"Haydı, lopatka və irəli!"
7-04-2016, 12:53
Eyni 25 il əvvəlkiyik… Tez coşub, tez sönən… “Ayə, sənöl uşaq əjdahadı basıf gedir”, “Ayə, ə, erməni nəəzir ee, erməni çoxdan qaçıf İrəvana…” Özümüzdən xəbər uydurub, sabah yalanın ifşasını düşünmədən, bu gün həzz alırıq, camaatı saxta xəbərlərlə sevindiririk, sonra hamıyla birlikdə məyus olub, ruh düşkünlüyünə qapılırıq…
Uydurulan xəbərlərə indi daha çox insanı daha tez zamanda, bir tıkla ulaşdırmaq olur. “Füzuli azad olunub!”, “Ağdərə bizdədi!”, “Sərsəngdən su içirik!” deyib, bunu təsdiq etmədiyimə, yalnız gercək xəbərləri söylədiyimə görə məndən az qala küsənlər, sürüyə qoşulub, saxta xəbərlərə sevinmədiyimə görə paxıl hesab edənlər, indi depressiyaya düşüblər. Təqsir özünüzdədi, uşaqlar. O torpaq üçün hərfi mənada canımı qoymuşam, qanım o torpağa qarışıb, bu xəbərlər həqiqət olsaydı, mənmi sevinməzdim? Deyirdim, qardaşlar, millət! dağlıq yerdə uğur alınmış kənd sayı ilə ölçülməz. Dağlarda kəndlər adətən dərədə, alçaqda yerləşir, dağ relyefdə yollara nəzarəti təmin edən yüksəkliklərdi mühüm, vacib… Eyforiyadan eşitmirdiz.
Ancaq mən sevinirdim və bu gün də sizdən fərqli sevinirəm. Sizə də profilimdə az qala MN mətbuat xidmətini əvəz etmişdim. Bütün yazılarım, paylaşdıqlarım burdadı. Lakin məni oxuyandan sonra gedib saxta xəbərlərə inanırdınız.
Sizə kim dedi ki, Qarabağı azad etmək məqsədilə müharibə başlamışıq? Ali Baş Komandan demişdi bu sözləri? Yao nun iradəsindən kənar kimsə özü müharibə başlayır, hədəf, məqsəd müəyyən edir? Niyə biz bu dərəcədə uşaq qalmışıq?
Özünüzdən küsün. Dərs olsun. Saxta sevinc, saxta kədər axtarmayın. Az olsun, gerçək olsun. Az olsun, əsl olsun.
Bir hərbçi kimi deyirəm, ordumuz çox mühüm, çox əhəmiyətli yüksəklikləri alıb, vurub düşməni onlardan aşırdıb, sonra gecəylə üzü düşmənə səngər qazıb, sonra onun bütün əkshücumlarını dəf edib, həmin yüksəklikləri bu gün də saxlayır. Bu nə deməkdi? Bax, gecədi, belinə 20 kq yük al, əlinə lopatka, qaça qaça dırmaş dağa. Sonra lopatkanla, dağda sinənə kimi quyu qaz. Bunların hamısını tez tez elə, ağzını ayırıb, ləhləmə! tez, qaça qaça! İndi isə gir qazdığın quyuya və səhərə kimi gözünü qırpmadan, qaranlığa zillə. Yumma gözünü, maymaq! Erməni sənə konfet atmır! Anan ağlar qalacaq, axmaq əsgərt! Sadəcə bunu edin, dostlar. Demirəm, güllə və mərmi yağışı altında. Elə-belə özünüzü yoxlamaq üçün. Mərmi yaxına düşəndə guppultu eşitmirsən, cart! Sanki qalın parça cırılır. Dizlər qatlanır, bu zəlzələni ölçən bal yoxdu. Torpağın cırılmasının səsini eşidəndə ibtidai hisslə anlayırsan ki, sən də torpaqdan əmələ gəlmisən, torpağa yazığın gəlir. Fitrətinə, təbii qorunma instinktinə görə sıxılıb, bu atəşdən qaçmaq əvəzinə atəşin altına girməlisən, təbiət başını çiyinlərinə sıxır, sən isə başını qaldırıb, düşməni nişan alıb, atəş açmalısan. Döyüş filmində rol ifa etmirsən, sevdiyiniz artistlər kimi, hər şey əsldi, həqiqət anıdı.
Məyus olduq, ruhdan düşdük… Haydı, lopatka və irəli! Heş olmasa bağınızda adam boyu quyu qazın, görüm ondan sonra hücuma gedib, dağda bir gecəyə möhkəmlənmiş əsgəri düşünəcəksiniz ya dərin geosiyasi, geostrateji düşüncələrə varacaqsınız
Nazim Bayram -Hərbi ekspert