Yenə Kreml izi...

26-04-2022, 12:36           
Yenə Kreml izi...
Sərhəddə təxribatların davam edəcəyi gözləniləndir

Şəraiti Rusiya sərhədçiləri yaradıb. Bununla Moskva Brüssel razılaşmasını pozmağa, öz vasitəçiliyinin önə çıxmasına çalışır

Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazisində növbəti təxribata cəhd edib. Aprelin 23-də ermənilərin təxribat-diversiya qrupu Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisində dövlət sərhədini keçmək istəyərkən zərərsizləşdirilib. Hadisə ilə bağlı Ermənistanın təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri də məlumatlandırılıb. Dövlət Sərhəd Xidməti bəyan edib ki, təkrar belə bir hadisə baş verərsə, daha ciddi tədbirlər görüləcək. Xatırladaq ki, aprelin 12-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan-Ermənistan rəhbərliyi arasında keçirilən görüşdə sülh sazişinin imzalanması ilə bağlı rəsmi Bakının irəli sürdüyü şərtlər əsasında müsbət addım atıldı.

Aprelin 30-dək Bakı ilə İrəvan arasında Birgə Sərhəd Komissiyasının üzvləri təyin edilməsi təklif olundu. İndiki halda sərhəddə təxribat törədilməsi birmənalı olaraq birgə komissiyaların yaradılması və işlərin aparılmasına qarşı yönəlmiş təxribatdır. Şübəsiz, təxribata görə, bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Görünür, Paşinyan Ermənistan ictimaiyyətində xal qazanmaq üçün manipulyasiya edir və adəti üzrə verdyi vədləri yerinə yetirməmək üçün əlindən gələni edir. Sərhəd təxribatı Ermənistanın hələ də baş verən proseslərdən doğru-düzgün nəticə çıxarmadığını göstərir. Əgər Ermənistanın siyasi rəhbərliyi ilə hərbi rəhbərliyin arasında problem mövcud olsaydı, o zaman Paşinyan onlardan heç olmasa birini vəzifədən uzaqlaşdırar, onlarla razı olmadığını nümayiş etdirərdi. İndiki halda proseslərin Paşinyanın iradəsindən kənarda baş verdiyini düşünmək inandırıcı deyil. Reallıq odur ki, Ermənistan tərəfi dəhlizin açılmasında, sərhədlərin müəyyənləşməsində, normallaşma prosesində indiyədək heç bir təşəbbüs irəli sürməyib. Rəsmi Bakının təkliflərindən isə mümkün qədər boyun qaçırıb. Ona görə də Azərbaycan sərhəd təxribatlarına təmkin göstərməməli, təxribat qruplarının geri çəkilməsinə yox, onların məhv edilməsinə nail olmalıdır.


Ermənistanın növbəti təxribatı ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Paşinyanın Moskva səfərindən sonra belə təxribat gözlənilən idi. Analitik xatırladıb ki, Brüssel və Paşinyan-Putin görüşündə sərhədin delimitasiyası ilə bağlı eyni mövqe sərgiləndi:

“Qərb masasında birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması razılaşdırıldı. Rusiyada prosesin tezləşdirilməsi məsələsi ön planda idi. Qərb və Rusiyanın “vasitəçilik” üzərində yarışı müşahidə olunsa da, hər iki tərəfdən çıxacaq nəticə İrəvanın istəyinə uyğun deyil. İstisna deyil ki, sərhədin delimitasiyası Rusiyada mövcud olan xəritələr əsasında və Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək. İki məqam bu ehtimalı gücləndirir. Birincisi, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatına – Rusiyanın vasitəçiliyinə istinad edilir. İkincisi, Şarl Mişelin Putinə zənginə dair məlumatda tərəflərin üçtərəfli bəyanatların icrasını müzakirə etdiyi qeyd olunur. Mişel və Putinin sərhəd məsələsinin birgə həllinə razılaşdığı mümkündür. Ardınca Mişelin liderlərə zəng etməsi, Bakının sülh sazişi və sərhədlə bağlı komissiyanın tərkibini müəyyənləşdirməsi də ortaq fikrin olduğu versiyasını önə çıxarır”.

Ekspert vurğulayıb ki, rəsmi İrəvan isə sərhədlə bağlı “güzgü prinsipi”nin tətbiq edilməsini və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsini istəyir:

“Bu, Azərbaycan Ordusunun müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməsi və SSRİ dövründə otlaq-əkin sahəsi ilə ermənilərə verilən ərazilərin, o cümlədən, anklavların Ermənistanda qalması deməkdir. Bakının bunu qəbul etməyəcəyi məlumdur. Bu həm də sərhədlə bağlı ilkin razılaşmalara uyğun deyil. Brüssel və Moskvada prosesin tezləşdirilməsi istəyi də Ermənistanın istəyinin masada olmadığı deməkdir. Brüssel və Moskvadan eyni cavabla İrəvana qayıdan Paşinyan diversiya qrupunu sərhədə göndərməklə razılaşmları sıfırlamaq, ən azı istəklərinin nəzərə alınması vəziyyətini yaratmaq istəyir”.

A.Nərimanlı qeyd edib ki, burada diqqətçəkən əsas məqamalardan biri erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsidir:

“Bu, o versiyanı önə çıxarır ki, təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb. Bununla Moskva Brüssel razılaşmasını pozmağa, öz vasitəçiliyinin önə çıxmasına çalışır. Hərçənd, Brüsseldə sərhəd razılaşmasının Soçi bəyanatına əsaslanması, Mişellə Putinin müzakirələri bu ehtimala dair suallar yaradır. O da istisna deyil ki, Ermənistanın Rusiya sərhədçilərinin nəzarət etdiyi xətdən diversiya cəhdi Bakı və Moskvanı üz-üzə qoymaq, bununla istəklərinə Rusiyadan dəstək əldə etmək, yaxud ən azı iki masadan birində vəziyyəti dəyişdirmək gedişidir. Diversiya cəhdinin Paşinyanın ən çox gündəmə gətirdiyi Kəlbəcər istiqamətində yox, məhz Zəngilan istiqamətində edilməsi də diqqəti bu amilə yönəldir. Sərhəddə təxribatların davam edəcəyi gözləniləndir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.