Ukrayna pazlı

18-03-2022, 12:02           
Ukrayna pazlı
Vladimir Putinin Ukraynaya qarşı müharibəsini əsaslandıran səbəblər Kiyevə qarşı hücumun əsl məqsəd və vəzifələrini açıqlamır, belə ki, müharibədən əvvəlki dövrdə Putin Zelenskiyə qarşı açıq tələblər irəli sürmürdü və hücumun əsasları siyahısına daxil olan məsələlərlə bağlı danışıqlar aparmırdı.

Moskva Ukraynaya qarşı şərtlərinin qəbul etdirilməsi üzrə hərbi əməliyyatın həyata keçirilməsi üçün əsas olan 4 tələb irəli sürüb:

– Ukraynanın demilitarizasiyası.

– Ukraynanın Krımı RF-nin bir hissəsi kimi, DXR və LXR-in isə müstəqil statusunu tanıması.

– Konstitusiyada “hər hansı bloka” daxil olmaq iddialarından imtinanın əksini tapması.

– “Denazifikasiya”.

Regionda yaranan vəziyyətə, münaqişə tərəflərinin və maraqlı üçüncü qüvvələrin maraqlarına, fikir ayrılıqlarına, təhdid və addımlarına diqqət yetirdikdə müharibənin əsl səbəblərinə müəyyən dərəcədə aydınlıq gətirmək olar.

1. Ukrayna. Bu ölkə SSRİ-nin dağılmasından etibarən çoxəsrlik ruslaşdırılmadan sonra milli kimliyinin bərpa edilməsi üzrə əhəmiyyətli yol keçib. Bu proses xüsusən Maydan inqilabından sonra sürətlənib və Rusiyanın Ukraynaya qarşı təcavüzü, ukraynalıların milli ləyaqətinin alçaldılması üzrə təbliğat aparılması və Kremlin onun daxili işlərinə açıq-aşkar müdaxiləsi ilə sürətlənib.

Ukrayna Avropa inkişaf istiqamətini seçib. Amma bu yolda qarşıdurma ilə üzləşib: korrupsiyanın yüksək səviyyəsi, oliqarxların güclü təsiri, islahatların ləngiməsi. ABŞ və Aİ-nin ölkədə islahatlar prosesini sürətləndirmək üzrə bütün cəhdləri uğursuzluğa düçar olub. Saakaşvili başda olmaqla, Gürcüstan islahatçılarının Ukraynaya yerləşdirilməsi, həmçinin BVF-nin islahatlar keçirilməsinə ayrılan 40 milyardlıq paketi də kömək etməyib. Prezident Zelenskinin reytinqi xeyli sarsılıb, islahatlara qarşı mübarizə aparan oliqarxların mövqeyi isə xeyli güclənib. 2021-ci ilin noyabrında Zelenskinin reytinqi 19,3%-lik rekord rəqəmə qədər düşüb, ona bağlı olan “Sluqa Naroda” partiyası isə həmin anda parlament seçkiləri keçiriləcəyi təqdirdə 16,6% qazana bilərdi. İnflyasiya 10% təşkil edirdi, əhalinin 23%-dən çoxu yoxsulluq həddinin altında idi.

Vəziyyət getdikcə daha da kritikləşirdi, belə ki, BVF ilə memoranduma əsasən, Ukrayna bazar qiymətlərinə keçməlidir, bu da qiymətlərin 2-3 dəfə artmasına səbəb olmalı idi. Hadisələrin bu cür gedişatı Ukraynada böyük iğtişaşlara gətirib çıxara və yeni Maydana, bu da hökümətin istefasına, parlamentin buraxılmasına səbəb ola bilərdi. Növbəti və növbədəkənar keçirilməsi ehtimalı yüksək olan parlament və prezident seçkilərini qeyri-müəyyən istiqamətli oliqarxlar udardı.

Bu fonda əhalinin gələcək inkişafın Avropa və postsovet yolları arasında seçimindəki dalğalanmalar Moskvanın xeyrinə doğru istiqamət alırdı.

Beləliklə, Ukraynanın daxili siyasi böhrana doğru sürükləndiyini və kollapsın qaçılmaz olduğunu qeyd etmək olar. Amerikanın Ukraynanı Avropa məkanına daxil etmək planı uğursuzluğa düçar olmuşdu. Rusiyanın digər postsovet regionlarına doğru genişlənməsi təhlükəsi yaranırdı.

