“MTN-dən məxfi məlumatlar oğurlanıb - Eldar Mahmudov haqda yeni sensasiya

20-10-2015, 10:02           
“MTN-dən məxfi məlumatlar oğurlanıb - Eldar Mahmudov haqda yeni sensasiya
Eldar Mahmudovun milli təhlükəsizlik naziri postundan çıxarılması ilə “ ölkədə və hakimiyyətdə nə baş verir” sualı ətrafında müəmma hər keçən gün daha da artır. Sabiq nazirə qarşı hakimiyyətyönümlü deputatların şok ittihamları dövriyyəyə girib ki, bu da MTN strukturunda həbslərə hazırlıq kimi dəyərləndirilir. Artıq sabiq nazirə və onun komandasına qarşı “cinayət ittihamları” da dövriyyəyə buraxılıb.

Sabiq nazir və komandası “dövlət təhlükəsizliyini zərbə altında qoymaqdan” tutmuş, “quldurluq, soyğunçuluq, iş adamlarına qarşı qanunsuz tələbetmələr” kimi ağır ittihamlara tuş gəlib. Bu cinayətdə ittiham edilənlərin adını məlum sərəncamadək ictimai yerlərdə çəkmək belə riskli idi. İndi isə onların sırasına baxın: “Eldar Mahmudov başda olmaqla, nazirliyin bir qrup yüksək rütbəli əməkdaşları, əsasən general-mayor Teymur Quliyev, Antiterror Mərkəzinin rəis müavini İlqar Quliyev, MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova, o cümlədən nazir müavini, general-leytenant Hilal Əsədov, general-mayor Akif Çovdarov və digər şəxslər uzun müddətdən bəri Azərbaycanda iş adamlarına qarşı xüsusi qurğular qurmaqla cinayətlər törədiblər. Onlar bu yolla milyonlarla manat vəsait mənimsəyiblər. Hazırda adıçəkilən şəxslərin bir qrupu həbs edilib, Eldar Mahmudov başda olmaqla, Akif Çovdarov, Hilal Əsədov və digər generallar nəzarətə götürülərək əməlləri araşdırılır”.(“qafqazinfo”). MTN-in Mərkəzi Aparatının rəhbəri Fərhad Vahabovun da ev dustağı edilməsi yayılan xəbərlər sırasındadır.

Həbslərlə bağlı məlumatlar isə hələ də “mötəbər mənbəyə” əsaslanır. Rəsmi qurumlar isə yenə də “qeyri-rəsmi” bildirir ki, vəzifəsindən azad olunan nazirin və digər generalların həbs edilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bunu, sadəcə, kadr dəyişikliyi kimi qiymətləndirmək lazımdır.

Başqa bir mənbə MTN-in Monitorinq Xidmətinin rəisi general-mayor Teymur Quliyevin Bakının “milyonçular məhəlləsi” kimi tanınan Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən 4 mərtəbəli villasında saxlanıldığını, əməliyyatı isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyini iddia edib.

Baş Prokurorluğun istintaq qrupu MTN-də qanun pozuntuları faktlarını və qulluq mövqeyindən sui-istifadə hallarını üzə çıxarmaq üçün təhqiqata başlayıb. Hətta baş prokurorun I müavini Rüstəm Usubov və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərliyinə daxil şəxslər də şəxsən MTN-in binasında olublar. “Turan” agentliyi xəbər verib ki, oktyabrın 17-də nazirliyə baş girişin darvazası tam acıq olub və burada digər dövlət qurumlarının avtomobilləri növbə çəkib. “Əllərində portfel və qovluq tutan müstəntiqlərə oxşayan bir necə şəxs daim qapıda növbə çəkirdilər. Bütün bunlar içəridə yoxlama aparılması və yaxud sənədlərin götürülməsi prosesinin baş verməsi təəssüratını yaradırdı” deyə, məlumatda bildirilir.

Məlumata görə, istintaq qrupuna milli təhlükəsizlik nazirinin keçmiş müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edir. Eldar Mahmudovun özünə gəlincə isə məlumatlı mənbələrin verdiyi informasiyaya görə, o, öz evindədir, faktiki olaraq ev dustağıdır.

