RUSLAR MÜHARİBƏ İSTƏYİRMİ? - Rusiyada keçirilən sorğunun təəccüb doğuran nəticələri

19-03-2022, 00:06           
RUSLAR MÜHARİBƏ İSTƏYİRMİ? -
Son günlər ərzində keçirilən rəy sorğuları Rusiya cəmiyyətinin heç də həsəd aparılacaq mənəvi və sosial durumda olmadığını bir daha ortaya qoyub.

“Azadlıq Radiosu” bir qrup müstəqil sorğu mərkəzlərinin Rusiyada keçirdikləri rəy sorğusunun nəticələrini dərc edib. Nəticələr göstərir ki, Rusiya əhalisinin əhəmiyyətli hissəsi bilərəkdən, ya da aparılan total təbliğatın nəticəsi olaraq müasir sivilizasiya, insan haqları, ədalət, sülhpərvərlik və s. kimi anlayışlardan uzaq düşüb. Ancaq sorğunu keçirənlər ilk başdan bildirirlər ki, rəylərini soruşduqları rusiyalıların qorxudan, ehtiyat etdiklərindən, söz azadlığına qadağalardan, yaxud bilərəkdən gerçək mövqelərini gizlətmələri istisna olunmur.

Beləliklə, sorğunun nəticələrinə görə, rusiyalıların 71(!) faizi Ukraynaya qarşı müharibəni dəstəkləyir. Bu da azmış kimi, həmin bu “vətənpərvər” kəsim müharibənin gedişində qürur, sevinc, hörmət və ümid kimi hisslər keçirdiklərini bildiriblər. Qeyd olunur ki, bu “hissləri” daha çox yaşı 35-dən yuxarı olanlar keçirir, 18 yaşa qədər resspondentlər isə baş verənlərlə bağlı kədər və məyusluq hissinə daha çox meyllidirlər.

Gənc rusiyalılar yaşlılara nisbətdə müharibəyə görə daha çox narahatlıq keçirirlər. Yaşı 25-44 yaş aralığında olanlar yaşlı ruslarla müqayisədə qorxu və həyəcan hissinə daha çox qapılırlar. Bununla yanaşı, sorğuda iştirak edənlərin cəmi 40 faizi müharibəyə görə narahatlıq yaşadığını bildirib. Müharibəni və Putinin addımlarını dəstəkləyənlərin arasında yaşı 55-dən yuxarı olanlar böyük üstünlük təşkil edirlər.

Sorğunun daha bir maraqlı nəticəsi rusların bağlı olduqları informasiya mənbələrilə əlaqədardır. Məlum olub ki, əhalinin 75 faizi müharibə və ümumilikdə dünyada və Rusiyada baş verənlərlə bağlı məlumatı yalnız televiziyalardan öyrənir. Əhalinin 64 faizi isə bu məlumatları yalnız və yalnız dövlət kanallarından alır. Rusiyadakı dövlət kanallarının hansı vəziyətdə olduğunu da xüsusi şərh etməyə ehtiyac yoxdur...

Ancaq o da maraqlıdır ki, rəyi soruşulanların cəmi 33 faizi Putinin məhz Rusiya əhalisinin maraqlarından çıxış etdiyinə əmin olduğunu bildirib. Buna baxmayaraq, rusların yarıdan çoxu Putinin mümkün qədər daha çox hakimiyyətdə qalmasına tərəfdardır. Qeyd olunur ki, bu mövqe daha çox Rusiya dövlət telelkanallarının auditoriyasına aiddir. Digər mənbələrdən, şəxsi əlaqələrindən və rəqəmsal platformalardan məlumat alanların isə böyük əksəriyyəti Putinə qarşı müxalif mövqedədirlər.

Rəy sorğusunun nəticələri göstərir ki, gözlənilənlərin əksinə olaraq, rusların müharibəyə münasibəti heç də getdikcə pisləşmir. Əksinə, “xüsusi əməliyyatı” dəstəkləyənlərin sayı fevralın sonu ilə müqayisədə martın ortalarında daha da artıb. Ancaq bununla yanaşı, sanksiyaların təsirini “öz dərisində” hiss edənlərin də sayı xeyli artıb. Nəticədə şəxsi maliyyə vəziyyətilə bağlı pessimist əhval-ruhiyyədə olanların sayı böyük ölçüdə çoxalıb.

Onu da qeyd edək ki, iqtisadi sanksiyalar ölkəyə dərhal təsir göstərmir və onların Rusiya iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə, gəlirlərinə, alıcılıq qabiliyyətinə, iş yerlərinə və s. vurduğu zərbə hələ yaxın zamanlarda öz sözünü deməyə başlayacaq.

Digər yandan Rusiya təbliğat maşını hələ ki, Ukraynadakı uğursuzluğunu, itkilərini, böyük ölçüdə həqiqətləri öz əhalisindən gizlətməyə nail olsa da, bu məxfiliyi uzun müddət təmin etmək mümkün olmayacaq. Bütün həqiqətlər, hərbi cinayətlər və sanksiyaların sarsıdıcı təsiri gec-tez üzə çıxacaq. Ona görə də oxşar rəy sorğusu bir müddət sonra keçirilsə, böyük ehtimalla tamamilə başqa mənzərə ilə qarşılaşacağıq.

Ancaq hər halda, bu rəy sorğusu Rusiya cəmiyyətində şovinizm, imperializm və digər bu kimi neqativ amillərin dərin kök saldığını bir daha ortaya qoymuş olub.

Yeri gəlmişkən, müharibənin ilk günlərində Ukraynanın üçüncü Prezidenti Viktor Yuşşenko Putinə və rusiyalılara olduqca sərt ittihamlarla dolu bir müraciətlə çıxış etmişdi.

Həmin müraciətin bir yerində deyilirdi: “SSRİ-nin 70 ili ərzində insanların beyninə bir təbliğat sualı yeridilirdi: “Ruslar müharibə istəyirlərmi?” Bu gün həmin sualın cavabı qısa və aydındır: “İstəyirlər!””.../azpolitika












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.