Fərhad Əhmədov, Qod Nissanov, Araz Ağalarov... – Onlar hədəf alınıblar

Bu gün, 16:28           
Fərhad Əhmədov, Qod Nissanov, Araz Ağalarov... – Onlar hədəf alınıblar
Rusiya Federasiyasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihəsinin rəhbəri Vitali Borodin azərbaycan əsilli iş adamı Araz Ağalarova məxsus “Crocus Siti Holl”un müsadirə edilməsinin vacibliyini bəyan edib.

Borodin bu tələbini Ağalarovun Bakıya köçməsi ilə əsaslandırıb. Eyni zamanda, Borodin qəflətən xatırlayıb ki, Araz Ağalarovun oğlu Emin Ağalarov maddi çətinliklərdən şikayətlənməsinə baxmayaraq, paralel olaraq “Sea Breeze”də genişmiqyaslı tikinti aparıb.

“Ağalarovlar artıq getməyə hazırdırlar. Sxem aydındır – Rusiyada kredit götürüblər və sonra gediblər. Fikrimcə, davamı daha maraqlı olacaq – banklar borcun əvəzində “Crocus”un əmlakını tələb edə bilərlər”, – Borodin öz Telegram kanalında yazıb.

O, həmçinin çox əmin şəkildə bildirib ki, vəziyyət gərginləşməkdə davam edəcək və kompleksin sahibləri üçün ciddi hüquqi nəticələrə səbəb ola bilər.

Aydındır ki, federal səviyyəli məmur yuxarıdan icazə və ya göstəriş almadan tanınmış iş adamı və milyarderə qarşı belə bir bəyanat verməyə cəsarət etməzdi. Bu isə o deməkdir ki, Kremlin Azərbaycan rəhbərliyinə təzyiq davam edir. Yəni, Moskva bunun üçün mümkün olan bütün istiqamətlərdən istifadə edir, hansı sahədə təzyiq edə biləcəyini yoxlayır.

Sual isə budur: Putin konkret olaraq nəyə nail olmaq istəyir? Bəlkə, Azərbaycanın sərnişin təyyarəsinin vurulması ilə bağlı faciəni unutmasını, Rusiyanın rəsmi şəkildə günahını etiraf etməsi tələbindən imtina etməsini, Moskva ilə əvvəlki siyasi və ticarət-iqtisadi əməkdaşlıq səviyyəsinə qayıtmasını və ümumiyyətlə, guya “heç nə baş verməyibmiş” kimi davranmasını istəyir? Moskva Bakını buna məcbur edə biləcəkmi? Yoxsa mövcud təzyiq alətləri ilə buna nail olmaq mümkün deyil və Kreml gec-tez vurulan təyyarə və günahsız insanların ölümünə görə günahını etiraf etməli olacaq?

Bununla bağlı fikirlərini Pressklub.az-la bölüşən Ukraynanın keçmiş informasiya siyasəti nazirinin müavini, Postinformasiya Cəmiyyəti İnstitutunun direktoru və Kiyevo-Moqilyansk Akademiyasının müəllimi Dmitri Zolotuxinin sözlərinə görə, bu məsələnin təhlilinə başlamazdan öncə “korrupsiyaya qarşı mübarizənin cəsur döyüşçüsü” Vitali Borodinin kim olduğunu anlamaq lazımdır.

“2021-ci ilin yayında onun “Meduza” nəşrinin jurnalisti ilə müsahibəsindən məlum oldu ki, Vitali Borodin Luqansk və Donetsk vilayətlərində, həmçinin Suriyada təcavüzkar müharibənin alovlandırılmasında iştirak edib. Bunu o, özü etiraf edib və “əlimdə avtomatla qaçırdım” deyə bildirib. Başqa sözlə, o, Rusiya dövlət orqanlarından birinin – FTX, Baş Prokurorluq və ya Xarici Kəşfiyyat Xidmətinin tapşırığı ilə ukraynalıları və Suriya müxalifətini öldürmək üçün döyüşlərə qatılıb.

