“ABŞ-Rusiya qarşıdurmasının dalğası postsovet ölkələrini vurur” – MAKSİM SUÇKOV

28-03-2021, 07:56           
“ABŞ-Rusiya qarşıdurmasının dalğası postsovet ölkələrini vurur” –
Rusiyalı analitik: “Vaşinqtonda əksər beyin mərkəzləri Moskvanın Cənubi Qafqazdakı nüfuzunun artırmasını qəbul etmir”

ABŞ-la Rusiya arasındakı qarşıdurmanın dalğası postsovet məkanı ölkələrini də vurmağa davam edəcək. Bu fikirləri AYNA-ya açıqlamasında rusiyalı politoloq, amerikaşünas alim Maksim Suçkov deyib.

Onun sözlərinə görə, indi həm ABŞ, həm də Rusiyadan postsovet məkanına xüsusi bir geosiyasi maraq yönələcək: “Viktoriya Nuland Dövlət Departamentində postsovet məkanının kuratorudur və biz onu Ukrayna hadisələrindən xatırlayırıq. İndi ABŞ müttəfiqliklərini canlandırmaq və hər yerdə, o cümlədən postsovet məkanında mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu mənada, Gürcüstan və Ukraynada, NATO üzvü olmaq istədikləri ölkələrdə təsirlərini artıracaqlar”.

Analitik amerikalıların yalnız Rusiyaya qarşı deyil, Çinə qarşı da müəyyən addımlar atmalı olduğunu bildirib: “Vaşinqton Pekinin indi olduqca sıx mövcud olduğu Orta Asiyada mövqelərini gücləndirmək niyyətindədir”.

Qarabağ münaqişəsinə gəldikdə, Suçkov hesab edir ki, Vaşinqtonda əksər beyin mərkəzləri Rusiyanın Cənubi Qafqaz bölgəsindəki siyasi nüfuzunun artırmasını qəbul etmir: “Beyin mərkəzləri Rusiyanın bölgəyə girişinin müvəqqəti olduğuna və bunun 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulduğuna inanır. Digər tərəfdən, amerikalılar bu razılaşmaların Türkiyənin hesabına saxlanıldığına inanırlar. Türkiyənin təbii ki, bölgədə öz maraqları var. Bu səbəbdən də bölgədə Amerika maraqlarına zidd olan xəttin davam etdirilməsi mümkün deyil”.

Rusiya-Amerika qarşıdurmasından danışan mütəxəssisin fikrincə, bu iki böyük dövlət arasında hazırda baş verənlər 10-11 il əvvəlki proseslərin məntiqi davamıdır: “Medvedyev və Obamanın münsibətlərin “sıfırlanması” planı çökdükdən sonra, Obama dövründə yaranmış situasiyanın ətalətlə hərəkət etməsini müşshidə edirik. İndi tərəflər Rusiya və ABŞ-ın Sovet dövründə və SSRİ-nin dağılmasından sonra işləyən ilk 20 ildə müzakirə etdikləri və uyğun addımlar attıqları gündəmin açıq şəkildə tükəndiyi nöqtəyə gəldilər”.

“İndi ikitərəfli münasibətlərin onurğa sütunu olan strateji təhlükəsizliklə bağlı suallar hələ də qalmaqdadır, amma, hətta onlar da keyfiyyətcə dəyişməyə başlayır. Kibertəhlükəsizlik, kosmik problemlər və digər məsələlər yeni oyun qaydalarını tənzimləyəcək müzakirələrə və razılaşmalara ehtiyac yaradır. Tərəflərin münasibətləri mənfi pik həddinə çatdıqları və dünyanın nüvə qarşıdurması təhlükəsi altında olduğu 60-cı illərdəki böhran indi də mümkündür. Yalnız bundan sonra tərəflər bir-biriləri ilə danışmağa başlayacaq”, - deyə ekspert vurğulayıb.

Rusiyanın SWIFT sistemindən zorla necə ayrılması mümkünlüyündən danışan Suçkov söyləyib ki, Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatına güclü şəkildə inteqrasiya olunub və bu səbəbdən belə bir addım bir çox risklər doğuracaq: “Kobud şəkildə desək, Rusiya iqtisadiyyatı İran iqtisadiyyatı deyil. Rusiyada nəhəng Amerika kapitalı var və bazarlar güclü şəkildə Rusiyaya bağlıdır. Ancaq atmosfer o qədər zəhərli olur ki, nəzəri olaraq bu addım istisna edilə bilməz. Düşünürəm ki, indi bunun ehtimalı azdır, amma müəyyən mərhələdə istisna edilə bilməz. ABŞ-SSRİ və ABŞ-Rusiya gərginliklərinin bir qədər fərqli olduğu başa düşülməlidir. Ölkələr arasında ideoloji mübarizə və bir-birinə həyat tərzi tətbiğ etmək kimi planları yoxdur. Rusiya üçün beynəlxalq münasibətlərin Qərb təsririndən çıxarılması vacibdir”.

Müəllif: Nicat Hacıyev












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.