“Böhranı uduşa da çevirmək olar” - Bu məhsulların qiymətindəki kəskin eniş Azərbaycana problem yaradacaq?
5-02-2020, 03:14

Koronavirus epidemiyasının başlamasından və Çində karantin rejiminin tətbiq olunmasından bəri dünya bazarlarında əlvan metallara tələbatın azalması qeydə alınıb: xüsusən, birjalarda misin qiyməti 11,7% azalaraq, 1 ton üçün 5562 dollar təşkil edib, (Çin misin ən böyük alıcısıdır: enerji sektoru, elektronika, məişət texnikası istehsalında istifadə olunur) mövcud qiymətlər 2017-ci ilin minimum səviyyəsinə, üç illik minimuma düşüb. Eyni zamanda, alüminium 4,6%, nikel isə 8,7% ucuzlaşıb. “Gəncə alüminium əritmə və istehsal müəssisəsi” Cənubi Qafqaz regionundakı ən böyük müəssisələrdəndir. Mövcud tendensiyalar uzunmüddətli olarsa, alüminium ixracının azalması ehtimalı varmı? Bu sahədə hanısa geriləmə ola bilərmi? Mis tələbinin azalması “Sumqayıt Texnologiya Parkında” (STP) yerləşən mis kabel və mis katod plitələri istehsal müəssisələrinin fəaliyyətinə, eləcə də “Anglo Asian Mining PLC”nin mis konsentrat istehsalını artırmaq planlarına necə təsir göstərəcək?
Bu suallarımıza cavab tapmaq üçün iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq.
O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, ölkəmizdə əlvan metalların həcmcə çox olmaması nəticəsində dünyadakı iqtisadi durğunluq Azərbaycana o qədər də təsir göstərməyəcək:
Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin artıq durğunluq həddinə gəlməsi, iqtisadi aktivliyin azalması, dünya iqtisadiyyatının zəifləməsi tələbatın azalmasına səbəb olur. Bu da xammal materiallarının qiymətlərinin birjalarda ucuzlaşmasına gətirib çıxarır. Qiymətlərin hansı səviyyəyə enməsi virusun nəzarət altında saxlanılma müddətindən asılıdır. Əgər, doğrudan, bu virusun qarşısını almaq yaxın zamanda mümkün olmasa, iqtisadi zəiflik getdikcə artsa, bütün xammal materiallarının qiymətində enmə müşahidə oluna bilər. Yalnız qızıl istisnadır. Əgər, marta qədər virusun yayılması genişlənərsə, iqtisadi aktivliyə ciddi təsir göstərəcək. Bunun Azərbaycana iki yöndən təsiri var. Təbii ki, birincisi neftlə bağlıdır. Neftin qiymətində ciddi enmə var. Bizim əlvan metalımız isə həcm olaraq o qədər də böyük deyil. Əsasən də, bu xammal Türkiyəyə ixrac olunur. Həcm kiçik olduğundan əlvan metallarda qiymət düşümünün bizim iqtisadiyyata təsiri o qədər də nəzərə çarpmayacaq. Bizdə izlənməli olan məsələ neftin qiymətləridir”.
N.Cəfərli bildirib ki, bu sahə üzrə ixtisaslaşan müəssisələrimiz yaranan vəziyyətdən öz xeyrinə istifadə edə bilər:
“Əslində, xammalın qiymətinin ucuzlaşması istehsalın artımına stimul verən amildən birinə çevirə bilər. Sadəcə biz satış bazarlarımızın çoxşaxəli modelə keçməsinə çalışmalıyıq. Yəni, xammal ucuzlaşdıqca təbii ki, maya dəyəri də aşağı düşür. Beləliklə, satış qiymətlərində daha da aşağı endirimlər edib böyük bazarlara çıxış etmək mümkündür. Nə qədər iqtisadi aktivlik azalsa da, bu bir fürsət də yarada bilər. Bu fürsətdən yararlanmaq mümkündür. Ona görə də, xammalın qiymətinin düşməsi məhsulların keyfiyyətinə təsir etmədən məhsulların ucuzlaşmasına və daha rəqabətli mühitin yaranmasına səbəb olacaqsa, böhranı uduşa da çevirmək mümkündür”.