Nazirin işdən çıxarılması haqda iki yeni sensasion iddia

E.Mahmudovun niyə işdən uzaqlaşdırılması ilə bağlı versiyalar da gündəmi zəbt edib. “Yeni Müsavat”ın elektron poçtuna göndərilmiş məlumatda iddia olunur ki, bir aya yaxındır ki, Azərbaycanda bir sıra məmurlara watsapp nömrələri ilə təhqiredici söyüş və hədələr yazılır. Bundan əlavə, həmin şəxs məmurlara E.Mahmudovun şəklini də göndərərək onu həbs edə bilməyən MTN strukturunun nə qədər aciz və zəif olduğunu göstərib. Həmin adam, üstəlik, guya iddia da edib ki, MTN- dən ona məlumatlar ötürülüb ki, nazirliyin serverini dağıdıb oradan 250 GB həcmində məxfi məlumatlar oğurlayıblar. Məktubda iddia edilir ki, prezident məhz bu səbəbdən naziri vəzifəsindən azad edib.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da nazirin istefası ilə bağlı sensasion açıqlama yayıb. Sabiq səfir E.Mahmudovun qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsədiyi və tələb olunan zaman bu pulları geri qaytara bilmədiyi barədə məlumatların həqiqiliyini qeyd edərək, mənimsənən pulların bir qisminin başqa bir qohumu - “Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev vasitəsilə ölkədən çıxarıldığını bildirib.

A.Məmmədovun sonrakı iddiası daha sensasiondur. O bildirib ki, E.Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal (təşkilatı vasitəsilə) münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi. Sabiq səfir iddia edir ki, prezidentə Moskvada E. Mahmudov haqda hansısa kompromat təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər.

A.Məmmədov proqnozlaşdırır ki, belə bir fiquru itirmək heç şübhəsiz ki, İsrail xüsusi xidmət orqanlarını narahat edəcək və “onlar buna görə çox sərt cavab verəcəklər”. A. Məmmədov cavabın nələrdən ibarət ola biləcəyini acıqlamayıb.

Daha bir iddia isə sabiq nazirin hakimiyyət daxilində effektli klan qurması və ona başçılıq etməsi ilə bağlıdır. A.Məmmədovun bilgisinə görə, bu klana çox məşhur nazirlər daxil imiş və E. Mahmudov bu klan vasitəsilə Prezident Administrasiyası ilə dirəşə bilir və ona bağlı nazirləri də müdafiə edirmiş.

“Üsyançı səfir” hesab edir ki, E. Mahmudovun vurulması bu klanı çökdürəcək ki, “bu da mövcud hakimiyyətin daha ciddi kollapsına səbəb olacaq”. Üstəlik, ölkənin bütün səfirliklərində işləyən E.Mahmudovun kadrları olan MTN-in çoxsaylı əməkdaşları da bəzi diplomatlar kimi geri qayıtmayacaqlar və siyasi mühacir statusu üçün müraciət edəcəklər.
Sabiq səfirin PA ilə ciddi problemləri var və istisna deyil ki, indiki vəziyyətdə bu cür iddia ilə öz qəzəbini çıxarır. Onun İsrail kəşfiyyatı ilə bağlı iddiasına gəlincə, nazirin əmri verilən gün də mətbuatda bu cür xəbərlər dolaşırdı. İnandırıcı deyil ki, İsraillə həm siyasi, həm hərbi-sənaye, həm də kəşfiyyat məsələlərində illərdir ciddi anlaşma içərisində olan Azərbaycan hakimiyyəti bu əməkdaşlığı bir nəfərin üzərində və ya üzərindən qursun.

E.Mahmudov hansısa məqamda “İsrail məsələsi”ndə təkbaşına fəaliyyət göstərə bilərdi, amma bunun hakimiyyətin birinci şəxsinin aşa biləcək və ya ona problem yarada biləcək əməkdaşlıq olduğu inandırıcı görünmür. Doğrudur, iqtidaryönlü deputat Fəzail Ağamalı buna işarə ola biləcək ittihamlar irəli sürüb. Amma onu da unutmayaq ki, prezident nazirlə istefasından əvvəl görüşübsə və ortada indi iddia edilən ağır dövləti cinayətlər vardırsa, o zaman şübhəsiz E.Mahmudov indi evində yox, həbsxanada olardı, dövlət televiziyaları da 2005-ci ilin oktyabrında olduğu kimi bağ evlərindən çıxan kolleksiyaları göstərərdi.

