“Yeni tapşırıqlar var və onları icra etmək lazımdır” - NƏ BAŞ VERİR?

13-09-2021, 10:51           
“Yeni tapşırıqlar var və onları icra etmək lazımdır” - NƏ BAŞ VERİR?
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış Hərbi Sahədə Əməkdaşlıq haqqında Sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlimlər keçirilib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) laçında keçirilən təlimlərə etiraz bəyanatı yaydı. Guya ki, Azərbaycan bu təlimlərlə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanata zidd addımlar atır. Ermənistan XİN-in bu bəyanatı Rəsmi Bakı tərəfindən sərt şəkildə cavablandırıldı.

“Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunmasına xidmət edən addımdır”, - deyə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirdi.

XİN rəsmisi bildirdi: “Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altıda saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır. Əgər Ermənistan bölgədə sülh və təhlükəsizliyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir”.

Ekspertlər hesab edirlər ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin məhz Laçında keçirilməsi Ermənistana, onun havadarlarına, maraqlı tərəflərə mesajdır.

Hərbi ekspert Üzeyir Cəfərov təlimlərin əhəmiyyəti barədə AYNA-ya deyib ki, 2021-ci il üçün Azərbaycan-Türkiyə hərbçilərinin xeyli qarşılıqlı təlimləri nəzərdə tutulub: “Yeni tapşırıqlar var və onları icra etmək lazımdır. Fərqli hədəflərin zərərsizləşdirilməsi ilə ordunun döyüş qabiliyyəti yoxlanılır”.

“Əlbəttə, təlimlər həm də siyasi mesajdır. Təbii ki, məqsəd regionda sabitlik yaratmaqdır. Fikrimcə, əvvəlki hazırlıqlar kimi bunun da nəticəsi olacaq. Qazanılan təcrübədən ölkə daxilində istifadə edəcəyik”, - deyə Ü.Cəfərov vurğulayıb.

Daha bir hərbi ekspert Ədalət Verdiyev isə AYNA-ya bildirib ki, təlimlərin Şərqi Zəngəzurda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir:

“Bu təlimlərdə əsas məqsəd hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasını təkmilləşdirməkdir. Bu və digər təlimlər Azərbaycan Ordusunun komandir-rəis heyətinin bacarıqlarını inkişaf etdirmək üçün çox vacibdir”.

“Azərbaycan-Türkiyə tərəfdaşlığı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində silsilə tədbirlər davam edəcək. Şübhəsiz ki, biz zamanla bundan daha irimiqyaslı, daha çox şəxsi heyətin və texnikanın cəlb olunmasını müşahidə edəcəyik. Həmin ərazilərin relyefi və təbiəti öyrənilir, hərbçilərimizin hər hansı təhlükə qarşısında döyüş şəraitinə tez uyğunlaşa bilməsi üçün tədbirlər görülür”, - deyə Ə.Verdiyev əlavə edib.

Ekspertin sözlərinə görə, təlimlər çərçivəsində hərbi qulluqçularımız bir çox müasir hərbi texnika və silahlara da yiyələnərək, bölgədəki üstünlüyü əldə saxlayacaqlar: “Hesab edirəm ki, təlimlərin Laçında keçirilməsi təsadüfi deyil. Bu, həm də Azərbaycana qarşı tez-tez təxribatlar edən, üçtərəfli Birgə Bəyanatı icra etməkdən boyun qaçıran Ermənistana mesajdır. Onlar bilməlidirlər ki, bu və digər təxribatlara davam edəcəkləri halda, onları acınacaqlı vəziyyət gözləyir”.

Analitik Asif Nərimanlı isə AYNA-ya deyib ki, Laçında keçirilən təlimlər Türkiyə və Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə ilk hərbi təlimləridir: “Bununla Türkiyə Qarabağda hərbi mütəvidə baş verə biləcək proseslərdə Azərbaycanla birgə hərəkət edəcəyini əyani şəkildə göstərir. Digər tərəfdən, azad olunmuş ərazilərdə ilk birgə hərbi təlimin məhz Laçında keçirilməsi təsadüfi deyil. Bakının əsas tələblərindən biri də məhz Laçın dəhlizindən qeyri-humanitar məqsədlər üçün istifadə edilməməsidir. Hərçənd, Rusiya sülhməramlılarının nəzarət etdikləri dəhlizdən erməni hərbi texnikasının və hərbçilərinin Qarabağa girişinə şərait yaratması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Belə hallar səbəbindən Azərbaycan dəhlizə vizual nəzarəti gücləndirib. Dəhlizin keçdiyi bölgədə Türkiyə-Azərbaycan təlimləri Bakının tələblərində əlini gücləndirməyə hesablanıb və Azərbaycan bununla dəhlizə nəzarəti artıracağının da mesajını verir”.

“Bununla yanaşı, Bakı və Ankara hərbi təlimlərlə dəhliz üzərində mümkün toqquşmanın olacağı təqdirdə hərbi müstəvidə də birgə hərəkət edəcəyini göstərir”, - deyə siyasi şərhçi fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.