Elçibəyə qarşı hərbi qiyamdan 26 il ötür – FOTOLAR
4-06-2019, 08:09
1993-cü il 4 iyun hadisələrinin 26-ci ili tamam olur. Həmin vaxt Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi, Rusiya dəstəkli hərbi qüvvə Elçibəy hakimiyyətinə qarşı qiyam qaldırdı. Məlum hadisə nəticəsində qiyamçı hərbi qüvvələrlə hökumət qüvvələri arasındakı toqquşmada ümumilikdə 35 nəfər həlak olub.
“Gəncə hadisələri” kimi tarixə düşən 4 iyun olayı Azərbaycanda Elçibəy hakimiyyətinin yıxılması ilə nəticələnib.
Hələ 1993-cü ilin fevralında prezident Əbülfəz Elçibəy 709 saylı hərbi hissənin ləğvi haqqında sərəncam vermişdi. Ancaq bu sərəncamı həmin hissəyə faktiki rəhbərlik edən Sürət Hüseynov icra etməkdən imtina etmişdi.
Sürət Hüseynov bəyan edirdi ki, əgər Qarabağda komandanlıq ona verilməsə və 709 saylı hərbi hissə bərpa edilməsə, ermənilər Gəncəni tutacaq. Prezident Gəncənin müdafiəsi və Sürət Hüseynovu neytrallaşdırmaq məqsədi ilə Sürət Hüseynovun yaxın adamlarından biri həmin hissəyə komandir təyin etdi…
Ancaq bu sərəncamdan heç bir ay keçməmiş Sürət Hüseynov prezidentə yazılı ultimatum göndərərək onu tanımadığını açıqca bəyan etdi…
Prezident 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni bir sərəncam verdi. Gəncədə bu sərəncamı da yerinə yetirməkdən imtina etdilər, üstəlik ora gələn hüquq mühafizə orqanlarının rəhbər şəxsləri girov götürüldülər.
Şahidlərin deməsinə görə, 709 saylı hərbi hissəyə silahlarının «maqazin»lərini təhvil verib geri qayıtmaq istəyən Prezident Qvardiyasının komandiri və 18 əsgər avtobusdaca gülləbaran edildi. Bu isə Azərbaycanın həmin vaxt qüvvədə olan qanunvericiliyinə görə hakimiyyəti zorla ələ alma və ya saxlama-yəni bir sözlə qiyam adlandırılırdı.