Seçki prosesində son durum - yeni namizədlər
26-12-2019, 08:39
Növbədənkənar parlament seçkilərinə qatılanlardan imza vərəqələrini təhvil verənlər də var
Bu gündən etibarən 2020-ci il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq seçiciyə müvafiq dairə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılacaq.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 101.2-101.4-cü maddələrinə əsasən, səsvermə gününə 45-25 gün qalanadək müvafiq dairə seçki komissiyaları tərəfindən seçiciyə qeydiyyatdan bu vəsiqələrin verilməsinə başlanılmalıdır.
Səsvermə vəsiqələrinin verilməsi 2020-ci il yanvarın 15-dək davam edəcək.
Qeyd edək ki, namizədliyin irəli sürülməsi prosesi hələ də davam edir. Yanvarın 10-na qədər hər kəs iddiasını irəli sürüb, imza vərəqələrini götürüb doldurmalı və DSK-ya təqdim etməlidir. DSK-lar 5 gün ərzində vətəndaşın namizədlik sənədinə baxıb cavab verməlidir. Bu baxımdan hər keçən gün iddiaçıların sayı kütləvi şəkildə artır. Onların sırasında tanınmış şəxslər daha çox diqqət çəkir, müzakirələr doğururlar.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, V Çağırış Milli Məclisin deputatı Qüdrət Həsənquliyev namizədliyini 36 saylı Xətai dördüncü seçki dairəsindən irəli sürüb. Bu da ciddi suallar yaradıb. Çünki partiya rəhbəri ötən parlament seçkilərində 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən deputat seçilib.
Onun hazırda namizədliyini irəli sürdüyü dairəni YAP-çı deputat Səməd Seyidov təmsil edirdi.
S.Seyidov Q.Həsənquliyevin seçiminə münasibət bildirərkən deyib ki, hər kəs istədiyi dairədən namizədliyini irəli sürə bilər: “Qüdrət Həsənquliyevin istənilən dairədən namizədliyini vermək imkanı və hüququ var. Buna qarşı çıxmaq doğru hal deyil”.
Q.Həsənquliyevin dairəsini dəyişdirməsinin səbəbi və partiyanın seçkiyə hazırlığı ilə bağlı sherg.az-a danışan BAXCP sədrinin müşaviri Azər Qasımov növbədənkənar parlament seçkisinə 32 namizədlə qatılacaqlarını deyib: “Bu, Qüdrət bəyin şəxsi təşəbbüsüdür. Partiyada hər iddialı şəxs özünün məqbul bildiyi dairədən namizədliyini verib. Yəni partiya rəhbərliyinin namizədlərə heç bir xüsusi göstərişi olmayıb. Əslində seçkiyə daha çox namizəd vermək imkanımız var idi. Lakin İdarə Heyətinin iclasında belə qərara aldıq ki, daha çox keyfiyyətə üstünlük verək, nəinki kəmiyyətə. Daha yaxşı seçki kampaniyası aparmaq üçün layiqli namizədlərlə seçkiyə getməyi düşünürük. Ona görə də qüvvələrimizi səfərbər etmişik. Qüdrət bəyin BAXCP tərəfindən namizədliyi verilib, dairə isə öz istəyidir”.
Vəhdət Partiyasının sədri, V Çağırış Milli Məclisin deputatı Tahir Kərimli də seçkilərdə iştirak edəcək. O, namizədliyini ötən seçkilərdə olduğu kimi, bu dəfə də 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən irəli sürüb.
Bu barədə sherg.az-a Vəhdət Partiyasının mətbuat xidmətinin rəhbəri Coşqun Kürçaylı deyib.
Partiya sözçüsü bildirib ki, növbədənkənar parlament seçkisi ilə bağlı partiya bir sıra qərarlar alıb: “Partiyanın Baş Məclisi sədr Tahir Kərimlinin namizədliyinin irəli sürülməsi, digər namizədlərin partiyanın Siyasi Şurası tərəfindən müəyyən edilməsi barədə qərar qəbul edib. Artıq imzatoplama kampaniyasına start verilib. Digər namizədlərin müəyyən olunması ilə bağlı problem yoxdur. Bu məsələ Siyasi Şuraya həvalə edilib”.
“Vətəndaş” İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Günel Səfərova da deputatlığa namizədliyini irəli sürüb.
