Anjey Kasprşikdən işğalçı rejimə dəstək - Monitorinq niyə baş tutmayıb?
27-07-2019, 09:52
İyulun 25-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in müşahidə missiyasının monitorinqinin baş tutmamasının səbəbi məlum olub.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi razılaşdırılmışdı. Lakin son anda Ermənistan tərəfinin təxribatı nəticəsində monitorinq baş tutmayıb. Ermənistan da yaranmış vəziyyətə görə öz növbəsində Azərbaycanı ittiham edir. Lakin Ermənistan mediasının yaydığı məlumatdan təxribatın həqiqətən işğalçı tərəfin fəaliyyəti nəticəsində törədildiyi ortaya çıxıb.
Məlum olub ki, ATƏT-in təmas xəttinin əks tərəfindəki nümayəndələrinin təxribata rəvac verməsi Azərbaycan Müdafiə Nazirlyini təmsil edən müşahidəçilərin monitorinqdən imtina etməsi ilə nəticələnib.
Belə ki, Ermənistan ordusunun mövqelərindən monitorinqin aparılması üçün əraziyə ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kasprşik və onun Moldovadan olan səhra köməkçiləri Gennadi Tetrik və Mixail Olaru gəlib.
Azərbaycan tərəfindən isə müşahidə missiyasının həyata keçirilməsində ATƏT sədrinin fəaliyyətdə olan şəxsi nümayəndəsinin Bosniya və Hersoqovinadan olan səhra köməkçisi Oqnen Yoviç, eləcə də Britaniyadan olan xüsusi köməkçisi Saymon Tiller iştirak etməli idi.
Lakin son anda Azərbaycan tərəfi monitorinqin aparılmasından imtina edib. Buna səbəb təmas xəttinin əks tərəfində ATƏT-in monitorinq qrupunu Ermənistan Müdafiə Nazirliyinin müşahidə etməməsi olub. ATƏT-in təmsilçilərinin yanında özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qondarma rejimin “xarici işlər və müdafiə nazirlikləri”nin nümayəndələri dayanıb. Ermənistan tərəfinin bu təxribatını görən Azərbaycan tərəfi montorinqin keçirilməsindən imtina edərək geri qayıdıb.
ATƏT-in xüsusi nümayəndəsi Anjey Kasprşikin və onun səhra köməkçilərinin Dağlıq Qarabağdakı hərbi xuntanı ayrıca münaqişə tərəfi kimi monitorinqə cəlb etməsi isə yalnız Ermənistanın işğalçılıq siyasətini ört-basdır etmək cəhdi kimi qiymətləndirilə bilər. Bu da Anjey Kasprşikin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə növbəti hörmətsizliyidir.