Dünya məktəbləri də açır: Azərbaycanda isə hələ gözləmə mövqeyidir...
23-07-2020, 11:45
![Dünya məktəbləri də açır: Azərbaycanda isə hələ gözləmə mövqeyidir...](/uploads/posts/2020-07/1595490404_1.jpg)
Dünyada sürətlə yayılan yeni növ koronavirusun mənfi təsirləri təhsil sistemindən də yan keçməyib. Belə ki, pandemiyanın qarşısının alınması məqsədilə bir çox ölkə və şəhərlərdə məktəblər müvəqqəti olaraq dayandırılmışdı.
Hazırda isə sərt karantin rejimindən çıxmış, yoluxma sayını nəzarət altına almış ölkələr var. Maraqlıdır, hansı ölkələrdə dərslər vaxtında başlayacaq?
Cebhe.info xəbər verir ki, ekspertlərin fikrincə, dərslər bərpa edilsə, yeni sosial məsafə qaydaları olmalıdır. Bununla yanaşı əgər dərslər bərpa edilsə, 3 günlük dərs sisteminə keçilməlidir.
Pandemiyadan sonra məktəblərin fəaliyyətini bərpa edən ilk ölkələrdən biri də İngiltərə idi. Belə ki, burada məktəblər iyun ayından etibarən mərhələli şəkildə və müəyyən məhdudiyyətlərlə açılmağa başlayıb.
Qeyd edək ki, İngiltərənin bir neçə regionundakı təhsil müəssisələrində koronavirusa yoluxma halı qeydə alınıb. Bu səbəbdən bəzi məktəblər bir həftəlik fəaliyyətini dayandırıb. Məktəblərin yeni tədris ilində müəyyən məhdudiyyətlərlə fəaliyyətinin bərpası gözlənilir.
Çində yeni növ koronavirusun aşkarlandığı Hubey vilayəti istisna olmaqla, digər şəhər və vilayətlərin məktəblərində aprel ayından dərslər bərpa olub.
Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda ümumi orta (VII-IX siniflər) və tam orta (X-XII siniflər) məktəblərin son (buraxılış) siniflərində dərslər bərpa olunub. Şagird və müəllimlərin epidemioloji qaydalara uyğun olaraq qoruyucu maska taxmaları, şagirdlərin əllərini xüsusi maddələrlə tez-tez dezinfeksiya etmələri məcburidir. Bundan başqa, gün ərzində bir neçə dəfə şagirdlərin bədən hərarəti ölçülür. Təhsil Nazirliyi bütün məktəb rəhbərlərinə sinif otaqlarının tez-tez dezinfeksiya olunmasını, müvəqqəti karantin otaqlarının ayrılmasını tapşırıb.
Ölkə üzrə tam orta məktəblərə qəbul imtahanı isə iyulun 17-19-da, ali məktəblərə qəbul imtahanları ("Gaokao”) isə iyulun 7-9-da keçirilib. Ölkə ərazisində yeni tədris ilinin zamanında başlaması üçün heç bir problem olmadığı bildirilib.
Türkiyədə 2020/2021 tədris ili avqustun 31-dən başlayacaq.
Bu barədə Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cəngiz Mətə bildirib.
O deyib ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumunun tövsiyələri nəzərə alınmaqla, Təhsil Nazirliyi tərəfindən belə bir qərar verilib.
Qeyd edək ki, Azərbaycanda martın 3-dən etibarən pandemiya səbəbi ilə tədris müəssisələri bağlanıb. Yeni tədris ilinin sentyabrın 15-dən başlanacağı barədə isə dəqiq qərar yoxdur. Ölkəmizdə avqustun 5-dək 14 şəhər və rayonda sərtləşdirilmiş, avqustun 31-dək ölkə üzrə xüsusi karantin rejimi qüvvədə olacaq. Bu şəraitdə tədris prosesinin sentyabrın 15-də bərpa olunacağı o qədər də inandırıcı görünmür.