“Ermənistan məğlub oldu, lakin itirdiklərindən daha çox şey qazandı” - KƏNAR MÜŞAHİDƏ

23-01-2021, 09:49           
“Ermənistan məğlub oldu, lakin itirdiklərindən daha çox şey qazandı” - KƏNAR MÜŞAHİDƏ
Ermənistanda hakimiyyət dəyişikliyi tələb edən qüvvələrin güclənməsi davam edir. Çərşənbə axşamı yerli siyasi düşərgələrin nümayəndələri müvafiq açıqlamalar verdilər. Keçmişdə Nikolun tərəfdarı, indi isə müxalifətdəki “İşıqlı Ermənistan” parlament fraksiyasının rəhbəri Edmon Marukyan Baş nazir Paşinyanın istefasının parlamentin ləğvi və ölkədə erkən seçkilərin keçirilməsi üçün zəruri şərt olaraq qaldığını söylədi.

“Parlament buraxılan kimi erkən seçkilərə hazır olacağıq. Parlamenti buraxmaq üçün Baş nazir istefaya getməlidir”, Marukyan jurnalistlərə açıqlamasında bildirdi.

Müxalifət fraksiyasının lideri Ermənistan hökumətini ölkədə böhran yaratmaqda günahlandırdı və onu dərhal istefaya çağırdı: “Dövlət idarəçiliyi sistemi məhv edilib və bu, hakim qüvvənin günahıdır. İqtisadiyyat yoxdur, bir çox sosial problem var. Bunlar təcili şəkildə getməlidir”.

Elə həmin gün “Qarabağ klanı”nın nümayəndəsi, keçmiş müdafiə naziri Seyran Ohanyan jurnalistlərə Ermənistanın hakimiyyət dəyişikliyinə ehtiyac duyduğunu və mövcud rəhbərliyin zəif olduğunu, asanlıqla Azərbaycanın təsiri altına düşdüyünü söylədi: “Bu səlahiyyətlilər getməlidir və mən bunu, ümumiyyətlə yaxşı bir həyat üzündən demirəm. Zəifdirlər. Bu şərtlərdə düşmənlə daha cəsarətli danışmağı və danışıqlarda özünə arxayın olmağı bacaran güclü bir hökumətə ehtiyacımız var”.

“Müharibə zamanı səlahiyyətlilər “Qələbə çalacağıq” şüarı altında bir siyasət yürütdülər və məğlub olduq. Amma bu gün “Susuruq” şüarı altında fəaliyyət göstərirlər. Ermənistan hakimiyyəti düşmən Azərbaycan və Rusiya-Türkiyə tandeminin təsirinə məruz qalır ki, bu da xalqın hökuməti dəyişdirmək tələbini irəli sürməsi ilə nəticələnir”, - Ohanyan bildirdi.

O, hesb edir ki, hərbi qələbədən sonra da “Ermənistanın düşmənləri”nin - Türkiyə-Azərbaycan tandeminin Ermənistan cəmiyyətinə iqtisadi və demoqrafik təzyiqi davam edir.

Maraqlıdır, erməni cəmiyyətində bu cür düşüncələr nə qədər güclüdür və Paşinyanı kənarlaşdırmaq üçün onu daha aktiv hərəkətlərə aparmağa qadirdirlərmi? Və bu, baş verərsə, ümumiyyətlə nələr dəyişəcək - onda İrəvan (Ohanyanın gördüyü kimi) Bakı ilə daha inamlı danışacaqmı? Bu cür fərziyyələr üçün əsas varmı?

AYNA mövzuya dair tanınmış əcnəbi mütəxəssislərin fikirlərini öyrənib.

Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin rəhbəri Yeqor Kuroptev:

“Əvvəla, İrəvan artıq uzun illərdir Serj Sarkisyanın hakimiyyəti altında olanda Bakı ilə daha inamlı danışdı və bu, yalnız müharibəyə və büdcələrin mənimsənilməsinə səbəb oldu. Deməli, Ermənistandakı əvvəlki iqtidarın nümayəndələri və ya tərəfdarları açıqlama verəndə yəqin ki, bəzi faktlara əsaslanmalıdırlar. Fakt odur ki, əvvəlkilər hakimiyyətdən uzaqlaşdırılıb və indi ölkədə heç bir etibarlı dəstəyi yoxdur.

