Biz hələ də şəhər mədəniyyətinə alışa bilmirik.......

2-01-2020, 01:29           
Biz hələ də şəhər mədəniyyətinə alışa bilmirik.......
Adətən bayram günlərində şəhərə çıxmıram. Çünki adam çox olur, kafelərdə səs-küy pik həddə çatır və s. Amma bu gün dostumla görüşəsi idim deyə getdim. Sözün həqiqi mənasında şəhərdə barbarlıq hökm sürürdü. Praktik zəkamızdan istifadə edib qəhvə dükanında yer tapdıq, çünki qədirbilən xalqımız qəhvə sevən deyil. Gözəl-göyçək, uşaqlı xanımların avtobusda bir-birləri ilə heç nədən mübahisə etmələri dözülməz idi. Hətta biri dedi ki, kişilərin elə adı çıxıb, qadınlar ifritədir. Bu cür şopenhauervari fikir də eşitdim. Amma qadın deyəsən Şopenhaueri oxumamışdı.

Ya da bir kişi 15 dəqiqə avtobus gözlədiyini bütün avtobusa uca səslə bəyan edirdi, hətta arada Mais bəyin ünvanına da tənqidlər səsləndirdi. (Deyəsən, Mais bəy BNA-da işləyir və efirdə deyib ki, avtobuslar gecə saat 1-ə ədər işləyəcək. Saat da 6 ancaq olardı.) Küçələrdə yeriməyə yer yoxdu. Hamı bir-birini tapdalayır, uşaqlar ordan-bura, burdan ora qaçırdı. Birinin itməyi ya da əzilməyi an məsələsi idi.

Adicə bir avtobusa minmə mənzərəsi dəhşətliydi. Məlumdur ki, növbə dediyin xətti olur, amma bizdə növbələr yarımdairəvi forma daşıyır. Xətti növbədə kimdən sonra kimin gələcəyi çox aydın olsa da yarımdairəvi növbədə bu vəhşi qanunlarla tənzimlənir.

İndi mən burda xalqı tənqid etmək kimi ucuz və provedensial bir yola baş vurmaqan uzağam. Yeri gəlmişkən, bu gün dəfələrlə xalqın özünü amansızlıqla tənqid etdiyinin də şahidi oldum.

Sadəcə bir məsələ var ki, biz hələ də şəhər mədəniyyətinə alışa bilmirik. Şəhər mədəniyyəti şəhərdə yaşamaqla bağlı deyil ki.

Bir türk jurnalist yazmışdı ki, bəs Amerikada liftə minib düyməni basdım, amerikalılar məni az qala alqışladılar, çünki heç biri lift görməmişdi, elə bilirdilər ki, liftə minən kimi gedir, ya da düyməyə səhv basacaqlarını düşünüb buna ürək eləmirdilər.

Bəli, məsələ bundadır ki, bizdə şəhər mədəniyyəti formalaşa bilmir, bu zamanla olacaq bəlkə də, amma ən pisi budur ki, insanlara bunu öyrədən də yoxdur. Misal üçün, bu gün anasının yer üstdə başqa bir ana ilə sözləşdiyini görən uşaq əlbəttə ki, pis olacaq, sabah anası ilə heç hara getmək də istəməyəcək, ya da atasının ofisiantla pis davranışını görən uşaq da sabah onu təkrar etməyə başlayacaq.

Bir neçə ökədə bayram günlərində olmuşam, Sankt Peterburqdan tutmuş Vyanaya qədər, belə mənzərə görməmişəm. Çünki orda insanlar tünlükdə də özlərini necə aparmalı olduqlarını bilirlər, qətiyyən müqayisə aparmaq istəmirəm, sadəcə deyirəm ki, onlar bunu edirlərsə biz də edə bilərik və bir də evə on dəqiqə geç çatmağa görə bu qədər barbarlığa da ehtiyac yoxdur.

Və ümumiyyətlə bayram gəzintiləri insanlarda xoş aura yaratmalıdır, nəinki bu qədər qəzəb. Mənim sadəcə bu insanlara yazığım gəlir. Ən çox da uşaqlara...
Qan Turalı
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.