Qəbul edilən qnunların çoxu vətəndaşın deyil, məmurun mənafeyini qoruyur...
8-12-2018, 09:07
Bəlkə islam ölkələrində indi də qalıb, keçmişdə arvadı boşamaq üçün üç yol “talaq” demək yetərmiş. Yəni, ərin hirslənib, yaxud çaşıb “talaq, talaq, talaq” deməyi ilə kəbin qüvvəsini itirirmiş. Özü də qadının heç bir hüququ yox imiş, “qarşılıqlı talaq” hüququ da eləcə.Dünyəvi dövlətdə dini qaydaların tətbiqinin yolverilməzliyi prinsipindən yanaşıldıqda artıq doğma vətənimizdə qadınların bu hüquqsuzluğuna son qoyulub. Di gəl, son illərdə qəbul edilən normativ hüquqi aktlarda elə maddələr var ki, dini qaydalara uyğun gəlir və bütöv xalqın məmurun kəbinli arvadı olmasını deməyə əsas verir.
“Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015 -ci il tarixli Azərbaycan Respublikası Qanununun 8.1.4 maddəsində vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciətin baxılmamış saxlanılması təsbit olunub. Məmurların da vətəndaşı başdan etmək üçün bu maddəyə əsaslanması, il ərzində 3 dəfə eyni cavabı təkrar etməsi praktikası gerçək anlamda məmur özbaşınalığının hüquqi əsasıdır. Təsəvvür edin, vətəndaş hər hansı konstitusion hüququnun təminatı ilə bağlı dövlət hakimiyyəti orqanlarına müraciət edir və müraciətinə 3 dəfə eyni “olmaz” cavabı verilir . Təbii ki, vətəndaş bu “olmaz”ın nədənini təkrar-təkrar soruşur və hər dəfə də “dedığım dedığdır” cavabını alır. Ali dövlət hakimiyyəti orqanlarına şikayətl edəndə isə il ərzində 3 dəfə “əsaslandırılmış” cavab verilməsi “əsası” ilə baxılmadığını bildirirlər. Axı, bunun nəyi əsaslandırılmış cavab oldu? Belə çıxır, məmurun “özbaşınalıq hüququ” qanunla qorunur? “Vətəndaşların müraciətləri haqqında” qanunun 8.1.4 maddəsində nəzərdə tutulan cavabın “əsaslandırılmış” olmasını kim müəyyən edir : müraciət edən şikayətçi, məmur, yoxsa ? Deyə bilərsiniz ki, vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Problem bundadır ki, məhkəməyə müraciət etmək proseduru da uzun çəki və aylar, illər ərzində gerçəkləş(m)ir. Bu aylarda, illərdə də, məsələn, adi kommunal xidmətdən, sosial güzəştdən məhrum edilməyin davam edir. Hələ biz illər keçdikcə yeni qəbul edilən qanunların, qərarların vətəndaşların mənafelərinə zidd olduğunu demirik. Konkret faktlara üz tutaq: “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 03.03.2014 tarixli 119 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 27 avqust 2013 -cü il tarixli 234 saylı “İstehlakçıların elektrik enerjisi ( gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji şəbəkələrinə qoşulması qaydaları”nın 2.19 -cu maddəsinə 16.11.2016 tarixli 463 saylı qərarı ilə dəyişiklik edərək, qoşulma nöqtəsinə kimi məsafə 50 metr olduqda qoşulma haqqının tutulmadığını, görülən işlərin istehlakçı-sifarişçinin hesabına həyata keçirilməsini qərara alıb. Buna kimi isə görülən işlərin enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilməsi qərara alınmışdı. Bunun sahibkarlığın inkişafına necə müsbət təsiri ola bilər? Di gəl, bu da son deyil. Bu ilin ortalarında 50 metrlik məsafəyə kimi qoşulma haqqından azad olunma da ləğv edildi və məsafədən asılı olmayaraq, 840 manatdan başlayan (50 min manatadək “ uzanan”) qoşulma haqqı müəyyən edildi. Hətta məişət abonentlərinə də elektrik enerjisinin gücü 5 kvt olduqda 160 manat bundan yuxarı olduqda hər kilovatta əlavə 40 manat hesabı ilə qoşulma haqqı tətbiq edilir. Bu haqların sosial-iqtisadi əsaslandırılmasını bir yana qoyaq. Axı, heç bir hüquq müdafiə, qeyri-hökumət təşkilatı, istehlakçı ,sahibkarlıq, sosial hüquqların qorunmasına cavabdeh olan dövlət qurumlarının səsi çıxmadı! ? Deputatların nə vecinə, sosial sifarişi kim verir, onun çaldığı havaya da oynayırlar. Təki özlərinin güzəştlərinə toxunulmasın.
Konstitusiya Məhkəməsinə (KM ) müraciət etməyə də qadağa qoyulub. Nə müvafiq dövlət qurumları KM-ə müraciət edir, nə də vətəndaşın şikayəti Pıenumun baxışına çıxarılır. Amma Konstitusiyanın 149-cu maddəsinin VII bəndinə zidd olaraq Enerji Məsələlərini Tənzimləmə Agentliyi 2018 -ci ildə qəbul olunan qoşulma haqqını 2 il qabaq verilən texniki şərtə tətbiq edir. Və tətbiq etmə barədə qanunsuzluğunu 3 dəfə təkrar edib, “əsaslandırılmış” cavabla vətəndaşı xidmətdən məhrum edir.
İndi bunun qarşısında szicə vətəndaş nə etməlidir?
Ritorik sualdır, nəinki 3 dəfə, ümumiyyətlə., heç bir cavab istəmir...
Məğrur Bədəlsoy
Teref.az