İngilis mediasının iftiraları: hansı deputatlarımız nankorluq elədi? – Adlar
30-05-2019, 18:56
Britaniya mətbuatı Azərbaycana qarşı nankorluq elədi. Tarixində ilk və hələ ki son dəfə dünya çempionluğunu ona nəsib etmiş azərbaycanlı hakim Tofiq Bəhramovun vətəninə qarşı qərəzli kampaniya başlatdı.
İngiltərənin nüfuzlu nəşrləri ölkəmiz əleyhinə nələr yazmadılar: bp-nin 1994-cü ildən bəri rahat şəkildə neftimizi sümürüb apardığı halda yadlarına birdən düşdü ki, Azərbaycan təhlükəli ölkədir.
Təbii ki, əsassız, yersiz, qərəzli kampaniyanın arxasında hansı niyyətlər dayandığı, Bakıya təzyiq göstərmək məqsədi güdüldüyü göz qabağındaydı. Qərbdəki müəyyən dairələr, İngiltərənin bəzi mərkəzləri tərəfindən təşkil edilmiş qara piar kampaniyası ilə əslində heç nəyə nail olmadılar.
Bu gün Bakı möhtəşəm Avroliqa finalına şahidlik edəcək, şəhərimiz turistlərlə doludur, sabitlikdir, təşkilatçılıq yüksək səviyyədədir. Lakin bu hadisələrin başqa bir rakursu Azərbaycandan İngiltərəyə verilən cavabların əhəmiyyətidir.
Reportyor.info xəbər verir ki, İngiltərə mediası bizə qarşı necə nankorluq elədisə, eyni nankorluğu parlamentdəki əksər deputatlar hakimiyyətə qarşı göstərdilər. Sual oluna bilər ki, millət vəkilləri iqtidara qarşı hansı pisliyə yol veriblər.
Bu sadə suala qısa bir cavab var – Azərbaycan əleyhinə başladılan kampaniyaya sərt reaksiya bildirmədilər, susdular, Mxitariyan məsələsində səslərini çıxarmadılar, ölkəmizi, dövlətimizi müdafiə eləmədilər.
İngiltərənin “The İndependent” qəzeti iftiralar, böhtanlar yağdırdı, guya Bakıda və Sumqayıtda ermənilər vəhşicəsinə öldürülüb, guya indi bizdə 100 erməni belə yaşamır. Lakin demədilər ki, 30 mindən çox erməni Azərbaycanda yaşadığı halda İrəvanda 10 azərbaycanlı belə yoxdur.
Demədilər ki, Sərkisyan kimi terrorçular Xocalıda körpələrimizi, qadınlarımızı, gəlinlərimizi hansı işgəncələrlə qətlə yetirib, soyqırımı ediblər.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan ingilis nəşərlərinin yalan və iftiralarına lazımı cavabı verə bilmədi, bir növ müdafiəmiz zəif təşkil edildi. Çünki hakimiyyətə və Azərbaycan xalqına qarşı bu böhtanlara deputatların bir çoxu münasibət bildirmədilər.
Nə üçün onlar müxtəlif media səhifələrində prezidentin uğurlu idman siyasəti, ölkəmizin turizm məmləkətinə çevrilməsi, Mxitariyan şousu və Britaniya mediasının yalanları barədə danışmadılar?
Hansı deputat məqalə yazıb, onu ingiliscəyə çevirib xarici media orqanlarında çap etdirdi? Bəs bu mandat sahibləri nə zaman Azərbaycanı, hakimiyyəti müdafiə edəcəklər? Onlara mandat yalnız bizneslərinin toxunulmazlığı üçün verilib?
Axı bu dəfə iqtidar əleyhinə yox, ümumilikdə xalqa, dövlətə, tariximizə qarşı hədyanlar yazıldı, gözdənsalma kampaniyası aparıldı. Diqqət edin, 4 ildə 4 dəfə səsi çıxmayan deputatlardan hansı danışdı, üsyan etdi?
İngiltərə mediasının Mxitariyanla bağlı qurduğu qərəzli kampaniyaya susan deputatlar bundan əvvəl də xaricdəki bəzi qrupların, söyüş müxalifətinin fəaliyyətinə susanlar idi.
