"Əli İnsanovun mövqeyi başadüşüləndir" - Musa Musayev

30-03-2019, 11:35           
"Əli İnsanovun mövqeyi başadüşüləndir" - Musa Musayev
Sabiq səhiyyə naziri Əli İnsanovun 14 illik həbs həyatından sonra azadlığa çıxması ölkədəki siyasi proseslərdə müəyyən canlanmaya səbəb olub.

Azərbaycan siyasətində regional amilin önəmli faktorlardan biri olması sabiq nazirin azadlığında da bir daha təsdqini tapdı.

Bəzi müşahidəçilər hesab edir ki, Əli İnsanov Qərbi Azərbaycanlıların ağsaqqalıdır və onun hakimiyyətin elektoratına sahiblənəcəyi mümkündür.

YAP-ın qurucularından biri olan Əli Nağıyevin də son açıqlamalarının hakim partiya daxilində müəyyən çaxnaşma yaratdığı deyilir.

Əslən Qərbi Azərbaycandan olan YAP Siyasi Şurasının üzvü Musa Musayev Gununsesi.org-a müsahibəsində bu məsələlərlə bağlı danışıb.



– Musa müəllim, vəzifədə olmasanız da YAP Siyasi Şurasının üzvlərindən biri kimi yəqin ki, prosesləri izləyirsiniz. Əli İnsanovun azadlığa çıxmasından sonra hakim partiya yenidən gündəmə gəlib. Partiyanızın qurucularından olan Əli Nağıyev də YAP haqqında sərt danışıb. Hakim partiya daxilində nə baş verir?

– Bəli, mən bir neçə gündür müxtəlif şəxslərin, o cümlədən Əli Nağıyevin açıqlamaları,onun fonunda aparılan müzakirələri izləyirəm.

Əvvala onu qeyd edim ki, Əli Nağıyev olduqca iddialı danışıb. Sanki YAP-ı yaradan, quran və bu günə gətirən o olub.

Təbii ki, prosesin iştirakçılarından olub və bu danılmazdır. Amma YAP-ın nizamnaməsini, əsasnaməsini yazan Heydər Əliyev şəxsən özü olub. Bu proseslərdə ən böyük yük onun mərhum qardaşı Cəlal Əliyevin çiyinlərin düşüb.Bu gün nə Heydər Əliyev, nə də Cəlal Əliyev həyatdadır. Ona görə də kimlərsə özlərindən çox şey danışa bilər.

Əli Nağıyevin də müəyyən xidmətləri olub və bunu danmaq olmaz. Mən hələ bunu parlamentdə çıxışımda da demişəm ki, Heydər Əliyev 1987-ci ildə Nazirlər Soveti sədrinin birinci müavinliyindən uzaqlaşdırlandan sonra ona qarşı düşmənləri ciddi mübarizə aparırdı. O zaman Cəlal Əliyev həm qardaşı, həm də bir alim kimi bu proseslərə qatılmışdı. Sonradan 90-cı illərdə ölkənin bir qrup ziyalısını bir araya gətirən də akademik özü olub.

Əli İnsanov da həmin ziyalılardan biri idi. Onun həm də vəzifəsi vardı. Heydər Əliyev üçün əlindən gələni o da edib. Onun vaxtilə vəzifəsi də olsa da prosesdə iştirak edib.

Bir faktı xatırlamaq istəyirəm. İlk dəfə YAP-ın hələ Naxçıvanda təsis konfransı keçirilməmişdi. Biz 199-cı oktaybrında Nəsimi rayonunda Tibb Universitetində farmakoligiya kafedrasında mənim sədrliyimlə YAP Nəsimi Rayon təşkilatının müvvəqqəti təşkilat komitəsi yarandı. Sədr də mən oldum. O iclasda Hacıbala Abutalıbov, Fərəməz Maqsudov, Əli Nağıyev, Səfiyar Musayev, Rəafel Allahverdiyev və Məzdək Hüseynov olub.

1992-ci ilin noyabrın 21 də Naxçıvanda təsis konfransı oldu. Həmin gün qardaşımın toyu idi deyə mən gedə bilmədim. Bilet də alınmışdı. Sonrakı illərdə – 1992-1994 də YAP Nəsimi Təşkilatın sədri olmuşam.



– Əli İnsanov azadlığının ilk dəqiqələrində hakimiyyətə qarşı sərt ifadələr səsləndirdi. Bunu ondan gözləyirdinizmi?

