Növbəti erməni həyasızlığı: "Nə lazımdırsa Artsax xalqı edib, bircə tanınması qalıb...”
31-05-2019, 19:32

Qarabağ cəbhəsində Azərbaycan hərbi qulluqçusunun vurulmasını inkar edən erməni tərəf, həyasızcasına bu hadisəni qarşı tərəfin özünün törətdiyini və guya “yüksək səviyyədə Əliyev- Paşinyan görüşünün baş tutmaması üçün” Azərbaycan tərəfinin təxribatı olduğu haqqında məlumatlar yaymaqda davam edirlər.
Bu gün Ermənistan parlamentində bu hadisəyə bir sıra deputatlar münasibət bildirib. “Çiçəklənən Ermənistan” partiyasının lideri, milyarder Qaqik Tsarukyanın bəyanatı belə olub:” Qarabağ problemi bizim üçün həll olunub və bağlanıb. Yalnız Artsaxın beynəlxalq tanınması məsələsi qalıb”.
“Bizim bu barədə üçün heç bir qayğımız yoxdur, nə lazımdırsa Artsax xalqı edib, bircə tanınması qalıb” - Tsarukyan vurğulayıb.
Dağlıq Qarabağın danışıqlarda iştirak məsələsinə toxunan Tsarukyan hesab edir ki, elə bu cür də olmalıdır. “Artsax müstəqil dövlətdir, onlar həmişə danışıqlarda iştirak ediblər, indi rəsmi qaydada olmalıdır, ona görə ki, artıq əsas məsələ həll olunub”.
Erməni parlamentində təmsil olunan bir partiya liderinin bu cür arxayın və qəti danışması heç nədən bəhrələnə bilməz. Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini Xankəndi və ətrafında arxayın yaşayan separatçılar hiss etmədikcə, bu cür bəyanatların birini də yaxınlarda adını vasitəçilər qoyan ATƏT-in Minsk Qrupu da bəyan etsə heç kəs təəccüblənməsin. Qarabağ münaqişəsində bizim mövqelərimizin getdikcə zəifləməsi prosesi açıq hiss olunur. O dərəcədə ki, cəbhə xəttində Azərbaycan hərbi qulluqçusunun öldürülməsini də bizim öz ayağımıza yazırlar və düşmənin parlamentində Qarabağ probleminin artıq həll olunduğu haqqında bəyanat səsləndirirlər. İndiki situasiyaya baxanda şübhələnməmək mümkün deyil. Belə deyilsə, Azərbaycan silahlı qüvvələri sözünü deməlidir.
Moderator.az