Üzeyir Cəfərli Baş nazirin qərarını tənqid etdi

30-03-2019, 22:26           
Üzeyir Cəfərli Baş nazirin qərarını tənqid etdi
Teref.az olaraq ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərli Baş Nazirin qərarını sərt tənqid etdi! Üzeyir Cəfərli yazır:
Əziz dostlar!
Hörmətli həmkarlar!
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov 27 mart 2019-cu il tarixində 126 saylı bir Qərar imzalayıb.
Son bir neçə saatda sosial media üzərində bu Qərarın mahiyyəti və mənası ilə bağlı ağıllı və savadlı insanlar, uzun illər ordu sıralarında xidmət keçmiş zabit və gizirlər, müxtəlif peşə sahibləri baş sındırılar ki, bu nədi İLAHİ?!
Mən də, bu Qərarı aşağıdan yuxarıya, yuxarıdan aşağıya bir neçə dəfə oxudum, çək-çevir elədim, doğrusu axıra qəaər anlamadım ki, ölkənin Baş nazirinin imzası ilə dövriyyəyə buraxılan bu sənədlə nə demək istəyiblər, hörmətli hökumət nümayəndələri.
Bütün söz-söhbətlərə son qoymaq üçün onu dərhal qeyd edim ki, istər Baş nazirin Qərarı olsun, istər hansısa nazirin əmri, onlar heç vaxt Qanundan ÜSTÜN OLA BİLMƏZLƏR və ÜSTÜN deyillər. Əgər bu gözlənilən ərzaq pullarının qaldırılması ilə bağlı bir məsələdirsə, yenə təkrar edirəm. Bu Qərarı hazırlayan şəxslər, əvvəl gedib "Hərbi Qulluqçuların Statusu" haqqında Azərbaycan respublikasının Qanunu diqqətlə oxusunlar və ona ƏMƏL ETSİNLƏR. Üzr istəyirəm hamınızdan, yığışıblar bir qrup dost-tanış Nazirlər Kabinetinin hərbi məsələrlə bağlı şöbəsinə, və əksəriyyəti də Hərbi Qanunvericliyi dərindən bilməyən şəxslərdir. Qanunun 10-cu maddəsinin 5-ci bəndini DİQQƏTLƏ oxuyun və heç bu Qərara ehtiyac da yoxdur. Əslində bu Qərar o Qanuna TAM ZİDDİR, Hörmətli Baş nazirimizi belə çətin duruma salmaq lazım deyil. Belə Qərarı elə bir formada yazıblar ki, adam maat-məətəl qalır ki, bunu yazan görəsən nə vaxtsa hərbi xidmətdə olubmu? Olubsa, o çıxsın bizə izah eləsin ki, nə demək istəyir?
Vaxtınızı çox almamaq üçün onu qeyd edim ki, hər hansı əlavə və ya dəyişiklik ediləndə, əvvəl onu ictimai müzakirəyə çıxardırlar, sonra isə tam hazır formaya salıb, Baş nazirə imzalatdırılar, elan edirlər. Bizdə son vaxtlar, bir "xəstəlik" moda minib. Altdan-alta kimin ağlına nə gəlir, özündən bir "kəşf ortalığa" çıxarır və necə deyərlər, "bir dəli daş atır, yüz ağıllı, onu çıxara bilmir". Olmaz! Qətiyyən dövlət işində belə hallara yol verilməməlidir. Və Nazirlər Kabinetində olan hərbi şöbədə oturan yoldaşların vəzifə borclarından biri də ondan ibarətdir ki, Qəbul olunan Qərarları İctimai və ya AZTV vasitəsiylə geniş şərh və izah eləsinlər. Bu bir iş medtodu və idarəetmə mədəniyyəti olmalıdır. Necə ki, əksər ölkələrdə belə edilir.
İnanıram ki, yaxın günlərdə, Nazirlər kabinetində oturan əmilər millət qarşısında çıxıb abrokadabra dilində yazılan bu Qərarı anladacaqlar. Qanun və Qərarlar SADƏ və AYDIN şəkildə anlaşılan və başa düşülən dildə hazırlanmalıdır. Təəssüf ki, bu Qərarı hazırlayan yoldaş və cənablar, deyəsən, Azərbaycan dilinin imkanlarından çox uzaqda olanlar olublar. Bu da biz hərbçilərin , vallah bəxtindəndir.
Tanrı bizi doğma dilimizdə danışıb yazan, ancaq mahiyyətini anlamayan məmurlardan qorusun!
Aşağıda isə, həmən o "MƏŞHUR Qərarı" diqqətinizə çatdırıram.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
№ 126 Bakı şəhəri, 27 mart 2019-cu il

“Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 423 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 860; 2012, № 12, maddə 1351; 2016, № 7, maddə 1343, № 9, maddə 1585; 2017, № 4, maddələr 620, 643) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin.


Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.