Dünya liderləri və milyarderlərin offşor hesabları ilə bağlı “Pandora dosyesi” yayımlanıb
4-10-2021, 07:11
Araşdırmaçı jurnalistlərin beynəlxalq konsorsiumu (İCİJ) dünyanın öndə gələn dövlət və biznes adamlarının adlarının qarışdığı “Pandora dosyesi”ni (Pandora papers) yayımlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Guradian” qəzeti məlumat yayıb.
Yazının mətnində qeyd olunur ki, 100-dən çox milyarderin, 35 dünya liderinin və 400 iri dövlət məmurunun offşor sazişləri açıqlanıb. Jurnalistlər son hadisəni son illərin ən böyük offşor ifşası adlandırırlar.
Dosye üzərində 117 müxtəlif ölkədən 600-dən çox jurnalistin çalışdığı bildirilir. Onlar bunun üçün mətbuata sızan 11,9 milyon faylı araşdırıblar.
Rusiya mətbuatı Ukrayna prezidenti Vladimir Zelenskinin də adının dosyeyə qarışdığını bildirib. Jurnalistlərin təsbitinə görə, V.Zelenski özünə aid səhmləri yaxın dostunun offşor şirkətinə köçürüb. Hazırda həmin dostu onun müşaviri vəzifəsində çalışır.