyə sənədlərin göndərilməsi prosesinin müvəqqəti dayandırıldığı, yeni bir qərarın gözləndiyi bildirilib.

Bununla bağlı sualımızı cavablandıran ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblının dediyinə görə, nazirliyə sənədlərin göndərilməsinə fasilə verilməyib: “Bununla bağlı heç bir dəyişiklik yoxdur. Ola bilər, hər hansısa bir notariusda texniki məsələlərin həlli ilə bağlı prosesə qısamüddətli fasilə verilir. Sənədlərin elektron şəkildə nazirliyə təqdim edilməsi təmin edilməkdədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.