E.Mahmudovun işdən uzaqlaşdırılmasına səbəblər sırasında sabiq səfirin dediyi kimi, “Rusiya izi” getdikcə daha çox ağırlıq qazanmaqdadır. 10 il əvvəl iki sabiq nazirin qandallanmasının da Rusiya kəşfiyyatının verdiyi məlumatlar əsasında həyata keçirildiyi məlum faktdır. Bəzi ekspertlər Rusiya kəşfiyyatının bir çox məsələlərdə (məsələn, ABŞ-ın Azərbaycanda inqilab hazırlaması) rəsmi Bakıya dezinformasiyalar ötürdüyünü iddia edirlər. Amma E.Mahmudov kimi ciddi bir fiqurun işdən uzaqlaşdırılmasının da Moskvanın hansısa “dezosu” əsasında baş verməsi gerçəklikdən uzaq olar. Ortada ciddi bir tutarqalar (faktlar) olmasa, MTN-də bu cür “zəlzələ” mümkün deyildi...

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Aqil Abbasın anonsu da maraq doğurur: “MTN-də baş verən hadisələrlə bağlı hər bir şeyin üstü açılacaq. Təbii ki, elə ola bilər baş verənlərlə bağlı açıqlama verilməsin. Dövlətin, millətin təhlükəsizliyi ilə bağlı elə şeylər var ki, onu mətbuata açıqlamaq olmaz. Bu məsələ elə bir məsələdir ki, bu işə birbaşa prezident qarışıb və bütün sənədlər onun əlində cəmləşib”.

Yeni nazir kim olsun?

Yeni milli təhlükəsizlik naziri kim ola bilər? - 5 iddiaçı var

Qeyd edək ki, Eldar Mahmudovun yerinə hələ ki təyinat olmayıb. Yeni nazirin kim olacağına gəldikdə isə ötən sayımızda qeyd etdiyimiz kimi, aşkar namizəd yoxdur, yalnız mətbuatın adını çəkdiyi bir neçə general var. Nəzərə alsaq ki, ölkə rəhbərliyi E.Mahmudova etimadsızlıq göstərib, üstəlik, onun müavinləri haqda da ittihamlar var, bu səbəbdən onlardan birinin nazir təyinatı ehtimalı sıfıra yaxındır. Generalitet arasında bu vəzifəyə uyğun olan namizədlər sırasına isə biri də əlavə olunub. Dövlət Sərhəd Xidməti rəisinin müavini Fərhad Tağızadə təhlükəsizlik sistemində olan bacarıqlı və peşəkar kadr kimi xarakterizə edilir. Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevin də bu postu tutmaq şansı var. O da bir müddət Naxçıvan MTN-in rəhbəri olub, korrupsiyaya bulaşmayıb, dövlətə və prezidentə sadiqdir. Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini Əli Nağıyevin adı isə artıq bu olaylarda mərkəzi fiqur kimi çəkilməyə başlayıb. E.Mahmudovla problemləri səbəbindən nazir müavini postunu itirən Ə.Nağıyev də təcrübəli bürokrat-yəni yaxşı təşkilatçı kimi tanınır. Prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevin şanslarını da ekspertlər yüksək dəyərləndirmirlər, amma iqtidar onun da təcrübəsindən yararlana bilər. Daxili işlər nazirinin müavini Vilayət Eyvazovun da nazir postuna təyin edilə biləcəyi xəbəri var.

Nəyə hazırlıq?

E.Mahmudovun indiki böhran şəraitində kənarlaşdırılması prezidentin idarəçilikdə yeni dəyişikliklərə hazırlaşmasından xəbər verir. Ölkə gələn il daha pik həddə çata biləcək iqtisadi böhrana doğru gedir, cəmiyyətdə məmurlardan narazılıq artır, işsizlikdən doğan sosial gərginlik artan xətt üzrə gedir. Böhran şəraitində isə sabitliyin və asayişin saxlanması üçün hakim komandada “şişmiş” məmurlara nəzarətin artırılması , korrupsiya və inhisarın səviyyəsinin aşağı salınması, cəmiyyətdə iqtidara inamın artırılması tələb olunur. Bu səbəbdən də ölkədə kadr islahatlarının davamlı olacağı gözləniləndir.

“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.