O, 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizəd olub. Bu barədə G.Səfərova özünün facebook profilində məlumat verib: “30 ildir Binəqədi rayonunda yaşayıram, bu rayonun, seçicilərin problemləri ilə təkcə tanış deyiləm, mən də o problemləri yaşamışam, həm də onları həll etmək üçün çalışmışam. Mənim sosial bazam olan gənclər və dəstək qrupum seçkidə iştirakımı istəyir. Şəffaf seçki keçirilərsə, çox maraqlı seçki kampaniyası aparacağımıza və qalib olacağıma da əminəm. Bu seçkiyə 2015-ci ildən fərqli olaraq daha təcrübəli gedirik, komanda və yeni kampaniya ilə. Narahat dostlarıma xatırladım ki, əgər hər hansı xoşəgəlməz situasiya olarsa, mən o prosesdə olmayacam. Qələbə bizim olsun. Hər şey vətəndaş üçün. Fərqimizi vətəndaş bilir”.
İddiasını irəli sürənlərdən biri də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevdir. O, 122 saylı Xankəndi Seçki Dairəsindən Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək.
“31 saylı Suraxanı 2-ci seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm”.
Bu barədə təhsil eksperti Etibar Əliyev facebook profilində paylaşım edib: “Azərbaycan təhsilini və elmini parlamentdə layiqli təmsil etmək üçün bunu etdim. Bir də kənardan gəlib buradan mandat aparanlardan fərqli olaraq, artıq 30 ildir ki, bu dairənin ərazisində yaşayıram və buraların problemlərini çox gözəl bilirəm”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da iddiasını açıqlayıb. Bu barədə musavat.com-a QAT-ın mətbuat xidməti məlumat verib. Məlumatda deyilir ki, A.Nağı 9 saylı Binəqədi seçki dairəsindən parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb. O, dekabrın 25-də namizədliyinin qeydə alınması üçün dairə seçki komissiyasına ərizə ilə müraciət edib.
Əməkdar artist Elza Seyidcahan da namizədlər sırasındadır. Bu barədə unikal.org-a müğənninin özü məlumat verib.
O, bildirib ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb: “Mən həmin dairədən 2015-ci ildə namizədliyimi irəli sürmüşdüm. Allahın köməyi ilə qismət olarsa, həmin dairədən deputat olmaq istəyirəm. Mən 2015-ci ildəki ”Nə gec, nə tez, tam zamanında gəldim" şüarımla seçkilərə qatılıram".
Dekabrın 25-də parlament seçkilərində iştirak üçün yaradılan “Hərəkət” seçki blokunun təqdimatı keçirilib. Blok gənc müxalifət fəalları tərəfindən yaradılıb.
Bloka REAL-ın keçmiş üzvü Azər Qasımlı, blogqer Mehman Hüseynov, NİDA üzvü Turqut Qəmbər, Rəbiyyə Məmmədova, Elgiz Qəhrəman və başqaları daxildirlər.
Beşinci çağırış Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun növbədənkənar parlament seçkilərinə qatılmayacağı barədə bəzi xəbərlər yayılıb.
Modern.az saytı yayılan xəbərləri dəqiqləşdirmək üçün onun özü ilə əlaqə saxlayıb.
V.Ələsgərov saytın əməkdaşı ilə söhbət əsnasında bu barədə ətraflı danışmaq istəməyib: “Seçkilərə qatılıb-qatılmamaq şəxsi məsələdir. Yaxşı olar ki, digərlərinə müraciət edəsiniz”.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri, V Çağırış Milli Məclisin deputatı Araz Əlizadənin namizədlik taleyi hələ də müəmmalı olaraq qalmaqdadır. Onun tez-tez iddiasını irəli sürəcəyi barədə məlumatlar yayılır. A.Əlizadə isə bunları təkzib etməkdə davam edir. Günlər öncə böyrəyindəki problemlə əlaqədar olaraq xəstəxanaya yerləşdirilən A.Əlizadə son olaraq, sherg.az-a səhhəti ilə bağlı danışarkən namizədlik məsələsinə də toxunub: “Hazırda özümü əla hiss edirəm. Səhhətim də normaldır. Namizdəliyimi yenidən verəcəyim barədə hələ düşünməmişəm. Ona görə də seçkilərdə iştirak edib-etməyəcəyimi dəqiq bilmirəm”.
Onu da bildirək ki, artıq imza vərəqələrini doldurub, DSK-lara təqdim edənlər də var. Bunlardan biri 9 saylı ikinci Binəqədi Seçki Dairəsindən namizəd olan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevdir. O, bu barədə facebook profilində məlumat paylaşıb: “Birinci olaraq biz imza vərəqələrini seçki dairəsinə təhvil verdik.
Əminəm ki, seçkilərin birincisi də məhz biz olacağıq".