2. Rusiya. Vladimir Putinin Rusiyanı ölkənin müstəqilliyinin ilk onilliyində başlamış qeyri-müəyyənlik və yarımanarxiya vəziyyətindən çıxarmaq üzrə heç bir cəhdi uğurla nəticələnmədi. Putinin dövründə mərkəzləşmiş idarəetmə sisteminin möhkəmlənməsinə və oliqarxlar üzərində müəyyən nəzarət qurulmasına baxmayaraq, Rusiya sabit inkişaf yoluna çıxa bilmədi. 1998, 2008, 2013 – 2022-ci illərin iqtisadi böhranları onu sarsıtdı. Böhranlar arasındakı dövrlərdə ölkə enerji daşıyıcılarının qiymətinin artması sayəsində müəyyən möhlət qazanırdı, bu da iqtisadi fəallığı bir qədər artırmağa və əhalinin rifahını yüksəltməyə imkan verirdi. Amma, qeyd etmək lazımdır ki, bu günədək davam edən 2013-cü il böhranının başlamasından sonra belə bir möhlət olmayıb və böhranı müvəqqəti də olsa aradan qaldırmaq mümkün olmayıb. ÜDM-in orta illik artımı 0,9% təşkil edib. Son üç ildə vəziyyət çətinləşib, bu da hökumətin dəyişməsinə gətirib çıxarıb. Amma bu da vəziyyəti düzəltməyə imkan verməyib. Vəziyyət pisləşməyə davam edib.

Pandemiyanın başlaması və bazarda böyük boşluqla, neft və qaz gəlirlərinin azalması ilə əlaqədar Mərkəzi Bank 2020-ci ilin aprelindən qızıl almaqdan imtina edib. Rusiya hakimiyyəti qızıl hasilatçılarının qiymətli metalı qeyri-məhdud miqdarda ixrac etməsinə icazə vermək məcburiyyətində qalıb. Hakimiyyətin strategiyası qızılın xaricə satışından əldə edilən gəlirlə azalan neft-qaz gəlirlərini qarşılamaqdan ibarət idi. Bu, müəyyən dərəcədə alındı – dövlət qızıl ixracından ayda 1,5-2 mlrd. dollar qazanır. Amma bu, Rusiyaya baha başa gəlir: apreldən sentyabra qədər banklar və hasilatçılar, demək olar ki, çıxarılan bütün qızılı xaricə aparıb, bu qızılın həcmi isə ölkənin qızıl ehtiyatlarının 10%-nə bərabərdir.

Rusiyanın 2019-cu ildə emal edilməmiş şəkildə və külçə şəklində 5,76 mlrd. dollarlıq 123 ton qızıl ixrac etdiyi qeyd edilir. 2020-ci ildə qızıl ixracı iki dəfədən çox – 320 tona qədər artıb. İlkin hesablamalara görə, 2021-ci ildə 17,4 mlrd. dollarlıq 302,2 ton qızıl ixrac edilib.

Diqqət edin, 2016-cı ildə 22,4 ton, 2017-ci ildə 56,6 ton ixrac edilib, 2018-ci ildə 17 ton qızıl ixrac edildiyi halda MB 274 ton qızıl alıb.

Qızıl bir rübdə təxminən 6,25 mlrd. dollar gəlir gətirirdi, bu da qaz ixracından gələn gəlirdən (4,5 mlrd. dollar) üçdə bir dəfə çox idi. Yəni qızıl ticarət balansı və xəzinə üçün qazdan daha əhəmiyyətli idi.

Ölkədə hakimiyyətdən narazılıq yaranırdı. Sosial şəbəkələr sosial və siyasi narazılığın artdığı və vətəndaşların özünütəşkilinin baş verdiyi əsas meydana çevrildi. Buna cavab olaraq cəmiyyətə qarşı təzyiq artdı, tətbiq edilmiş xarici casus statusu KİV-i, QHT-ləri əhatə etdi, fəalların həbsləri – Navalnının işi başladı. 2021-ci ilin noyabrında Putinin seçim reytinqi 32%-ə düşdü. “Levada-Sentr”in sorğu nəticələrinə əsasən, bu, 2014-cü ildən etibarən ən aşağı nəticədir.

2021-ci ildə Rusiyadan xalis kapital axını əvvəlki illə müqayisədə 42,8% artıb və 72 mlrd. dollar təşkil edib. Bu, Mərkəzi Bankın açıqladığı tədiyyə balansından görünür.

Rusiya texnoloji cəhətdən getdikcə daha çox nəzərəçarpacaq dərəcədə geri qalırdı, bu, ABŞ-ın liderlik fərqinin artdığı kosmik proqramlardan və silah bazarından görünür.

Rusiya növbəti böhran, rublun devalvasiyası astanasında idi, bu da əhalinin artan sosial narazılığı ilə birlikdə partlayış təhlükəli inqilab vəziyyəti və hakimiyyətin dəyişdirilməsi, regionların mərkəzdən ayrılması ehtimalı yaradırdı.