– Əvvala mən Cənab prezidentə təşəkkür edirəm. Çünki, sonuncu əfv sərəncamı ilə 500-ə yaxın ailəyə sevinc gətirdi. O cümlədən keçmiş xidmətlərini, yaşını, və xəstəliyini, həmçinin, QHT-lərin müraciətini nəzərə alaraq Əli İnsanovu da əfv edib. Bu təqdirəlayiq addımdır. Sualınıza gəlincə, mən düşünürdüm ki, Əli İnsanov həbsdən çıxdıqdan sonra öz qardaş və bacılarının məzarlarını ziyarət etdiyi kimi Ulu Öndərin də məzarına getməli idi. Onu nazir edən, o səviyyəyə çatdıran Ulu Öndər olub.

Bu gün nə müşahidə edirəm. Ətrafında onu istəməyən qüvvələr şoular yaratmaq, öz çirkin niyyətlərinə çatmaqdan ötrü bu addımları atır.

O insanlar nə Əli İnsanovu, nə də bu iqtidarı istəyən insanlar deyil. Bulanıq suda balıq tutmaq istəyirlər.

Əli İnsanovun mövqeyi isə başadüşüləndir. Ona görə ki, o insan 14 il ərzində Azərbaycan ictimaiyyətindən, ailəsindən təcrid olunub. Bu günün reallığından məlumatszıdır. Əli İnsanov həbsdən çıxdıqdan sonra bir müddət istirahət etməli, düşünüb-daşınmalı, sonra qərar verməli idi.

Bu gün demokratik cəmiyyətdə yaşayırıq. Azərbaycanda siyasi partiyalar , QHT-lər var. Əli İnsanov da öz istədiyi təşkilatını qura bilər.

– Əli İnsanovun hakimiyyətin Qərbi Azərbaycanlılardan ibarət elektoratını parçalayacağına dair fikirlər nə dərəcədə realdır?

– Siz uzun illər parlament müxbiri olmusunuz. Mənim çıxışlarım da yəqin ki, yaddaşınızda qalır. 2003-cü ildə seçkilərində parlament turbunasndan çıxış etmişəm.O vaxtı da müxalifət belə bir iddia ortaya atmışdı ki, guya Qərbi Azərbaycanlılar hakimiyyətə arxa çevirir. Mən o zaman dedim ki, bir nömrəli Qərbi Azərbaycanlı elə İlham Əliyevin özüdür. Onun babaları, nənələri də o torpaqlardandır.

Mən özümü Qərbi Azərbaycanlıların adından ən çox danışmaq haqqı olanlardan biri hesab edirəm. Zəngəzurun qeyrət qalası olan Nüvədi kəndindənəm. Bizim kəndimiz 1991-ci ilə qədər ermənilərin ortasında yaşaya bildi. Halbu ki, 1988 ci ildən bütün Qərbi Azərbaycanlılar öz torpaqlarını tərk edib.

Ona görə deyirəm ki, heç kəsə icazə verilmir ki, bizim adımızdan çıxış etsin, bölmək fikrinə gəlsin. Ümumiyyətlə, Azərbaycanda hamısı qohumdur. Xahiş edərdim ki, regionçuluq söhbəti salınmasın və insanlarımızı regionlara bölməsin.

Təəssüf ki, bəzi yüksək vəzifəli adamlar ölkə başçısının ətrafında oturub, nalayiq işlərlə məşğuldurlar. Partiya üçün çalışan insanları gözdən salmaqla məşğuldurlar. Bu cür adamlar olmasaydı, narazılar da ortaya çıxmazdı. Bu gün cənab Prezidentin ətrafında elə adamlar var ki, YAP-ı, Heydər Əliyevi, İlham Əliyevi sevən insanları narazı salmaq yolunu tutub.

– Yeri gəlmişkən, Siz də YAP-ın əsas simalarından birisiniz. Neçə ildir ki, işsizsiniz?

– 10 ildir işsizəm. Fəxr edirəm ki, YAP-ın Siyasi Şurasının üzvüyəm. İşsiz olsam da belə heç zaman əqidəmə dönük çıxmaram. Baxmayaraq ki, bəzi məmurların məqsədi budur ki, dövlətə, prezidentə sadiq adamları narazı salsınlar.

Mən sevinirəm ki, son zamanlar ölkə başçısı tərəfindən ciddi addımların şahidiyik. Aparılan islahatlar xalq tərəfindən də müsbət qarşılanır.

Yəqin ki, yaxın gələcəkdə vətəndaşları dövlətdən, prezidentdən narazı salan məmurların da yola salınacağını görəcəyik.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.