Milli Şura Müsavatın ardından Qarabağ Komitəsinə də “əlcək atdı”... - QALMAQAL

5-04-2019, 09:04           
Milli Şura Müsavatın ardından Qarabağ Komitəsinə də “əlcək atdı”... - QALMAQAL
Milli Şura ilə Qarabağ Komitəsi (QK) arasında gərginlik yaranıb. Buna səbəb QK-nın aprelin 20-nə “Qarabağa azadlıq!” şüarı ilə aksiya təyin etməsidir.

Komitə bu qərarı aprelin 3-də keçirdiyi iclasda qəbul edib və iclas sosial şəbəkələr, bir sıra media orqanları üzərindən canlı yayımlanıb. QK-nın mitinq qərarından saatlar sonra MŞ-nin aprelin 6-na təyin etdiyi aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti rədd cavabı verib. Əsasən Əli Kərimlinin lider olduğu AXCP-dən ibarət olan MŞ isə dərhal aprelin 20-də komitə ilə eyni saatda, eyni məkanda (Məhsul stadionu") aksiya təyin edib. Bu da sosial şəbəkələrdə ciddi gərginlik yaradıb. Artıq komitənin aprelin 13-də mitinq keçirməsi məsələsi gündəmə gəlib.

QK-nın təsisçilərindən olan AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”da məsələyə bu cür aydınlıq gətirdi: “Qarabağ Komitəsi aprelin 3-də keçirdiyi iclasda aprelin 20-nə aksiya təyin edib. Bu qərardan saatlar sonra Milli Şuranın aksiyasına icazə verilməyib və onlar da bizim təyin etdiyimiz günə aksiya təyin ediblər. Gərək belə mitinqlərin günü müəyyənləşdiriləndə siyasi qüvvələr diqqətli olsunlar. Çünki belə hallar cəmiyyətdə də çaşqınlıq yarada bilər. Qarabağ məsələsi ümummilli məsələdir. Komitənin təyin etdiyi günə mitinq təyin etmək siyasi etiket baxımından uyğun deyil. Ümid etmək istəyirəm ki, onlar informasiyasızlıqdan belə qərar veriblər.

Amma Qarabağ məsələsi daha önəmli olduğu üçün buna daha həssas yanaşmaq lazımdır. Güman edirəm ki, növbəti aksiyalar təyin ediləndə daha diqqətli olarlar. Qarabağ Komitəsinin növbəti iclasında yəqin bununla bağlı diskussiyalar olacaq. Ümumi qərar nə olacaqsa, onu da qəbul edəcəyik. Razılığa gəlinsə, mitinq günü də təyin oluna bilər. Amma aprelin 20-i qərarı dəyişdirilməyə də bilər. Adətən hakimiyyət mitinqlərə icazə verməyə həvəsli deyil. Bizim üçün əsas məsələ Qarabağ probleminin gündəmdə saxlanılmasıdır. Hər hansı qüvvələrlə siyasi polemikaya girməyi indiki şəraitdə məqsədəuyğun hesab etmirik”.

QK-nın daha bir təsisçisi, AXP sədri Pənah Hüseyn MŞ-nin qərarı ilə bağlı öz facebook profilində status paylaşıb: “Qarabağ Komitəsinin ümumi toplantısında 20 aprel tarixində Qarabağa azadlıq şüarı ilə mitinqin keçirilməsi barədə müraciət haqqında qərar qəbul edilib. Qərarın qəbul edildiyi toplantı Xural.com-da və facebookda canlı yayınlanıb. Bir qədər əvvəl məlumat keçdi ki, həmin tarix və yerə Milli Şura da mitinq təyin edib. Əgər bu doğrudursa, anlaşılmazlığın aradan götürülməsi və müraciətlərə rədd cavabı verilməsinə bəhanə verməmək üçün keçirilməsi istənilən mitinqin birinin tarixini dəyişmək məqsədəuyğundur. QK- nin mitinq müzakirələrində 13 aprel tarixinin də səsləndiyini nəzərə alaraq təklif edirəm ki, Qarabağ Komitəsinin İdarə Heyəti gec olmayaraq müzakirə keçirib 13 aprel və ya başqa tarixə müraciət haqqında qərar versin və müraciəti göndərsin”.

Qeyd edək ki, bundan öncə də Müsavat Partiyası ilə MŞ arasında mitinq qarşıdurması yaranmışdı. Ona səbəb də Müsavatın 7 aprelə təyin etdiyi yürüş mitinqin ardından MŞ-nin 6 aprelə aksiya təyin etməsi olmuşdu. Artıq hər iki aksiyaya icazə verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.