"AzTV bu savaşın lokomotivi olmaq istiqamətində inadkar mövqe sərgiləməyə başlayıb"
6-06-2019, 09:37
Millət vəkili Qənirə Paşayeva Moderator.az-a açıqlamasında mənfur qonşularımızla informasiya savaşında medianın və telekanalların üzərinə düşən vəzifələrdən bəhs edərkən son zamanlar AzTV-də yaşanan müsbət dəyişiklikləri də təqdir edib:
"Bir neçə gün öncə Azərbaycan daha bir igid övladını itirdi və mənfur düşmənin xain gülləsi iki gül balamızı atasız qoydu. İllərdi, əsrlərdi dünyanı uydurmaları ilə, fitnə-fəsadları ilə yedizdirməyi bacaran nankor qonşularımız Şəhid mayorumuza yas tutmağa da imkan vermədilər, snayperlə qətl etdikləri mayorumuzun guya öz silahdaşları tərəfindən vururlduğunu iddia edən alçaqlığa da getdilər. Bunları xatırlatmaqda məqsədim odur ki, necə qorxulu və mənfur bir düşmənlə üz-üzə olduğumuzu və təkcə səngərlərdə deyil, həm diplomatik platformalarda, həm də informasiya savaşında vuruşmaq zorunda qaldığımnızı ilk növbədə gənc nəsilə çatdırmaqdır.
Bu baxımdan müasir dünyanın ən populyar informasiya vasitələri ilə silahlanaraq hər birimiz Vətən torpaqlarının işğaldan azad olunması naminə müsəlləh əsgər olmalıyıq. Bu baxımdan onlayn media resursları və telekenalların imkanları intəhasızdır. Etiraf edək ki, dövran dəyişsə də televiziyalar hələ də vazkeçşilməz silah rolu oynamaqda dominantlıq etməkdə davam edir.
Azərbaycanda bir çox özəl telekanallar fəaliyyət göstərir və onlar bacardıqları qədər Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini müxtəlif platformalarda və dillərdə dünyaya çatdırmağa çalışırlar. Bu baxımdan doğma televizyamız olan və bizim kimi orta və yaşlı nəsilin həyatında silinməz izlər buraxan Azərbaycan Televiziyasının yeni dizayn və libasda, cəlbedici təqdimatlarda, çeşidli proqramlarda tamaşaçılarımızın hüzuruna gəlməsi çox sevindiricidir. Biz bu gözəl Vətənin reallıqlarını, qonaqpərvərliyimizi, çoxmədəniyyətliliyimizi, misilsiz tolerantlığımızı, xalqımızın bənəzrsiz mənəvi keyfiyyətlərini daim, usanmadan-yubanmadan həm daxili çoxmillətli auditoriyamıza, həm də bizi səmimi olaraq yaxından tanımaq istəyən əcnəbilərə təqdim etməliyik. Bunun üçün teleməkan çox böyük imkanlar pəncərəsidir. Bu pəncərədən dünyaya haqlarımızı, unikallığımızı, üzləşdiyimiz xain təcavüzü, onun ağır nəticələrini hayqırmalıyıq və çox sevinirəm ki, AzTV bu savaşın lokomotivi olmaq istiqamətində inadkar mövqe sərgiləməyə başlayıb. Mən Azərbaycanımızın müasir dövrün çağırışlarına cavab verən gəncliyə şanslar verilməsini alqışlamaqla bərabər bu siyasətin çox uğurlu nəticələr verəcəyinə inanıram və cənab Prezident İlham Əliyevin, Birinci Vitse - Prezident Mehriban xanım Əliyevanın Azərbaycanı dünyanın ən gözəl ölkələrindən birinə çevirmək istiqamətindəki yorulmaz fəaliyyətlərinin tezliklə Qarabağ münaqişəsinin həllində də parlaq nəticələr verəcəyinə şübhə etmirəm. Biz hamımız bu siyasətin əsgərləri kimi üzərimizə düşəni etməliyik və bu siyasətin zəfər çalması üçün bütün imkanları səfərbər etməliyik. Ümid edirik ki, tezliklə torpaqlarımızın işğaldan azad olunması xəbərini də AzTV - dən eşidəcəyik! Mən bu telekanaldakı dostlarımızı cənab Prezidentimizin etimadını doğrultduqlarına görə təbrik edirəm və onlara bu ağır informasiya savaşında əyinlərindəki əsgər libasına daha geniş ürəklə sarılmalarını arzu edirəm!
Paylaş: