Tanınmış vəkil prezidentin fərmanından danışdı - məhkəmə sistemində görülməsi vacib işlər

6-04-2019, 08:52           
Tanınmış vəkil prezidentin fərmanından danışdı - məhkəmə sistemində görülməsi vacib işlər
Əsabəli Mustafayev: “Müştəri ilə hakimləri bağlayan halqalar qaldıqca korrupsiya halları da qalacaq...”
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərman gündəmin mövzularından biridir. Fərmanla hakimlərin sayı 200 nəfər artırılacaq, sahibkarlıq fəaliyyəti ilə əlaqədar ixtisaslaşmış məhkəmələr yaradılacaq, hakimlərin maaşı yüksəldiləcək, məhkəmə iclaslarının audioyazısı aparılacaq və s. Fərmanda məhkəmə sədrlərinə, hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və məhkəmələrə etimadın möhkəmlənməsindən ötrü fəaliyyətlərində ədalətli olsunlar.

Tanınmış vəkil Əsabəli Mustafayev sənədlə bağlı ümidli danışdı: “Təqribən 2-3 həftə qabaq sizin qəzetə müsahibəmdə bildirmişdim ki, məhkəmə-hüquq islahatını görürəm. Çox yaxşı haldır ki, orada qeyd etdiklərim bu fərmanda əksini tapıb. Əlbəttə, mən demirəm ki, fikirlərim əsasında bunlar olub. Sadəcə, o müsahibədə geniş yayılmış fikirlər ümumiləşmişdi. Fərmanda korrupsiya ilə mübarizənin gücləndirilməsi öz əksini tapıb. Hakimlərin müstəqilliyinin artırılması da qeyd olunub. Təkliflərdən biri məhkəmələrin audioyazısı əsasında aparılmasıdır. Sadaladığım məsələlər çox müsbətdir. İşləyəcək hallar olacaq. Tutaq ki, audioyazının aparılması məhkəmələrin saxtalaşdırılmasının qarşısını alacaq. Çünki o audioyazı iş materiallarına tikiləcək. Hakimlərin sayının artırılması qərarının özü də çox yaxşı haldır. Çünki hakimlərin iş yükü çox ağırdır. Bunlar da işlərin keyfiyyətsiz araşdırılmasına, tələm-tələsik qərar çıxarılmasına yol açırdı. Hakimlərin sosial təminatlarının gücləndirilməsi da müsbət haldır. Korrupsiyanı yığışdırmaq istəyiriksə, onların maaşlarını yüksəltmək lazımdır. Pulsuz hüquqi yardımla bağlı vəsaitlərin Vəkillər Kollegiyasına köçürülməsi müsbət qərardır. Çünki əvvəllər bunlar hakimin qərarı ilə olurdu və nəticədə vəkillər onlardan asılı vəziyyətə düşürdü. Vəkil gedib onlardan arayışı xahiş edirdi, yazdırırdı. Bu hallar fərmanla aradan qaldırılacaq. Bu formatın nə qədər işləyəcəyi, məhkəmə-hüquq sistemində nə qədər dəyişikliklərin olacağını indidən demək çətindir. Məsələ ondadır ki, fərmanın icrasını əsasən o qurumlar aparacaq ki, bu problemləri məhz onlar yaradıb.

Məhkəmə sistemində korrupsiyanın aradan qaldırılması bir günün məsələsi deyil. Çünki illərlə korrupsiya məhkəmə sistemində özünə yer tapıb. Aydın məsələdir ki, birdən-birə bunu aradan qaldırmaq mümkün olmayacaq. Əgər korrupsiya yığışdırılmasa, digər məsələlərdən danışmaq yersiz olacaq. Korrupsiyanın da aradan qaldırılması üçün məhkəmə fəaliyyətinin şəffaflığını təmin etmək lazımdır. Donorlar QHT-ləri yönəltməlidirlər ki, məhkəmələrin monitorinqini aparıb hesabatlar hazırlasınlar. Müxaliflərin marağında olmalıdır ki, məhkəmələrdə iştirak etsinlər, bunu ictimaiyyətə çatdırsınlar. İctimai nəzarət formalarını inkişaf etdirmək lazımdır. Belə olan halda korrupsiya halları da azalar. Fərmanda bir bənd var və şəxsən mənim fəaliyyətimlə bağlıdır. Orada qeyd olunur ki, Vəkillər Kollegiyası vəkillərin istintaq orqanları, məhkəmələrlə əlaqələrinin aradan qaldırılması üçün tədbirlər işləyib hazırlasın. Bu, o deməkdir ki, əgər məhkəmələrdə korrupsiya faktları yayılıbsa, bunun daşıyıcılarından biri də vəkillərdir. Çox təəssüflər olsun ki, praktikada da belədir. Bu cür hallara qarşı mübarizə gücləndirilməlidir.

Müştəri ilə hakimləri bağlayan halqalar olmasa, korrupsiya hallarını aradan qaldırmaq mümkün ola bilər. Fərmanla Vəkillər Kollegiyasının üzərinə böyük vəzifələr qoyulub. Əgər tədbirlər görülərsə, müəyyən dərəcədə məhkəmə sistemindəki korrupsiyanı aradan qaldırmaq olar. Vəkillərin məhkəmə-hüquq sistemindəki rolunu artırmaq üçün müəyyən işlərin görülməsinə ehtiyac var. Məsələn, Vəkillər Kollegiyasına pulsuz hüquqi yardımın köçürülməsi o demək deyil ki, keyfiyyət artımı olacaq. İnzibati işlərdə vəkil kimi çox iştirak etmişəm. Onların çoxlarında təyinatla olan vəkillər olur. Amma o işlərin heç birindən vəkillər apelyasiya şikayəti vermirlər. Yəni formal olaraq iştirak edirlər. Vəsaitləri alırlar, amma vəzifələrini yerinə yetirmirlər. Təyinatla təyin olunan vəkillərin işlərinin monitorinqini aparmaq lazımdır ki, insanlar bu yardımın göstərilməsindən razı olsunlar. Vəkillərin rolunun artması məhkəmə-hüquq sisteminin inkişafına da böyük təsir göstərəcək”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.