Ermənilər hansı səbəbdən “Zəngəzur dəhlizi”ni açmaqdan qorxurlar?.. - GƏLİŞMƏ
17-05-2021, 16:48

“Qarabağ məsələsinin indiki geosiyasi vəziyyətdə həll olunmasını labüd edən şərtlərdən ən vacibinin “Zəngəzur dəhlizi”nin açılması gerçəyi olduğu danılmazdır. Bu gerçəyi qəbul edən və bunun üzərində çalışan dövlətlərin qərarlılığı qarşısında artıq heç kimin bura biləcəyi mümkünsüzdür”.
Bu sözləri politoloq Azər Qasımov “Zəngəzur dəhlizi”nin Ermənistanda keçiriləcək seçkilərə qədər açılmasının mümkünlüyünü PİA.az-a şərh edərkən qeyd edib.
Bildiyimiz kimi Zəngəzurla əlaqədar Prezident İlham Əliyev qəti iradəsini ortaya qoydu və bildirdi ki, ermənilər istəsə də, istəməsə də “Zəngəzur dəhlizi”məsələsi həll olunacaq. Ermənistandakı seçki prossesi də hazırda “Zəngəzur dəhlizi”nin ermənilərdə panika yaradan kölgəsi altında keçməkdədir. Demək olar ki, bütün erməni siyasətçiləri və partiya liderləri 9 noyabr bəyanatında əksini tapan bu dəhlizin açılmasını imkansız hesab edir və bunu az qala Ermənistan dövlətinin yox olması ilə əlaqələndirirlər.
Bəs ermənilər hansı səbəbdən “Zəngəzur dəhlizi”ni açmaqdan qorxurlar və seçkiyə qədər dəhlizin açılması mümkündürmü?
Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.
Bu dəhlizin açılması Ermənistan hakimiyyətinin zəif görünməsi baxımından imicinə mənfi təsir göstərə biləcəyini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, hələlik dəhlizin açılması mümkün görünmür. Amma seçkidən sonra bu məsələ öz həllini tapacaq:
“Tarixi Azərbaycan ərazisi olan Zəngəzurun itirilməsi qorxusu Ermənistanın son dövrlər bu ərazi barədə gedən hadisələrdə çəkingən davranmasını labüd edir. Erməni cəmiyyəti hələ ki, buna hazır deyil.
Erməniləri qorxudan əsas məsələ 200 illik fəaliyyətlərinin tarixin zibil qutusuna atılması qorxusudur. “Zəngəzur dəhlizi”nin açılmasını onlar ona görə bu qədər ağrılı qəbul edirlər ki, bu dəhlizin açılmasından sonra başlayacaq prosseslər əslində “Böyük Ermənistan” xülyasının sona çatması ilə nəticələnə bilər. Söhbət hər şeydən əvvəl Türkiyə və Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələrin bərpasından, bu əlaqələrin dərinləşməsindən gedir. Ermənilər yaxşı başa düşürlər ki, bu günə qədər əldə etdikləri hər şeyi özlərin türklərə düşmən olaraq gördükləri üçün qazanıblar. İndi isə dostluq əlaqələri yaranacaqsa, erməni ideoloqların “Böyük Ermənistan” xülyası da özü=özündən yoxa çıxacaq. Türklə dost münasibətləri quran erməni özünün xalq olaraq geosiyasi əhəmiyyətini itirəcək. Buna görə də erməni başbilənləri hər vəchlə Türkiyə və Azərbaycanla əlaqə qurmaqdan, iqtisadi və siyasi münasibətləri sivil şəkildə yürütməkdə qaçırlar. İndi 44 günlük müharibənin yaratdığı tarixi zərurət isə bunu tələb edir. Bu üzdən ermənilər “Zəngəzur dəhlizi”nin açılmasını təlaşla qarşılayırlar.
Prezident İlham Əliyevin son dövrlər Zəngəzurla əlaqəli verdiyi bəyanatlar təbii olaraq erməni cəmiyyətini təşvişə salıb. Prezidentin də dediyi kimi bu dəhliz mütləq açılacaq. Ermənistanda gedən proseslərin mahiyyətinə fikir verdikdə belə nəticəyə gəlmək olar ki, hakimiyyət “Zəngəzur dəhlizi”nin açılacağı gerçəyini qəbul edib. Bu, hakimiyyətin həmin ərazidə əhalinin təxribatına qarşı fəaliyyətindən tutmuş, ərazidə stabilliyə çalışmasına kimi bütün fəaliyyətində özünü göstərir. Belə ki, son günlər Azərbaycanla döyüşmək üçün əraziyə gələn silahlı dəstənin həbs edilərək cinayət işi açılması bunu göstərir ki, erməni hakimiyyəti gərginliyə meylli deyil.
Azər Qasımov: “Erməni hakimiyyəti müharibədən məğlub çıxmış ölkə kimi bunu qəbul edib və əlverişli şərait olan kimi dəhlizin açılmasına tezliklə şərait yaradacaq”.
Buna baxmayaraq seçkiyə kimi dəhlizin açılmasının mümkün olmayacağı qənaətindəyəm. İlk növbədə ona görə ki, hələlik “Zəngəzur dəhlizi”nin yol infrastrukturu hazır deyil. Həmçinin bu dəhlizin açılması Ermənistan hakimiyyətin zəif görünməsi baxımından imicinə mənfi təsir göstərə bilər. Buna görə də hələlik dəhlizin açılması mümkün görünmür. Hesab edirəm ki, seçkidən sonra bu məsələ öz həllini tapacaq.
Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Dəhliz hər halda açılmalıdır. Bu, tək bizim yox geosiyasi anlamda həlli vacib olan məsələdir. Qarabağ məsələsinin indiki geosiyasi vəziyyətdə həll olunmasını labüd edən şərtlərdən ən vacibinin “Zəngəzur dəhlizi”nin açılması gerçəyi olduğu danılmazdır. Bu gerçəyi qəbul edən və bunun üzərində çalışan dövlətlərin qərarlılığı qarşısında artıq heç kimin bura biləcəyi mümkünsüzdür. Odur ki, erməni hakimiyyəti müharibədən məğlub çıxmış ölkə kimi bunu qəbul edib və əlverişli şərait olan kimi dəhlizin açılmasına tezliklə şərait yaradacaq”.