Belarusun növbəti prezidenti kim olacaq? - NAMİZƏDLƏR
Bu gün, 15:38

Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko "Time" nəşrinə verdiyi müsahibədə növbəti prezident seçkisində namizədliyini irəli sürməyəcəyini elan edib. Bəs görəsən Belarusu növbəti müddətə kim idarə edə bilər?
Bu barədə NEWS.ru material yayımlayıb.
Qeyd edək ki, Lukaşenko Belarus Respublikasının ilk və yeganə prezidentidir. O, bu vəzifəni 20 iyul 1994-cü ildən tutur. 2025-ci ildə o yeddinci dəfə dövlət başçısı seçilib. Növbəti seçki isə 2030-cu ildə keçiriləcək.
Lukaşenkonun sözlərinə görə, o, 2024-cü ildə də prezident olmaq istəməyib və bu fikrini dilə gətirib. Lakin ona yenidən namizəd olmaq üçün öz ətrafından təzyiq göstərilib.
Dövlət başçısı bəyan edib ki, əsas olan onun varisinin Belarusu "dağıtmağa" cəhd etməməsidir. Lukaşenko kiçik oğlu Nikolayın varis olmayacağını da xüsusi vurğulayıb.

Politoloq Yuri Svetov bildirib ki, Lukaşenko müxalifət qüvvələrinin hakimiyyətə gəlib ölkəni dağıtmasına imkan verməyəcək: "O, özünə ağıllı varis seçəcək. Lukaşenkonun böyük siyasi təcrübəsi var, o, prezident vəzifəsində çox hadisələr yaşayıb. Təbii ki, o, elə edəcək ki, onun varisi Belarusun maraqlarını qoruyan bir insan olsun. Heç bir müxalifətçi siyasətçiyə orada yol verilməyəcək. Əlbəttə, hər şey ola bilər, amma mənim fikrimcə, o, öz siyasətinin davam etdirilməsi üçün əlindən gələni edəcək", - Svetov deyib.
"Time"a verdiyi müsahibədə Lukaşenko potensial prezidentliyə namizədlərinin artıq "görünən yerdə" olduğunu qeyd edib. 2030-cu il seçkisində potensial namizədlər arasında nəşr aşağıdakı şəxsləri qeyd edir:
Oleq Qaydukeviç - Belarus Liberal-Demokrat Partiyasının lideri, biznes dairələrinə və iqtisadi inkişafa üstünlük verir; 2025-ci il seçkisində səslərin 2.02%-ni toplayıb.
Sergey Sırankov - Belarus Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, sosial islahatları müdafiə edir; 2025-ci il seçkisində səslərin 3.21%-ni alıb.
Aleksandr Xijnyak - Respublika Əmək və Ədalət Partiyasının sədri, "Belarus-2030" proqramı ilə gənclərə və inkişafa üstünlük verir; ötən seçkidə səslərin 1.74%-ni toplayıb.
Anna Kanopatskaya - müxalifətin liberal qanadının nümayəndəsi, Qərblə yaxınlaşmağa üstünlük verir; 2025-ci il seçkilərində müstəqil namizəd kimi səslərin 1.86%-ni yığıb.
Dmitri Krutoy - Belarus Prezident Administrasiyasının rəhbəri, Rusiyadakı sabiq səfir, baş nazirin keçmiş birinci müavini və sabiq iqtisadiyyat naziri; mətbuat xüsusilə onu Aleksandr Lukaşenkonun potensial varisi kimi qeyd edir.