İkincisi, müxalifətin müharibədən dərhal sonra qanuni olaraq seçilmiş hökuməti devirmək planları artıq uğursuz oldu. İndi bunlar artıq əks-sədadır. Artıq fövqəladə seçkilər anons edilir və maraqlı tərəflərin hamısı xalqın bu vəziyyətdə kimləri dəstəklədiyini görəcək. Əminəm ki, Paşinyanın partiyası ya seçkiləri təkbaşına qazana biləcək, ya da çoxluq təşkil edəcəklər koalisiya hökuməti quracaq. Sabiqlərin hakimiyyətə qayıtmaq şansı yalnız küçə vasitəsi ilə həyata keçirilə bilər, amma onların Paşinyanın komandasını devirmək üçün kifayət qədər narazı elektorata sahib olmadıqlarının artıq hamı şahidi oldu.

Gələcəkdə Azərbaycanla aparılacaq danışıqlara gəldikdə, xüsusən də indi Azərbaycanın arxasında dayanan Türkiyə ilə birgə regional məsələlərdən danışması fonunda, müxalifətin yeni bir şey təklif edə bilməyəcəyi aydın olur. Rus-türk tandeminə gəldikdə, inanıram ki, prinsipcə belə tandem mövcud deyil, çünki bu iki qüvvənin İkinci Qarabağ müharibəsinin həlli zamanı müəyyən nöqtələrdə birləşən, amma fərqli maraqları var. Cənubi Qafqazda uzunmüddətli sülhə səbəb ola biləcək təşəbbüsləri qətiliklə dəstəkləyirəm, lakin maraqlı ölkələrin heç birindəki dağıdıcı qüvvələrin belə təşəbbüslərə yaxın buraxılmaması lazımdır”.

Gürcüstanlı hərbi-siyasi ekspert, elmlər doktoru, professor Vaxtanq Maisaya:

“Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi sindromu artıq Ermənistanda özünü göstərir. Erməni ictimaiyyətinin bir hissəsi, səslənən çıxışlara görə, artıq bu sindromla xəstələnib. Düşünürəm ki, bu hisslər Ermənistanın siyasi spektrini təşkil edən bütün qüvvələrdə hiss olunur.

Və mənə elə gəlir ki, ölkədə hakimiyyət dəyişikliyi olacaq. Yeni parlament seçkiləri təyin ediləcək və yeni bir hökumət meydana gələcək. Tərkibi necə olacaq? Çox güman ki, ən azı qismən “Qarabağ klanı” yenidən gücünü bərpa edəcək. Bütün nazirlər kabinetinə nəzarət etməsə də, böyük ehtimalla hüquq-mühafizə orqanlarına rəhbərlik edəcək. “Qarabağ klanı”nın Birinci Qarabağ müharibəsində qələbə qazandığı amil bunun üçün müəyyən rol oynayacaq.

Bununla yanaşı, belə bir hökumətin Azərbaycanla qarşıdurmaya qayıtmağa qərar verəcəyini düşünmürəm, çünki Ermənistan, məcazi mənada desək, tükənib. Azərbaycan Ordusuna müqavimət göstərə bilmir. Yəni, yeni kabinet Kremlə tabe olacaq və vəziyyəti kökündən dəyişdirə bilməyəcək.

Ancaq yenə də Ermənistan indi itirdiklərindən daha çox qalibdir. İqtisadi və ticarət blokadasından çıxmaq, yeni regional iqtisadi layihələrdə iştirak etmək, şimaldan cənuba və şərqdən qərbə böyük tranzitlərdə iştirak etmək şansı qazandı.

Düşünmürəm ki, ən azı növbəti 5 il ərzində Ermənistanda kimsə Qarabağ uğrunda yeni bir müharibə ehtimalı barədə ciddi düşünəcək. Ümumiyyətlə, bu mərhələdə müharibədən sonra indi qurulmuş status-kvo bölgədəki müharibədən sonrakı vəziyyətin bütün aktyorlarına uyğundur. Tərəflər geoiqtisadi ambisiyalarını inkişaf etdirməyə başlayacaq və dinc rəqabət formalaşacaq”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.