Kimlərdir onlar? – özü və oğlu üçün xanədan yaratmış, kəşkəşanlı biznes imperiyasına malik olan deputat İmamverdi İsmayılov, “Karat” holdinq sahibi olan Əsabil Qasımov, milyonlara sahiblənmiş Hacı Salayev, eləcə də dərman bazarında oliqarx Cavanşir Feyziyev, aptek biznesində ad çıxarmış daha bir deputat – Kamalədin Qafarov, “Ştutqart” mağazalarından tutmuş restoranlara qədər sahib olduğu Nəriman Əliyev, un alverçisi Tahir Süleymanov, Şamaxıda, Bakıda geniş biznes təsərrüfatı olan Elxan Süleymanov və digərləri bircə dəfə parlamentdə, mətbuatda ağızlarını açıb danışmırlar, Azərbaycanı, xalqı, prezidenti müdafiə eləmirlər.
Reportyor.info xəbər verir ki, bu siyahını davam etdirmək də olar. Diqqət edin, Beyləqandan Şahin İsmayılov, Laçından Mahir Abbaszadə, Xaçmazdan Eldəniz Səlimov, Gəncədən Xanlar Fətiyev, Lənkərandan Rüfət Quliyev, habelə Ağalar Vəliyev, Yasamaldan Elşad Həsənovun fəaliyyəti nədən ibarətdir?
Bu şəxsləri oxucuların çoxu belə tanımır ki, deputatdırlar, millətin vəkilləridirlər. Millətə qarşı xaricdən hər cür təzyiqlər var, dövlətin əleyhinə ermənipərəst dairələr iş aparır, amma millət vəkili adını daşıyan mandat sahiblərinin başı biznesə qarışıb.
Bu deputatlar nə xalqa, nə prezidentə lazımdır. Böyük ehtimallar onların əksəriyyəti 2020 seçkilərində parlamentə düşməyəcəklər. Məsələn, İmamverdi İsmayılovun yaxud Kamalədin Qafarovun, həmçinin Mahir Aslanovun, Madər Musayevin bu günə kimi hansı xidmətləri, fəaliyyəti olub?
Amma internetə axtarış ver, adları müxtəlif neqativ hadisələrdə, biznessə və s. hallanır. Niyə siyasiləşmiş deputat yox, biznesmen deputat adını qazanmalıdırlar?
Axı Milli Məclis qanunverici orqandır, sahibkarlıq fondu deyil. Misal üçün, Sabirabadın deputatı Rüstəm Xəlilovun səsini eşidən belə olmayıb. Lerikdən deputat İqbal Məmmədov heç vaxt hakimiyyəti müdafiə etməyib, xaricdəki bəzi qüvvələrə cavab verməyib. Ona görə ki geniş biznesi var, siyasətlə məşğul olmağa vaxt tapa bilmir.
Gədəbəydən Sevinc Hüseynova, Tovuzdan Ülviyyə Ağayeva, Qazaxdan Kamran Nəbizadə, Zaqataladan Kamilə Əliyeva ingilis mətbuatının çirkab dolu ittihamlarına niyə münasibət bildirmədilər? Bəs deputatın işi danışmaq deyilsə, nədir?
Bu siyahı ucdantutma sübut edir ki, ölkənin şimal, cənub, qərb, şimal-qərb bölgəsini, yəni hər tərəfini susqun, vecsiz deputatlar əhatə edib.
O baxımdan iqtidar texnoloqları, hakimiyyətdəki ideoloqlar analiz aparmalıdırlar, 2020 seçkisindən sonrakı Milli Məclis xarici dil bilən, siyasətçi, hüquqşünas, iqtisadçılardan təşəkkül tapmalıdır.
Eyni zamanda Qərb təhsilli olan, ölkəmizi beynəlxalq konfranslarda təmsil etməyi bacaran, hansısa anti-Azərbaycan mərkəzlərinin kampaniyası başlayanda layiqli, faktlarla cavabını vermək intellektinə malik şəxslər parlamentdə deputat adını daşımalıdırlar.
Bu siyahı isə çox utancvericidir və Britaniya mediasının mövsümi kampaniyası isbat etdi ki, onlara “davay do svidaniya” deməyin vaxtı çoxdan çatıb…