Hüquq müdafiəçiləri yeni ombudsmanla türməyə getdilər
27-12-2019, 10:18

Novella Cəfəroğlu: “Bu xanımın gəlişi çox dəyişikliklərə səbəb olacaq”
Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə əfv sərəncamının verilməyəcəyi dəqiqləşib. Eyni zamanda sərəncamın martda Novruz bayramı ərəfəsində imzalanacağı deyilir.
“Mənə də təxminən 20-yə yaxın müraciət daxil olub. Müraciətləri Prezident Administrasiyasının Əfv məsələləri sektoruna göndəririk, orada baxılır və qaydalara uyğundursa, əfv üçün müvafiq sənədlər hazırlanır” deyən Əfv Komissiyasının üzvü Rəşad Məcid qeyd edib ki, son illərdə əfv sərəncamları Novruz bayramı ərəfəsində olur: “Bu səbəbdən də düşünürəm ki, gələn il də əfv sərəncamı mart ayında olacaq. Bundan başqa, güman edirəm ki, Əfv Komissiyasının sədri yeniləcək və yeni tərkib olacaq. Yanvar ayından sonra isə yəqin ki, iclaslara başlanılacaq. Keçən il təxminən 1000-ə yaxın müraciət var idi, güman edirəm ki, yenə də o qədər müraciət olacaq”.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu əfvin olmadığına təəssüflənir: “Hesab edirəm ki, əfvi gərək parlament seçkilərindən qabaq verərdilər. Çünki seçkiləri xaricdən müşahidə etmək üçün gələnlərə deyə bilərdik ki, əfv sərəncamı vermişik, bu sayda insanı azad etmişik, siyasi məhbusumuz yoxdur. Bütün bunlar seçkiöncəsi çox vacib amil olardı. Amma təəssüf ki, olmadı. Əfvin Yeni ildə olmamasının səbəblərini deyə bilmərəm”.
Hüquq müdafiəçisi son illərdə əfv sərəncamlarının adətən Novruz bayramına təsadüf etməsinə də toxundu: “Əfvin Novruzda olması son illərdə bir növ adiləşib. Bu səbəbdən də sərəncamın həmin vaxta təsadüf edəcəyini haradasa normal saymaq olar. Açığı, deyim ki, sərəncamın nə zaman olacağını bilmək bizlər üçün də çox yaxşı olardı. Bir dəfə bilsək ki, sərəncam ya martda, ya da dekabrda olacaq, biz də hazır olardıq. Çox istərdim ki, ölkəmizdə siyasi məhbuslar olmasın və əfv sərəncamları daha çox başqa kateqoriyadan olan insanlara şamil edilsin. Siyasilərdən başqa bizə yüzlərlə məhbusdan ərizələr gəlir. O məhbuslar sırasında cəzasının az hissəsi qalanlar, yaxud 10 illik cəzasından 6 ilini geridə qoyanlar, xəstə və ya ailə vəziyyəti ağır olanlar, yaşlılar var. Belə insanlar çalışırıq ki, əfv siyahısında olsunlar. Biz istərdik ki, əfv sərəncamı konkret bir ayda olsun, buna uyğun da işləyək”.
N.Cəfəroğlu hazırladıqları məhbus siyahısında hansı sayda məhkumun olmasını da açıqladı: “Bizim siyahıda 34-35 nəfər siyasi məhbus var. Elə insanlar var ki, onların əfvə düşmələri çox vacibdir. Onların da adlarını Əfv Komissiyasına təqdim edirik. Çox istərdik ki, dolğun bir əfv olsun”.
İşçi qrupunun üzvü tezliklə Əfv Komissiyasına yeni sədrin təyin olunacağını da bildirdi: “Bu post uzun müddət boş qala bilməz. Komissiyada hər kəs yerindədir. Yəqin ki, yanvarda komissiyaya sədr təyin olunar və ondan sonra iclaslar başlayar. Heyəti dəyişməzlər. Açığı, mart ayında əfvin olacağına inamım olduqca böyükdür. Bizə də deyiblər ki, əfv martda olacaq”.
Müsahibimiz sonda Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə birlikdə qadın koloniyasına baş çəkmələri barədə də məlumat verdi: “Mən və həmkarım Səidə Qocamanlı dekabrın 25-də yeni ombudsman Səbinə xanımla görüşdük. Təşəbbüs qarşı tərəfdən gəlmişdi. Onunla qadın koloniyasında olduq. Qadın məhkumlara konsert verildi. Tanınmış sənətçilərimiz orada idilər. Səmərəli tədbir oldu. Səbinə xanım məhbusların problemləri ilə maraqlandı. Çox yaxşı insandır. Onun gəlişindən sonra bu sahədə müsbətə doğru çox şeylərin dəyişəcəyinə inanırıq. Mən burada əvvəlki ombudsman Elmira xanımı pisləmirəm, yaxşı işləmədiyini demirəm. O da bu vəzifəni uğurla icra etdi. Səbinə xanım görüşümüzdə o qədər gözəl təhlillər gətirdi ki, məndə böyük ümidlər yarandı. Bu xanımın gəlişi çox dəyişikliklərə səbəb olacaq. Çox savadlı, hər şeyi başa düşən, vətənini sevən bir xanımdır. Onun gəlişinin əfv məsələsində də mühüm rol oynaya biləcəyini düşünürəm. O da bu sahədə öz sözünü deyə bilər. Səbinə xanım sözünü deyə bilən bir insandır. Onun çox adama kömək edəcəyini düşünürəm. Əfv Komissiyasında, inşallah, onun fikirləri önəmli olar”.
Qeyd edək ki, bu il martın 16-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.
Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.
Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.