“Akkord” satdığı evə FƏRQLİ SƏNƏD VERİB... - Məhkəmə də vətəndaşa qarşıdır...
Bu gün, 15:47

Son 20 ildə tikilən hündürmərtəbəli binalarda mənzil alan vətəndaşları narazı salan əsas məsələlərdən biri də evlərin ölçüsünün müqavilədə və çıxarışda fərqli göstərilməsidir. Vətəndaşlar tikinti şirkəti ilə bağladıqları müqavilədə daha böyük sahəyə görə pul ödəyib, mənzil aldıqları halda, sonradan həmin əmlakın çıxarışını əldə edəndə bu sənəddə evin sahəsinin xeyli aşağı göstərildiyini görürlər. Bununla əlaqədar indiyədək vətəndaşlarla tikinti şirkətlərinin məsul şəxsləri arasında çoxsaylı mübahisələr, qalmaqallar yaşanıb.
Bizimyol.info xəbər verir ki, Bakı Sumqayıt şossesinin 7-ci kilometrliyində yerləşən “Abşeron Gənclər Şəhərciyi”ndə yaşayan sakinlərdən biri eyni məsələ ilə əlaqədar məhkəməyə müraciət edib. Narazı vətəndaş şikayətində göstərib ki, 2007-ci ildə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə alqı-satqı müqaviləsi bağlayıb. Həmin müqavilədə aldığı mənzilin sahəsi 69.5 kvadrat metr göstərilib. Hər kvadrat metr üçün 834 manat olmaqla, 58 min manata yaxın ödəniş edib. 22 iyun 2023-cü ildə mənzilinə çıxarış və texniki pasport alanda görüb ki, orada evinin ümumi sahəsi 58 kvadrat metr qeyd olunub. O, hesab edir ki, şirkət mənzilin kvadratını 11.5 kvadrat metr artıq göstərməklə onu aldadıb və ödənişi çox alıb. Bu səbəbdən də məhkəmədə iddia qaldırıb ki, həmin artıq sahəyə görə ödədiyi vəsait – 9591 manat geri qaytarılsın.
Cavabdeh şirkət isə şikayətçinin etirazı ilə razılaşmır: “Hamıya məlumdur ki, mənzillərin sahələrinin ölçülməsi müxtəlif dövrlərdə fəqli olub. Hazırda mənzillərin sahələri Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları əsasında müəyyən edilir. “Akkord” mənzilləri həmin qaydalar qüvvəyə minməmişdən əvvəl satıb. Bu səbəbdən də “Akkord”un satdığı mənzillərin müqavilələrdə göstərilən ölçüləri dövlət reyestrindən çıxarışlardakı ölçülərlə uyğun gəlmir. “Akkord” heç bir alıcını aldatmayıb. Müqavilə əsasında mənzillər satılıb, mənzillərin sahəsi də layihədə qeyd olunan sahələrə uyğun göstərilib”.
Məhkəmə vətəndaşın şikayətini təmin etməyib, bu məsələdə şirkətin haqlı olduğu qənaətinə gəlib.