Az maaşla da sərvət yaratmaq olur - Necə?

Bu gün, 15:24           
Az maaşla da sərvət yaratmaq olur - Necə?
İnsanlar bəzən düşünürlər ki, investisiyanı yalnız böyük məbləğdə qazancı olan şəxslər edə bilər. Onların fikrincə, az maaşla investisiya etmək çətindir və hətta mümkünsüzdür, halbuki kiçik məbləğlərlə də yığıma başlamaq mümkündür.
Bəs az maaşla necə investisiya etmək olar?

Maliyyə eksperti İsmayıl Məmmədov Valyuta.az-a açıqlamasında bildirir ki, sərvətin sirri – maaşda yox, idarəetmədədir:

“Çox adam elə bilir ki, sərvət ancaq yüksək maaşla qurulur. Əslində isə sərvətin sirri – maaşda yox, idarəetmədədir. Deyə bilərəm ki, biz dəfələrlə görmüşük: kimsə ayda 50-100 manatla başlayıb, 5-10 il ərzində real kapital sahibi olub. Hər qəpik düzgün yönləndiriləndə, böyük sərvətin toxumuna çevrilir. Pulun hara getdiyini anlamadan sərvət olmaz. Gəlir və xərcləri yazın. Bank sektorunda buna “cash flow mapping” deyirik. Əgər maaşın 5%-ni belə ayıra bilmirsinizsə, deməli, problem maaşda deyil – idarəetmədədir. Qızıl qayda: maaş alanda ilk ödənişi özünüzə edin. Əvvəl yığım, sonra xərclər”.

Kiçik büdcə ilə hansı alətlərdən başlamaq olar?

İ.Məmmədov deyir ki, kiçik büdcə ilə biznesə başlamaq istəyənlər üçün ən önəmli məsələ doğru alətləri seçərək hər qəpiyi səmərəli yönləndirməkdir:

"Yığım hesabları və depozitlər ən sadə və risksiz başlanğıcdır.

Dövlət istiqrazları sabit gəlir və yüksək etibar deməkdir.

İnvestisiya fondları (ETF) kiçik məbləğlərlə böyük bazarlara çıxış ola bilər.

Mikro-biznes ideyaları – onlayn satış, xidmət, əlavə gəlir mənbəyidir.

Burada əsas prinsip riski bölməkdir. Hamısını bir səbətə qoyan, tez itirir".

Maliyyəçi deyir ki, insanlar ən çox 3 səhvi edirlər: "Qısa zamanda böyük qazanc xəyalı qururlar. Büdcəsiz və plansız hərəkət edirlər. Borc pulla investisiya etməyə çalışırlar. Ən təhlükəlisi – gəlir hələ yoxdur, amma borc artıq var. Bu, insanı həm maliyyə, həm də psixoloji cəhətdən çökdürür”.

İ.Məmmədov deyir ki, az maaşla da real sərvət toplamaq olar:

“Əlbəttə, sadə hesab: ayda 100 manat yığan bir insan 10 ildə 12.000 manat deyil, düzgün investisiya ilə 18-20 min manat əldə edə bilər. Bu, bankların ‘faizlərin faizi’ adlandırdığı effektdir. Pulunuz sizin üçün işləməyə başlayır. Sirr – davamlılıq və intizamdır.
Unutmayın: investisiya varlıların imtiyazı deyil, maliyyə savadlı insanların gündəlik vərdişidir. Kiçik pulla da böyük sərvətin təməlini atmaq olar. Maaşınız çox ola bilər, amma idarə etməyi bilmirsinizsə, heç nə ifadə etmir. Əksinə, az da olsa, ağıllı idarə olunan pul gələcəyin sərvətidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru