Həmişə toyda!

23-06-2021, 07:31           
Həmişə toyda!
Azərbaycanda toy və digər şənliklərə icazə verildi: amma hələlik müəyyən məhdudiyyətlərlə...

Nazirlər Kabineti xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərara dəyişiklik edib. Belə ki, ölkəmizdə 1 iyul tarixindən müəyyən tələblərə riayət edilməklə şənlik mərasimlərinin – toy, nişan, ad günlərinin keçirilməsinə icazə verilir.

Tələblərə gəlincə, mərasimlərdə iştirakçıların sayı 150 nəfərdən çox olmamalı, mərasimin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla, bir zal üzrə qonaq tutumu müəyyənləşməlidir. 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və COVID-19 pasportu tələb olunmur. 150 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən mərasimlərdə iştirak edən, yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (immun, COVİD-19 pasportu) olmalıdır və qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb edilmir.

Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər də daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. Xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənliyin vaxtına ən azı 5 (beş) gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bu qərarın tələblərini pozaraq şənlik mərasimlərinin keçirilməsi qadağandır.

Beləliklə, çoxdan gözlənilən toy icazəsi verildi, amma xeyli məhdudiyyətlər və tələblər qoyulmaqla. Hətta şadlıq saraylarında kondisionerlərin və ventilyatorların istifadəsinə də icazə verilməyəcək, çünki bu halda virusların yayılması asanlaşır.

Həkim Vasif İsmayıl “Press Klub”a şərhində bildirdi ki, insanlar bu qərarlarla razı deyillərsə, toylara getməsinlər. Onun fikrincə, 400-500 nəfərin toylarda maskasız və sərbəst iştirakı yoluxmaların sayının artmasına səbəb olar:



“Bu, yoluxmaların artması cəhətdən böyük bir risk yaratmış olardı. Toylara icazənin veriləcəyi bəlli idi. İki həftə əvvəl bu barədə televiziyaların birində demişdim. Lakin icazənin müəyyən məhdudiyyətlər çərçivəsində olacağını da vurğulamışdım”.

V.İsmayıl sözügedən məhdudiyyətlərin heç də hər kəsə sərf etməyəcəyini vurğuladı. Bu cür şərtlər altında toyların keçirilməsinə bəzi insanlar razı olmayacaq. Amma o, məhdudiyyətlərin gözlənilən və məntiqli olduğunu söylədi.

Milli Məclisin deputatı Aqil Abbas isə “Press Klub”a açıqlamasında bildirdi ki, əsas məsələ toyların keçirilməsinə icazə verilməsidir:



“Toylar üçün müəyyən olunan qayda və qoyulan məhdudiyyətlərin isə mənasız olduğunu düşünürəm. Hesab edirəm ki, yaxın zamanda həmin qadağalar da aradan qaldırılacaq. Yenə də deyirəm, çox şükür ki, toyların keçirilməsinə icazə verildi, qalan hər bir məsələ zamanla düzələcək”.

A.Abbas COVİD-19 pasportu olmayanların toyda iştirak edə bilməməsi barədə qərarı mənasız sayır:

“Bu, nə deməkdir? COVİD-19 pasportu olmayanlar toyda niyə iştirak etməməlidir? İnsanların hamısı COVİD-ə yoluxmayıb, bəziləri var ki, müəyyən xəstəlikləri var, onlara vaksin vurmaq olmaz, çünki əks təsir göstərə bilər”.

Sosioloq Sahib Altay “Press Klub”a şərhində pandemiyadan əvvəl də toyların izdihamlı keçirilməsinin tərəfdarı olmadığını vurğuladı:



“Bu, həm toy sahibləri, həm də toyda iştirak edənlər üçün artıq məsrəf deməkdir. Bununla bağlı bir neçə dəfə layihə də təqdim etmişdim, amma qəbul olunmadı. Çünki müəyyən dairələrə sərf etmirdi. Azərbaycanda fəaliyyət göstərən şadlıq sarayları, qızıl-zinət əşyaları dükanları müəyyən qrup insanlara məxsusdur ki, onlar az iştirakçı ilə toyların keçirilməsində maraqlı deyil”.

COVİD-19 pasportu tələbinə gəldikdə, sosioloq Azərbaycanda peyvəndlə bağlı şaiyələrin yayılmasına toxundu:

“Gah deyirlər ki, vaksin sonsuzluq yaradır, gah deyirlər, sağlamlığa ziyan vurur və s… Mən deyilənlərlə qəti şəkildə razı deyiləm. Hazırda mövcud qərar ondan ibarətdir ki, hər kəs peyvəndlənməyə cəlb olunmalıdır. Toylara bu cür məhdudiyyətlərin qoyulması hər kəsin vaksinasiyaya cəlb olunması üçündür. Vaksinasiya bir metoddur və bu metod əsasında virusu dəf etməyi düşünürlər. Verilən qərarlara əməl etməyə məcburuq”.

Qonaqların sayına gəldikdə isə S.Altay bu qərarın da mövcud vəziyyətə uyğun olduğunu düşünür:

“Pandemiya olmasa belə, bu qərarı adət halına gətirmək lazımdır. Yenə də qeyd edirəm ki, mən hər zaman toyların az adamla keçirilməsinin tərəfdarı idim və qərar da yerinə düşdü. Toyda arzuolunan şəxslər iştirak etməlidir. “Mən filankəsin toyuna pul salmışam, o da gəlib mənim toyuma pul salmalıdır” düşüncəsi çox məntiqsizdir. 150 nəfərlik məclis tamamilə məqsədəuyğundur. Bu, mövcud vəziyyətə uyğun məntiqli bir qərardır”.

Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.