Həm hüquqi, həm siyasi, həm də insanı baxımdan haqlı olan bizik, amma bunu normal şəkildə dünyaya “yedizdirə” bilmirik.
24-07-2020, 02:54

LA, ABŞ-da baş verən hadisə ilə bağlı çoxlu sual verirlər, mətbuatdan da zəng etmişdilər, əslində məsələlərin dərinliyinə baxmadan şərh evrməyi xoşlamıram. Bir çox mənbəələrə baxdım, videoları, xəbərləri, sosial şəbəkələri izlədim, müəyyən fikirlər yarandı.
Teref.az yazır ki, politoloq Natiq Cəfərli məqaləsini belə başlayır. Natiq Cəfərli məqaləsinin davamında yazır:
Düşmən Ermənistanın ən böyük diasporlarından biri ABŞ-da, Kaliforniya ştatındadır. Orada yaşayan ermənilərin əksəriyyəti hətta Ermənistanda yaşayanlardan da daha radikal və vəhşiliyə meyillidirlər. Orada yaşayanların yeni nəsli öz valideyinlərindən, baba-nənələrindən daim “zəhər” alıblar, onlar üçün Qarabağ məsələsi yoxdur, türk məsələsi var, tarixi travmalarını öz həyat hekayələrinə çevirən toplumdur.
Amma diaspora olaraq güclüdürlər, bir-birlərini qoruyurlar, siyasi olaraq aktivdirlər, seçici olaraq azsaylı olsalar da hər iki ABŞ siyasi partiyası ilə işləyirlər, mediada güclüdürlər. Diasporalarının güclü olmasının obyektiv tarixi səbəbi var – onlar 100 ildir xaricdə məskunlaşıblar, bizimkilər isə son 30 ildə xaricə ayaq açdılar. Amma onların diaspor təşkilatları tək xaricdə yox, Ermənistanın daxilində də güclüdürlər. siyasi oyunçudurlar, düşmən ölkənin büdcəsinin 10%-ə yaxını hər il birbaşa diasporadan aldıqları pulla formalaşır, Ermənistanda iqtisadi fəaliyyətləri var, bir sözlə - diaspora ana dövlətə dəstək olur, hətta yön verir, siyasi aktivlik edir.
Bizdə isə təməldən diaspora işi, yüngül desəm, sağlam olmayan təməllər üzərinə oturub. Dövlət siyasəti səhv qurulub, diasporanın güclənib Ana Dövlətimizə dəstək olmağındansa, tam tərsi model qurulub – Ana Dövlət (hökumət) diasporanın sponsoruna çevrilib, ancaq hakimiyyətə yaxın olan qruplarla çalışıb, onları öz təbliğat alətinə çevirib. Təməl səhv və yanlışlıq bundadır, yəni, YAP hökuməti uzun illər elə siyasət aparıb ki, xaricdə olan diaspor təşkilatları onlardan maddi olaraq asılı olsun, zəif qalsın, daxili siyasətə qarıçacaq gücə malik olmasınlar. Nəticədə də pərən-pərən düşmüş, yüz yerə bölünmüş rəsmi və qeyri-rəsmi diaspora təşkilatları yarandı. Son 25 ildə ölkədən köçən siyasi-ictimai aktiv insanların davranışı da doğru olmadı – onların bir çoxu dövlətlə hökuməti bir-birindən ayıra bilmədilər. Nəticə isə göz qabağındadır – ermənilər xaricdə düzənli, planlı, proqramlı iş aparır, siyasətə qarışır, ictimai aktiv rol alır, öz iyrənc əməllərini belə ört-basdır etmək üçün fon yarada bilirlər.
Həm hüquqi, həm siyasi, həm də insanı baxımdan haqlı olan bizik, amma bunu normal şəkildə dünyaya “yedizdirə” bilmirik. Kimsə burada din faktorunu önə çəkə bilər – inanın ki, boş söhbətdir, Qərbdə bu məsələ, bəlkə də 10-cu yerdədir.
Gec də olsa bu günə qədər aparılan səhv diaspora siyasətinə yenidən baxılmalı, güclü diaspora təşkilatlarının yaranmasından qorxmamalıyıq, nəhayət elə bir sistem qurmalıyıq ki, diaspora Ana Dövlətimizin sponsoru, maraqlarının qoruyucusu olsun. Hökumət özünü üstün və hər şeyi pulla alan kimi aparmamalıdır – bu yol deyil, belə uğur qazanmaq olmaz. Son 25 ildə xaricdə kifayət qədər güclü, ağıllı, səviyyəli, bilikli və savadlı insanlarımız formalaşıb, onların təşəbbüskarlığına mane olmaq lazım deyil, ümumi prinsiplər və yanaşma ilə hamını işə cəlb etmək lazımdır. Kim müxalifdir, kim hakimiyyətyönlüdür – bu məsələni, diaspora işində ümumiyyətlə unutmaq lazımdır.
Necə deyərlər, “Söz konusu vatansa gerisi teferruattır” (c)...
P.S. LA, ABŞ –da baş verən son hadisəni, erməni vəhşiliyini bütün Dünyaya tanıtmaq üçün ciddi iş aparılmalıdır. XİN-nin hadisə zamanı xəsarət alanlara kömək ediləcəyi ilə bağlı qərarı doğrudur, təqdirəlayiqdir, amma pararlel olaraq da mütləq bu vəhşiliyi törədənlərlə bağlı hüquqi, siyasi, mediatik iş aparılmalı, etdikləri hər vasitə ilə ifşa olunmalıdır...\
Natiq Cəfərli
Teref.az