Əlilliyə görə əmək pensiyası... - “Təsdiqlənəcək yeni qanun indikindən nə ilə fərqlənəcək?

30-04-2021, 18:13           
Əlilliyə görə əmək pensiyası... -
Azərbaycanda əlilliyin təyin edilməsi qaydaları və təyin edilən əllilik dərəcəsi dəyişdiriləcək. Belə ki, əlillik qrupla deyil faizlə olacaq.

Xüsusilə son zamanlar əlillik dərəcələrinin düzgün verilməməsi ilə bağlı şikayətlər həddindən çoxdur.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin bununla bağlı fəaliyyəti qənaətbəxş hesab olunmur.

Artıq Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmələr zamanı bu məsələ müzakirəyə çıxarılıb.

İlkin dinləmələrdə əlillik dərəcələrinin bundan sonra faizlə hesablanacaq.

Nazir Sahil Babayev “Əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsi barədə məlumat verib.

O bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək.

Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.

Maraqlıdır, təsdiqlənəcək yeni qanun indikindən nə ilə fərqlənəcək?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, əlilliyin qiymətləndirilməsi meyarlarının yeni layihəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartları, bu sahədə mütərəqqi dünya təcrübəsi əsasında, 14 xəstəlik qrupu üzrə ixtisaslaşmış tibb müəssisələrinin həkim-ekspertləri təklifləri nəzərə alınmaqla hazırlanıb:

“Yeni meyarlara əsasən, əlillik orqanizmin öz funksiyalarını itirməsinin faiz qiymətləndirməsi əsasında təyin olunacaq. Əlilliyin təyinatı ÜST standartlarında olduğu kimi, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və s. kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudiyyət dərəcəsi əsasında aparılacaq. Həmin meyarlar əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya və əmək fəaliyyətinə davam etmək imkanlarını artıracaq”.

O qeyd edib ki, əlilliyinin müddətinin bitməsi əlilliyin ləğvi, müavinət və pensiyaların kəsilməsi demək deyil:

“Belə halda şəxs əlilliyinin müddətinin uzadılması üçün səhiyyə müəssisələrinə müraciət etməlidir ki, onun barəsində elektron sistemə göndəriş (forma 88) daxil edilsin. Bir çox hallarda valideynlər də məlumatsızlıqdan sağlamlıq imkanları məhdud uşaqları 18 yaşına çatdıqda sosial ödənişlərin dayandırılmasını əlilliyin ləğvi kimi başa düşür.

Halbuki bu əlilliyin ləğvi deyil, sadəcə qanunvericiliyin tələbi kimi və beynəlxalq təcrübəyə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqlar 18 yaşına çatdıqda onlara əlillik qrupları təyin edilməlidir. Bunun üçün onlar da səhiyyə müəssisələrinə müraciət etməlidir ki, onun barəsində elektron sistemə göndəriş (forma 88) daxil edilsin. Həmin göndəriş əsasında əlilliyin təkrar qiymətləndirilməsi də vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən həyata keçirilir.

Əgər söhbət hansısa şəxsin saxta, əsassız əlilliyinin ləğvindən gedirsə, bildirim ki, sosial islahatların əsas məqsədlərindən biri əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsi və saxta təyinatların aşkar edilərək ləğv olunmasıdır.

Saxta əlillik təyinatlarının ləğvi nəticəsində qənaət edilmiş vəsaitlər də elə həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial ödənişlərinin artırılmasına sərf olunub. Bu da sosial ədalətliliyi özündə ehtiva edir, haqqı çatan və həqiqi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.