Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB - ABŞ doğurdanmı müharibə istəyir?

21-10-2021, 10:46           
Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB - ABŞ doğurdanmı müharibə istəyir?
Co Baydenin hakimiyyətə gəlməsi ilə Ağ Ev siyasətində Moskvaya qarşı sezilən sərt ritorika son günlərdə özünü daha bariz formada nümayiş etdirməkdədir. Belə ki, Pentaqon rəhbəri Lloyd Austinin oktyabrın 19-da Ukraynaya rəsmi səfəri çərçivəsində ölkənin müdafiə naziri Andriy Taranla görüşdən sonra keçirilən mətbuat konfransında Kremlin ünvanına səsləndirdiyi sərt ittihamlar ciddi narahatlıq doğurub.

Xüsusilə də, Austinin Rusiyanı Krımı işğalı və Donbasda münaqişənin əsas banisi olaraq adlandırması və sülh danışıqlarından boyun qaçırmaqda günahlandırması regionda vəziyyətin yenidən gərginləşməsi ehtimallarını ortaya çıxarıb. Ələxsus da, məhz görüşün keçirildiyi gün Amerika qırıcı təyyarələrinin Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeyd olunan ehtimalları daha da gücləndirib.

Digər maraqlı nüans isə, Austinin səfər gündəliyi ilə bağlıdır.

Belə ki, Pentaqon rəhbəri Ukrayna səfərindən öncə Tiflisi ziyarət edərək, Gürcüstanın müdafiə naziri ilə də görüş keçirmişdi. Burada da ABŞ hər zamankı kimi quru vədlərlə Rusiya qarşısında rəsmi Tiflisin mövqeyini dəstəkləmək yerinə, detalları ictimaiyyətə açıqlanmayan ikitərəfli təhlükəsizlik memorandumunun imzalandığını elan etdi. Bundan əlavə, Austinin Kiyevdən sonra Ruminayaya da səfər etməsi planlaşdırılır və Vaşinqton rəsmisinin Şərqi Avropa ölkələrinə səfərləri oktyabrın 21-22-də Brüsseldə keçiriləcək NATO ölkələrinin müdafiə nazirlərinin sammitindən öncəyə təsadüf edir.

Və diqqətdən yayınmamalı olan digər önəmli nüans isə Moskva cəbhəsindən gəlib. Belə ki, Austinin sərt açıqlamalarından cəmi bir neçə saat sonra Rusiyanın dövlət mətbaut orqanı olan “ria novosti”də Sergey Lavrovun “Ukrayna məsələsində ABŞ-la dialoqu bərpa etdik” açıqlaması ictimaiyyətə elan olunub. Sözügedən dialoqun ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüş zamanı bərpa olunduğunu və Nulandın Kreml səfərinin oktaybrın 11-12-də baş tutduğunu nəzərə alsaq, Lavrovun görüşdən bir həftədən çox vaxt keçdikdən sonra bu informasiyanı mətbuata açıqlaması daha böyük maraq doğurub.

Ağ Evin üzünü Şərqi Avropaya tutmasının səbəbləri

Təbii ki, daha əvvəl də Vaşinqton Rusiya qarşısında Ukrayna və Gürcüstan kartlarını oynamaqla problemli məsələlərdə mövqeyini dəfələrlə ortaya qoyub. Lakin bunlar o qədər də ciddi nəticələr verməyib.

İndiki situasiyada bu mövzuların yenidən qabardılmasının səbəbləri ilə bağlı ekspertlərin açıqlamaları isə iki önəmli nöqtəyə diqqəti yönəldib:

1. ABŞ regionda itirdiyi nüfuzunu yenidən qaytarmaq istəyir. Belə ki, Azərbaycanın Qarabağda qələbəsindən sonra regionda rəsmi Bakının yaratdığı yeni geosiyasi reallıq Ağ Evin bölgədən kənar qalmasına gətirib çıxarıb. Bundan əlavə, rəsmi Ankara ilə “F-35”-lər məsələsindən sonra ABŞ NATO-nun bölgədəki əsas gücü olan Türkiyə ilə də münasibətlərdə problemlər yaşayır. Belə olan halda, Ağ Evin regionda itirdiyi nüfuzunu Gürcüstan və Ukryana kartları ilə gücləndirmək istəməsi başa düşüləndir.

2. Vaşinqtonun Əfqanıstan uğursuzluğunu unutdurmaq niyyəti. Belə ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Talibanın hakimiyyətə gəlməsi Bayden administrasiyasını amerikalıların böyük əksəriyyətinin tənqid hədəfinə çevirib. Təsadüfi deyil ki, məhz bu hadisədən sonra ABŞ prezidentinin siyasi reytinqi ölkə tarixində ən aşağı faizlərə qədər geriləyib. Bu səbəbdən də, Baydenin itirdiyi reytinqini kompensasiya etməsi üçün yeni variantlar ortaya atması vacibdir.

Austinin səfərindən sonra regionu nə gözləyir?

Ümumilikdə isə, istər Austinin açıqlamasında qabartdığı sülh danışıqları məsələsini, istərsə də, Lavrovun ABŞ-la dialoq fikirlərini nəzərə alsaq, Donbas məsələsində diplomatik addımların atılmasının daha real variant olduğunu qeyd edə bilərik.

Lakin regionda lokal gərginliklərin baş verməsi də istisna edilmir. Xüsusilə də, rusiyalı politoloqlar ABŞ-ın verdiyi dəstəyin Qara dənizdə, daha dəqiqi isə Kerç boğazında müəyyən təxribatların baş verməsi ehtimallarını artırdığı qənaətindədirlər.

Bunlardan əlavə, Ağ Evin yaxın dövrdə Ukrayna və Gürcüstanın NATO ilə inteqrasiyasına mühüm diqqət yetirəcəyini də proqnozlaşdıra bilərik.

Lakin ümumilikdə, indiki situasiyada və yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi o qədər də real görünmür.

Murad Əhmədov, Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.