​Hökumətin qoyduğu qadağalar: Vətəndaşların hüquqları pozulur? - Müxalifətdən REAKSİYA

21-08-2021, 19:40           
​Hökumətin qoyduğu qadağalar: Vətəndaşların hüquqları pozulur? -
Xəbər verdiyimiz kimi, dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirildi.

Brifinqdə sentyabrın 1-dən etibarən böyük ticarət mərkəzlərinə, mehmanxanalara giriş yalnız COVİD pasportu ilə olacağı, eyni zamanda ali təhsil müəssisələrində də tələbələrdən pasport istəniləcəyi qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcəyi açıqlanıb.

Qeyd olunan məsələlər cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqid hədəfinə çevrilib.

Maraqlıdır, ölkəmizdə vaksinləşmənin məcburi olmadığ halda, hökumət hansı qanuna söykənərək vətəndaşların hüquqlarını əlindən alır?

Məsələ ilə bağlı Azadinfo.az-a açıqlama verən REAL partiyasının sədr müavini Natiq Cəfərli hökumətin bu qadağalarının vətəndaşların hüquqlarını pozduğunu bildirib:

“Hökumət elə bir məhdudiyyətlər gətirir ki, vaksin olunmayan şəxslər Azərbaycanda çox ciddi qadağalarla üzləşəcək. Böyük ticarət mərkəzlərinə, mehmanxanalara buraxılıb-buraxılmamaları ilə bağlı qərar bir tərəfə, hətta dövlət qurumları da bu qərarı alıb. Misal üçün, ƏƏSMN qərar verib ki, ancaq vaksin olunmuş şəxslərə xidmət göstərəcək, müraciətlərə cavab verəcək. Fikrimcə, bu, gələcəkdə kifayət qədər ciddi problem yaradacaq.

Əslində, hazırda dünyada da belə problemlər yaşanır, etirazlar, müzakirələr aparılır. Bir çox ölkələrdə hüquqşünaslar bu məsələlərin insanların konstitusion hüquqlarının pozuntusu kimi qiymətləndirirlər. Hesab edirəm ki, ölkəmizdə də belə pozuntuları müşahidə edirik”.

Ekspert vətəndaşların hüquqlarının pozulduğu təqdirdə Konstitusiya Məhkəməsinə müraciət edə biləcəklərini bildirib:

“Vaksin olunmaq istəməyən, səhhəti ilə əlaqədar ola bilməyən vətəndaşlar fərdi və ya bir araya gəlib Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Mənə Konstitusiya Məhkəməsinin hansı qərarı verəcəyi maraqlıdır. Əgər ölkə xaricinə olan səfərlərimə görə vaksinasiya olunmasıydım, şəxsən mən də məhkəməyə müraciət edər, bu təşəbbüsü qaldırardım. Hər halda, belə bir təşəbbüs yaransa, istənilən hüquqi dəstək göstərməyə hazırıq. Çünki ancaq bu müraciətdən sonra dəqiqləşdirmək olar ki, Azərbaycan qanunlarına görə vətəndaşın hüququ pozulur, ya yox”.

N. Cəfərli qadağalar olmadan da vətəndaşları vaksinə cəlb etməyin mümkün olduğunu bildirib:

“Əgər söhbət vaksinləşmənin prioritet olmasından gedirsə, burada başqa vasitələrdən istifadə etmək olar. Misal üçün, ABŞ-ın bəzi ştatlarında vaksin vurulan şəxslərə 100 dollar ödəniş olunur, Rusiyada da elan olundu ki, COVID pasportları pulsuz lotereya biletlərinə çevrilib, bahalı uduşlar qazandıracaq.

Baxın, sərt qadağalr əvəzinə insanları müəyyən yollarla vaksinə təşfiq etmək istəyirlər. Azərbaycanda da əgər dövlət kütləvi vaksinləşmə olmasını istəyirsə, müxtəlif istimullaşdırıcı vasitələrdən istifadə edə bilər. Misal üçün, vaksin olunan vətəndaşın bir aylıq kommunal borclarını silə və ya başqa güzəştlər edə bilərlər.

Amma bunu da tamamilə ayrı-seçkiliyə gətirilib çıxarılması doğru deyil. Çünki elə insanlar var ki, sağlıq durumlarında problemlər var və onlar vaksin vurdura bilməz. O insanların da yuxarıda qeyd olunan qadağalarla hüquqları pozulur. Düşünürəm ki, gələcəkdə bu məsələlərlə bağlı ciddi problemlər yaşana bilər. Bu baxımdan, daha yumşaq və vətəndaşın xeyrinə ola biləcək addımlar atılmalıdır.
Əgər doğrudan da vaksin vətəndaşların həyatını xilas edirsə, ölüm sayını azaldırsa, dövlət tərəfindən yuxarıda qeyd edilən addımlar atılaraq, kütləvi vaksinləşməni həyata keçirmək olar”.

Partiya təmsilçisi insanlarda vaksinləşmə ilə bağlı sualların olduğunu qeyd edib:

“Vaksinlə bağlı insanlarda bəzi haqlı suallar var. Misal üçün, 2 doza vaksin olunduqdan sonra bu xəstəliyin qarşısı alınacaqmı? Əlbəttə bu sual insanları maraqlandırır. Çünki artıq dünyada bir ısra ölkələr III dozanın vurulmasına başlanılıb. Bir sözlə, ortada o qədər cavabsız suallar var ki, bu da insanları vaksindən qorxudur. Fikrimcə, hər şeydən əvvəl bu suallara cavab tapılmalı, vətəndaşlara dəqiq hesabatlar verilməlidir. Ondan sonra düşünürəm ki, kütləvi vaksinləşməni rahatlıqla həyata keçirmək olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.