İran ordusunun Azərbaycan yaxınlığında təlimi: - əsgərlərdən biri “Bozqurd salamı” verir
1-10-2021, 18:28

Bu gün İran ordusunun quru qoşunlarının Azərbaycan sərhədləri yaxınlığında, Zəngəzur istiqamətində irimiqyaslı təlimləri başlayıb. Virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə təlimlərdən çoxsaylı foto və videogörüntülər paylaşılır. Kadrlara əsasən İran ordusu bölgəyə çoxsaylı tanklar (onların əksəriyyəti ötən əsrin 60-70-ci illərinə aiddir), zirehli maşınlar, artilleriya və raket sistemləri cəmləşdirib. Bu təlimlər Azərbaycana hədə-qorxu gəlmək məqsədi ilə keçirilir. İran quru qoşunlarının komandanı, briqada generalı Keymaris Heydəri bildirib ki, Tehran “regionda sərhədlərin zorla dəyişdirilməsinə” yol vermək niyyətində deyil.

“Əvvəllər bu regionda müharibə gedib, amma indi təhlükəsizlik və bərpa zamanıdır. Bizim ölkəmizin tarixi, qonşularla münasibətlərimiz stabilliyin və təhlükəsizliyin gözəl sübutudur. Azərbaycandan İrana, oradan Türkiyəyə və ya Naxçıvana, yaxud İrandan Azərbaycana, Ermənistana yükdaşımalar tam təhlükəsizlik və sülh içərisində həyata keçirilməlidir, ölkələr öz öhdəliklərinə əməl etməli və nəqliyyat, enerji daşıyıcıları dəhlizlərinin təhlükəsizliyini təmin etməlidir”,-o bildirib.

İranın regionda sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi barədə bəyanatı Azərbaycanın “Zəngəzur dəhlizi”ni güc tətbiqi ilə açacağına dair iddialardan qaynaqlanır. Lakin məlum deyil ki, İran nəyə görə 30 il ərzində regionda sərhədlərin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə dəyişdirilməsi cəhdlərinə göz yumurdu.
Bu arada sosial şəbəkələrdə “Xeybər fatehləri” təlimlərindən yayılan bir kadr diqqəti cəlb edib. Həmin kadrda İran ordusunun əsgəri (onun sifəti görünmür) əli ilə “Bozqurd” salamı verir. Bu foto sosial şəbəkələrin türk və Azərbaycan seqmentlərində müzakirələrə səbəb olub. Bəllidir ki, İran ordusunun əsgər və zabitləri arasında çoxsaylı etnik azərbaycanlılar var.

virtualaz.org