“Şərurlu İsfəndiyar” şəhid ailəsinin mənzili ilə bağlı danışdı, qarşı tərəfdən cavab gəldi – Yenilənib

30-03-2019, 08:42           
“Şərurlu İsfəndiyar” şəhid ailəsinin mənzili ilə bağlı danışdı, qarşı tərəfdən cavab gəldi – Yenilənib
Ölkənin ən böyük tikinti maqnatlarından olan “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov haqqında ölkə mətbuatında yenidən ittiham dolu yazı dərc olunub. Jurnalist Aida Eyvazlının sosial şəbəkədə paylaşdığı status əsasında hazırlanan materiallarda bildirilir ki, İsfəndiyar Axundovun şikayəti əsasında aprel şəhidi Sənan Axundovun ailəsinə məxsus ev əlindən alınıb. Məlumatda aşağıdakılar qeyd edilir:

“Ötən gün Ali Məhkəməyə kasasiya şikayəti verən, aprel şəhidimiz polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb. Qanunsuz qərarın çıxarılmasına isə “Şərurlu İsfəndiyar” sifariş verib. Belə ki, Sənan Axundov vəfat etməmişdən bir neçə il əvvəl “Kamran MMC”-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra “Kamran MMC”-nin işçiləri haqqında fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini “Şərurlu İsfəndiyar” alıb. Həmin binada əlavə 5 mərtəbə də tikib. “Şərurlu İsfəndiyar”ın sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir. Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetrlik yerin sahibi onun özüdür.

Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri “Kamran MMC” verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan bir-iki nəfər var. Həm də ki, bina sakinlərinin hamısı “Kamran MMC”-dən aldıqları sənədləri, “Şərurlu İsfəndiyar”ın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər. Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binadakı özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın adamları isə bu otaqları vurub-uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindirməyib. Bu günə qədər aparılan müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən “Şərurlu İsfəndiyar”ın xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetrlik yeri əllərindən alıb”.


Şəhid polkovnik-leytenant

Şəhidin xanımı Nəcibə Axundova oxu.az saytına açıqlama verərək bildirib ki, “Şərurlu İsfəndiyar”a əlavə ödəniş etməkdən imtina etdiklərinə görə, evləri əllərindən alınıb:

“Mən Şərurlu İsfəndiyardan əlavə mənzil və ya başqa heç nə istəmirəm. Tələbim yalnız haqqını ödədiyimiz mənzilimizdir. Onu da İsfəndiyar yalnız ikiqat pul ödədikdən sonra bizə verəcəyini deyir. Əvvəl bizdən 100 min, sonra 53 min manat istəmişdilər. Biz bu mənzilə 53 min manat ödəmişdik, 11 min manat isə borcumuz qalmışdı. Əlavə ödəniş verməyə razılaşmamışdıq. Bina təhvil veriləndən sonra 76 ailədən mənzillərin ikiqat qiymətini tələb etdi və razılaşanlara çıxarış verildi. Kim ki onun istədiyi məbləği vermədi, onların müqavilələrini yeniləmədi, saxta adlandıraraq məhkəmələrə verdi. Ali Məhkəmənin lehinə qərar çıxardığı vətəndaşlardakı müqavilələrlə onların müqaviləsi arasında heç bir fərq yoxdur. Bəs necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi? Biz Ali Məhkəmədə bu məsələni qaldırdıq. Kasasiya şikayətinə bir müraciəti də əlavə edərək bildirdik ki, eyni şirkət, eyni bina, eyni müqaviləsi olan vətəndaş məhkəməyə müraciət edib və məhkəmə Şərurlu İsfəndiyarın əleyhinə qərara çıxarıb.


Nəcibə Axundova: “Necə olur ki, məhkəmə birinin müqaviləsini saxta hesab edir, digərininkini isə həqiqi?”
Vətəndaş məhkəməni udub. İsfəndiyar vətəndaşı Apelyasiya Məhkəməsinə verib. Lakin yenə Ali Məhkəmə vətəndaşın hüquqlarını müdafiə edib və onun lehinə qərar çıxarıb.

N.Axundova onu da əlavə edib ki, dünənki prosesi aparan hakim Əsəd Mirzəliyev onların fikirlərinə önəm verməyib və şəhid ailəsinin hüquqlarının tapdalanmasına göz yumub:
“Elə ilk başda bizə əlavə heç bir fikir söyləməməyimiz tapşırıldı. Mən dərhal buna etiraz etdim. Çünki o ev, o mənzil mənim pulumla tikilib. Bunu qeyd etməməliyəm? Məhkəmə hələ başlamamışdı, amma artıq çıxarılacaq qərar bəlli idi.

