İrandan Azərbaycana daha bir absurd ittiham - Cavab gecikmədi

Bu gün, 15:28           
İrandan Azərbaycana daha bir absurd ittiham -
İran Ali Rəhbərinin Təbrizdəki “Aşura” Korpusundakı nümayəndəsi Əbdolarəhim Sarai Azərbaycana qarşı şər-böhtanla çıxış edib. “Tasnim” xəbər verir ki, o, İsrailin Azərbaycan üzərində “tam hökmran” olduğunu iddia edib.

Sarainin sözlərinə görə, “sionist rejim”in Azərbaycanda geniş şəkildə mövcudluğu ölkənin, eləcə də qonşu dövlətlərin təhlükəsizliyi və müstəqilliyinə təhlükə yaradır. O, İsraildən gələn təyyarələrin guya vaxtaşırı İran sərhədi yaxınlığında tikilmiş hava limanına (ehtimal ki, Füzuli hava limanı nəzərdə tutulur - red.) getməsinə diqqət çəkib.

“Bu aydın və birmənalı mövcudluq sionist rejimin Azərbaycan Respublikası üzərində tam hökmranlığına dəlalət edir”, - Xameneinin nümayəndəsi iddia edib və hakimiyyəti və xalqı məsələyə diqqəti artırmağa çağırıb.

Onun fikrincə, bu təsir İslam ölkələrinin maraqlarını zəiflətməyə yönəlib. “İran öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa həmişə böyük əhəmiyyət verib və istənilən dağıdıcı hərəkətlərə qarşı çıxacaq” - xoflu məmur əlavə edib. İranın rəsmi səviyyədə bu cür ittihamları nə qədər çəkəcək? Tehran bununla nəyə nail olmaq istəyir?

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, münasibətlərin bu cür olması sadəcə cənub qonşumuz üçün ziyanlıdır: “İranda xarici siyasətə məsul olmayan şəxslərin vaxtaşırı İranın xarici siyasəti ilə bağlı mövqe bildirmələri çox böyük təəccüb doğurur. Ali rəhbərin korpusdakı nümayəndəsinin xarici siyasətlə nə əlaqəsi var? İranın xarici siyasətini ali rəhbər, prezident və xarici işlər naziri müəyyən edir. Bunlar da ölkələrinin bu və ya digər xarici dövlətlərlə münasibətlərinə rəy bildirirlər. İran prezidenti Azərbaycanla münasibətlərin yüksək səviyyədə olması ilə bağlı arzusunu ifadə edib. Bu istiqamətdə də işlər gedir. İranın hansısa bir hərbi dairədən olan nümayəndəsinin Azərbaycanın daxili işlərinə qarışmağa yönəlik fikir bildirməsinə hesab edirəm ki, ilk növbədə, bu ölkənin hakimiyyət orqanlarının artıq münasibət bildirməsi lazımdır. Ölkələrarası münasibətlərin birinci şərti bir-birinin daxili işlərinə qarışmamaqdır. Azərbaycan heç zaman İran hökumətinin digər ölkələrlə münasibətinə nə rəsmi şəkildə, nə də ayrı-ayrı politoloqların dili ilə mövqe bildirməyib. Bunu etikadan kənar hesab edirik. Azərbaycanın kimlə yaxşı münasibətdə olacağı, kiminlə yaxşı əlaqələr quracağı daxili işimizdir. Milli maraqlarımıza uyğun olaraq da belə hərəkət edirik. Digər tərəfdən olmayan bir məsələni zorla Azərbaycanın üzərinə atma cəhdinin özü çox qəribə görünür. Rəsmi Bakı dəfələrlə bildirib ki, Azərbaycan ərazisindən digər ölkələrə qarşı heç zaman istifadə edilmir və edilməyəcək də. Çox istərdim ki, bəyanat verərkən ilk növbədə, reallıqları nəzərə alsınlar. Əks halda Azərbaycan-İran münasibətlərini pozmağa çalışırlarsa, o zaman sual olunur, münasibətlərin pozulması ilk növbədə, kimə ziyan vuracaq?”

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev qeyd etdi ki, İranda Ali Dini Şuraya yaxın mühafizəkar qanadın Azərbaycan əleyhinə müxtəlif ittiham səsləndirmələri ilk hadisə deyil: “Bu ilin əvvəllərindən müxtəlif ittihamlar daha intensiv hal alıb. Amma məsələ ondadır ki, İranda Azərbaycana qarşı belə münasibətin əleyhinə olan siyasətçilər də mövcuddur. O başqa məsələdir ki, bu fərqli yanaşmalar münasibətləri kökündən qopartmamaq üçün razılaşdırılmış plan da ola bilər. Doğurdan da Azərbaycana qarşı qərəzli münasibətin iki dövlətin gələcək əməkdaşlığına ciddi ziyan vuracağını səmimi düşünənlərin olması da mövcuddur. Hətta məlum mühafizəkar qanadın təmsilçilərinin İran prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərinə görə tənqid atəşinə tutduqlarını bu yaxınlarda görmüşük. Hesab edirəm ki, bizə qarşı olan bəyanatlar ilk növbədə Qarabağı tamamilə azad etdikdən sonra regionda güc mərkəzinə çevrilməz, Ermənistanla sülh müqaviləsi danışıqlarının müsbət sonluğa doğru getməsi, bu proseslərin gedişatında Zəngəzur dəhlizinin açılmasının artıq real görünməsi səbəbindəndir. Yəni hazırkı vəziyyətdə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin güclənməsi, kənardan çox cəlbedici görünməsi, əvəzində İranda iqtisadi çöküşün günü- gündən artması daxildə siyasi gərginliyin artmasına səbəb ola bilər. 44 günlük müharibədən sonra bu günlərə qədər dəhlizin açılmamasının özlərinin xidməti olduqlarını deyənlər son günlər panik vəziyyətdədirlər. Bütün bunlardan dolayı Azərbaycanın İran vətəndaşları arasında qalxan nüfuzuna xələl gətirmə cəhdləri yalnız İsraillə əməkdaşlığımızı qabartmaqda görürlər. Halbuki, artıq bu təbliğat da işləmir. Bu günlərdə prezident Məsud Pezeşkianın oğlunun aparılan təbliğatın, Azərbaycana qarşı ittihamların yanlış olduğunu söyləməsi və fəaliyyətin ancaq dostluq istiqamətində olması çağırışları qərəzli fikirlərin əleyhinə tutarlı cavab idi. Bu bəyanat İran xalqı arasında ciddi dəstək qazandı. Bütün bunlara baxmayaraq reallıqları görmək istəməyən qüvvələr İranda hələ də çoxdur. Amma onların planlarını alt-üst edəcək siyasət də ortadadır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru