Halk Hoqanın qızından təklif: "Atamın meyitinin yarılmasını istəyirəm"
Bu gün, 16:08

Əfsanəvi amerikalı restler və aktyor Halk Hoqanın qızı Bruk atasının meyitinin yarılmasını istəyir və proseduru şəxsən maliyyələşdirməyə hazır olduğunu bəyan edib.
Bu barədə o, "Instagram" hesabında paylaşım edib.
Bruk atasının ölümü ətrafında dolaşan söz-söhbət və qeyri-müəyyənliyə son qoymaq istədiyini bildirib:
"Çox şadam ki, atam hələ kremasiya edilməyib. Onun ölümü ilə bağlı yayılan bütün spekulyasiyalar və qeyri-müəyyənlik fonunda meyitin yarılmasını təklif edirəm. Atamın ləyaqəti və irsi bunu tələb edir", - deyə o vurğulayıb.

Halk Hoqanın həyat yoldaşı Skay isə bildirib ki, ailənin bəzi tibbi sualları olduğu üçün kremasiya prosesi təxirə salınıb.
Xatırladaq ki, amerikalı restler, aktyor, sahibkar və musiqiçi Halk Hoqan iyulun 24-də, 72 yaşında miokard infarktından vəfat edib. Bu nəticə Florida ştatının Pinellas dairəsinin məhkəmə-tibbi ekspertiza mərkəzi tərəfindən təsdiqlənib. Rəsmi məlumatlara görə, Hoqanın ölümündə zorakılıq izlərinə rast gəlinməyib.
Tibbi sənədlərə əsasən, Hoqan leykemiya və səyirici aritmiyadan əziyyət çəkib. Onun xərçəng xəstəsi olduğu barədə bu günə qədər məlumat verilməmişdi. Bundan əlavə, o, may ayında boyun nahiyəsində cərrahiyyə əməliyyatı keçirmişdi. Həmin vaxt mediada əməliyyatın ağır fəsadlar verdiyi və onun komaya düşməsi ilə bağlı xəbərlər yayılmışdı. Lakin Hoqanın həyat yoldaşı Skay iddiaları təkzib edərək, əməliyyatdan sonra ürəyinin yaxşı vəziyyətdə olduğunu bildirmişdi.