Məhkəmə bizə söz vermək, fikrimizi dinləmək istəmirdi. Bu, adi qonşu mübahisəsi deyil, mal-mülk davası deyil. Bu, biznesmenin Azərbaycan torpaqları uğrunda canından keçmiş oğulun, şəhidin ailəsinə qarşı ədalətsizliyidir.

Mən demirəm kimsə bizə əlavə üstünlük versin, mən öz haqqımızı tələb edirəm. Lakin məsələyə obyektiv yanaşılmır”

***


İsfəndiyar Axundov: “Məhkəmə qərar çıxarıb ki, verilən sənədlərin hamısı saxtadır”
Müsavat.com-a açıqlama verən İsfəndiyar Axundov yayılan məlumatları təkzib edib. O, bildirib ki, indiyə qədər Azərbaycan Respublikasının qanunlarından kənara çıxan heç bir addım atmayıb:

“Bu məsələnin əslində mənə heç bir aidiyyəti yoxdur. Həmin adamları da aldadan “Kamran MMC”nin işçiləri olublar. Hazırda qeyd edilən MMC-nin sahibi həbsdədir. Məsələni daha dəqiq formada izah etsək, proses aşağıdakı kimi olub. Belə ki, 11 il bundan öncə şikayətçilər ev alıblar. Elə həmin zaman da məhkəmə qərar çıxarıb ki, verilən sənədlərin hamısı saxtadır. Sənədi verən insanlar həbs edilib, hazırda da türmədə yatırlar. 11 ildən sonra zərərçəkən ailə müraciət edir ki, mənim saxta sənədimi hakimlər düzgün sənəd kimi bərpa etsinlər. Hələ 11 il bundan öncə rayon məhkəməsi, Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərar qəbul ediblər ki, sənədlər saxtadır. Qanunu geriyə qaytarmaq olarmı? Deyim ki, həmin zaman aprel döyüşləri olmamışdı. İndi aprel döyüşlərində şəhid olan qardaşımızın qayınatası deyir ki, kürəkənim aprel ayında şəhid olub. Şəhidlər bizim inanc yerimizdir, ümidimizdir. İnsanların hər zaman and içdiyi qibləmizdir şəhidlər. Ancaq eyni zamanda bu dövlətin qanunu var. Qanunla mənim sənədlərimin hamısı qaydasındadır. Sadəcə olaraq burada yanaşma fərqlidir. Haradasa məsələdə sui-istifadə, başqa məqsədlər var”.

İ. Axundov bildirib ki, sözügedən bina ona məxsus deyil: “İnternetdə axtarış versəniz görərsiniz ki, “Kamran MMC” 98 mənzili 270 nəfərə satıb. Binanın inşası isə yarımçıq qalmışdı. Dövlət mənə tapşırdı ki, binanın inşasını davam edim. Mən də binanı tikib, siyahı ilə camaatı yerləşdirdim. Burada mənim nə günahım var? “Kamran MMC” ilə nə şərikliyim olub, nə də onlara hər hansı aidiyyətim var. Əksinə, MMC-nin işçiləri camaatı aldatmışdı, mən isə onlara yardım etdim. Deyim ki, MMC-nin rəhbərlərinin hamısı orqan işçiləri idi. Ən maraqlısı da odur ki, camaata verdiyi müqavilələrin yuxarı hissəsinə “Bismillahir Rəhmanir-Rəhim” sözləri yazılıb. Qanuni sənədə bunu yazmaq olarmı? Bu sənədlə çıxarış almaq mümkündürmü? Elə ilk baxışdan görünür ki, MMC-nin camaata verdiyi sənədlər saxtadır. İndi MMC-nin sahiblərinə 14-17 il iş veriblər. Görünür bu adamlar da düşünürlər ki, mənə təzyiq edib, qorxutmaqla nə isə əldə edəcəklər. Xeyr, bu, olası bir şey deyil. Qanun nədirsə, mən onunla hərəkət edirəm. Deyirlər ki, aprel ayında kürəkənim rəhmətə gedib, sən də qanunu dəyiş. Ev əslində şəhidimizin qayınatasının adınadır. 11 il öncə verilən qanunu necə dəyişmək olar? Məlumat yayıblar ki, İsfəndiyar Axundov məhkəmədə qalib gəlib. Bu da yalandır. Mənim bu məsələyə heç bir aidiyyətim yoxdur. Sadəcə olaraq mən binanı tikmişəm. Binanı satanlar bu gün həbsxanada yatırlar. Ona görə xahiş edirəm, mənim adımı mətbuat səhifələrində yalan yerə hallandırmasınlar. Reallıq nədirsə, onu yazmaq lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.