Cəmiyyətin daxilən birləşməsi və siyasi məhdudiyyətlərin əsasllandırılması üçün yalnız Rusiya üçün təhdid təşkil edən xarici düşmən amilindən istifadə etmək və bununla əlaqədar olaraq qabaqlayıcı zərbə endirmək qalırdı, 1999-2000-ci (Çeçenistan müharibəsi), 2008-ci (Gürcüstana qarşı təcavüz), 2014-cü (Ukraynaya qarşı məhdud təcavüz), 2015-ci (Rusiyanın Suriyada müharibəyə daxil olması), 2015-ci (Türkiyə ilə qarşıdurma – Türkiyə HHQ-nin vurduğu təyyarə ilə bağlı hadisə) illərdə olduğu kimi.

3. ABŞ-Aİ. Ukraynanı Qərb inkişaf istiqamətinə çıxarmaq cəhdləri uğurla nəticələnməyib. Sovet keçmişinə dönüş təhlükəsi yaranıb. Bu, təsir zonasını genişləndirmək siyasəti üçün risk yaradırdı, bu da ABŞ-Aİ-nin milli maraqlarına zidd idi.

Böyük nüvə potensialına malik olan Rusiyada sabitliyin pozulması nüvə arsenalına ayrı-ayrı şəxslər və ya qruplar tərəfindən nəzarət və onun istifadəsi təhlükəsini artırırdı, bu da dünyada nüvə müharibəsi ehtimalını gücləndirirdi.

Müharibənin sonu. Nəticə

1. Ukrayna. Ölkə tezliklə müstəqilliyini qoruyub saxlamağa müvəffəq olacaq. O, misli görünməmiş, ABŞ, Aİ, beynəlxalq maliyyə təşkilatlarının standart prosedurlarından kənar təcili siyasi yardım və maliyyə yardımı əldə edəcək. Bu proses artıq başlayıb. Ölkədə bütün sahələrin Qərb standartlarına uyğun olaraq sürətlə müasirləşdirilməsinə başlanacaq. Korrupsiyaya qarşı mübarizə, islahatlar, demokratiyanın, azad iqtisadiyyatın təşviqi sahəsində ciddi uğur əldə ediləcək. Ukrayna xalqının quruculuq potensialı üzə çıxacaq, əhalinin rifahı sürətlə artmağa başlayacaq. Avrointeqrasiya prosesi sürətlənəcək, Brüssel artıq buna siyasi kart-blanş verib.

2. Rusiya. Ölkədə xarici investisiyalar cəlb edilməklə yeni iqtisadi siyasət başlayacaq. Qərbin sanksiyalarının sürətlə aradan qaldırılması və islahatlar aparılması üçün maliyyə yardımı ayrılması prosesi başlayacaq. Qərb kapitalının iştirakı ilə iqtisadiyyatın müasirləşdirilməsi genişmiqyaslı xarakter qazanacaq. Sürətli və geniş siyasi islahatlar və demokratikləşmə gözləməyə dəyməz. Amma institusional islahatlar, idarəetmə sisteminə Avropa ilə əməkdaşlığa can atan gənc kadrların gətirilməsi qaçılmaz olacaq. İqtisadiyyatın zərərli postsovet oliqarxiya sistemindən dünyanın qabaqcıl iqtisadiyyatları prinsipinə uyğun olaraq sağlam iqtisadiyyat istiqamətində dəyişməsi üzrə islahatlar başlayacaq. Bu fonda demokratikləşmə və cəmiyyətin informasiya azadlığı əldə etməsi prosesi bir qədər geridə qalacaq. Rusiyanın postsovet ölkələrinə güc təsiri azalacaq və əksinə, iqtisadiyyat sahəsində və digər sahələrdə, xüsusən təhlükəsizlik sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın qurulması amili güclənəcək.

3. ABŞ-Aİ. Qərb yarımkürəsi Ukraynanı öz ağuşuna alacaq. Aİ-nin şərq cəbhəsində sürətlənmiş avrointeqrasiya prosesi başlayacaq. Postsovet məkanı ilə əməkdaşlıq güclənəcək. Qərbin Rusiya iqtisadiyyatına investisiyaları genişmiqyaslı xarakter qazanacaq, bu da ölkənin daha çox açıqlıq və proqnozlaşdırılma mümkünlüyü istiqamətində gələcək inkişafına təsir edəcək. Qərb və Rusiyanın, təhlükəsizlik də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığı güclənəcək. Qərbin Avrasiya məkanına təsiri xeyli güclənəcək.

Mehman Əliyev

Mənbə: Turan.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.