"Həkimlər yığışıb sözünü deməlidir, TƏBİB kimi qurumlar lazım deyil"

12-09-2021, 18:16           
"Həkimlər yığışıb sözünü deməlidir, TƏBİB kimi qurumlar lazım deyil"
“Birinin istefa verməyi digərinin həmin vəzifəyə gəlməsi demək deyilmi? TƏBİB adlı qurum ləğv olunmalıdır!”
Yeniavaz.com xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə TƏBİB sədri Ramin Bayramlının istefa etməsi ilə bağlı şərh verərkən bildirib.
Həkim qeyd edib ki, mənasız olduğu, bir işə yaramadığı, etdiklərinin umumi bir mərkəzdən də idarə oluna biləcəyi sübut olundu:
“TƏBİB və Səhiyyə Nazirliyi bu müddətdə elə bil bir-birilərinə “günü-bacı” oldular. Nə oldusa kimdən soruşasan, kimdən cavab alasan bilmədik. O bunun üstünə, o da bunun üstünə atıb vaxtı uzatmaqla işləri "həll" etdilər.
10 milyonluq əhaliyə bir neçə adda tibbi qurum niyə lazım olsun?
Niyə səhiyyə sistemi parçalanmalıdır? Əksinə, ən vahid sistem səhiyyə olmalıdır.
Parçalandıqca, qurumlara ayrıldıqca tapdığını yeməyə çox künc tapacaqlar. Onsuz da yaman gündə olan səhiyyəmiz lap bərbad olur.
Koronavirus epidemiyası davam etdikcə insanların yanında ola biləcək, etibar qazanan bir səhiyyə sistemimiz olmalıdır. Həkimlər yığışıb sözünü deməlidir, TƏBİB, qeyri-TƏBİB, tibbi qurumlar lazım deyil. "Filankəs TƏBİB-in həkimdi", "filankəs TƏBİB-də işləyir", "filankəsi TƏBİB-dən tapşırdılar" və s. ifadələr özbaşına yaranmadı.
"Sualımıza TƏBİB-dən munasibət bildirmədilər", "TƏBİB həkimlərinə ekspert kimi müsahibə verməyə icazə vermir", "o biri klinikaya köçürmək üçün TƏBİB icazə verməlidir", "efirdə TƏBİB-də işlədiyimi bilməsinlər", "filan dərmanların verilməsinə TƏBİB baxır", - bu kimi ifadələr də zamanla doğuldu. Hələ bunlar mənim eşitdiyim. Bir də işin içinə yaxın olanlar var ki əksəri susur, dinmir. Hesab edir ki susmaq qızıldır.
Kimdir də bu TƏBİB, kim? Sənin, mənim kimi koronavirusun əlində girinc qalan qurum ya qurum adı altında gizlənən 2-3 şəxs?
Hörmətli kolleqalar, sertifikasiya məsələsində birləşdiyiniz kimi səhiyyə islahatları üçün də birləşin. Sertifikasiya özumüz üçün idisə, bu insanlar, millət üçün olacaq. Əsas olan da xalq, millətdir. Uşaqlarımızın gələcəyi heç olmasa bu cür səhiyyə sisteminə təsadüf etməsin. Səhiyyə islahatı xəstəxanalarda özbaşınalıq edən baş həkimlərin çıxarılması ilə kifayətlənməli deyil, TƏBİB kimi lazımsız qurumların ləğvi lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.