Həmin materialda qeyd olunur ki, Azərbaycan əsilli məşhur iş adamı Qod Nisanov haqqında dərc olunan araşdırma yazısı Boridini bərk narahat edib. Nisanovun Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə çox sıx əlaqələri olub. Borodin yüksək vəzifəli bir kəşfiyyatçı barədə jurnalist araşdırması aparılması ideyasını tənqid edib. Amma belə görünür ki, azərbaycanlı iş adamları mövzusu onun üçün yeni deyil.

Əsas məsələ ondan ibarətdir ki, Borodin fiqur kimi əslində heç bir əhəmiyyət kəsb etmir – o, sadəcə olaraq, Rusiya hakimiyyət orqanlarının “danışan başıdır”. Hakimiyyət isə azərbaycanlı biznesmenin əmlakının əlindən alınmalı olduğunu açıq şəkildə deyə bilmir.

Fikrimcə, bu yanaşma tarixi səbəblərlə formalaşıb və sərnişin təyyarəsinin vurulması faciəsi ilə birbaşa əlaqəli deyil. Bu, Rusiya siyasətinin Azərbaycana münasibətdə cizgilərini göstərir.

Bunu Ukraynaya qarşı müharibəni tənqid edən azərbaycanlı iş adamı Fərhad Əhmədovun telefon danışığının dinlənməsi və yazılması da göstərdi.

Məsələ ondadır ki, istər Araz Ağalarov, istər Qod Nisanov, istərsə də Fərhad Əhmədov – hər biri öz istedadı və zəhməti ilə əlavə dəyər yaradaraq Rusiya büdcəsini doldurublar və şəxsən Vladimir Putinə son dərəcə loyallıq nümayiş etdiriblər.

Borodin isə Ağalarovun Donald Trampla birgə çəkilmiş şəkillərini yayımlayaraq onu gözdən salmağa çalışır, lakin onun Vladimir Putinlə çəkilmiş şəkilləri barədə susur. Nisanov bir vaxtlar Putinin varisi kimi qəbul edilən Narışkinin dostu idi. Əhmədov isə Rusiyada orta statistik biznesmendən qat-qat çox vergi ödəyib.

Amma məsələ ondadır ki, Putin Rusiyasında hakim elita ilə münasibətlərin necə qurulmasından asılı olmayaraq, bu münasibətlər heç vaxt bərabər ola bilməz. Çünki orada “imperator” Putin və ona səcdə edən “qullar” var. Əgər “imperatorun” məqsədi və ya əhvalı dəyişibsə, “qullar” əziyyət çəkəcəklər”, – institut direktoru izah edir.

O, deyir ki, Aqalarovun Rusiyadan getməsi sadə şəkildə izah oluna bilər. “Çünki Putin və onun FTX-dəki adamları “Crocus Siti Hollda” baş verən dəhşətli faciəni siyasi məqsədləri üçün istifadə etdilər, onu Ukrayna kəşfiyyatına bağladılar. Belə olan halda, Rusiya hüquq-mühafizə orqanlarının Ağalarovu Ukrayna kəşfiyyatının, yaxud da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MİK) agenti elan etməsinə heç nə mane ola bilməz – xüsusilə də Borodinin onun Tramp ilə görüşdüyü fotonu yaydığı şəraitdə.

Rusiya məhkəməsi üçün əlavə sübutlara ehtiyac yoxdur. Ağalarov terrorizmdə ittiham olunaraq həbs edilə bilərdi. Buna görə də, onun Putinin yanında çəkilmiş birgə fotolarına baxmayaraq, ölkəni tərk etməsi başa düşüləndir.

Buradan yalnız bir nəticə çıxarmaq olar – İlham Əliyevlə Nikol Paşinyanın birbaşa danışıqları və razılaşmalara doğru müsbət irəliləyiş, Kremlin “parçala və hökm sür” siyasətini iflasa uğradır.

Bu səbəbdən Kreml qəzəblənir və özünü ənənəvi formada – zorakılıqla ifadə etməyə çalışır. Lakin Azərbaycana qarşı təzyiq göstərmək təhlükəlidir, çünki “cavab” ehtimalı böyükdür. Bu səbəbdən təzyiq və zorakılıq uzun illər ərzində Kremlə son dərəcə loyal olan biznesmenlərə yönəlib. Çünki Kremlin hər zaman məntiqi bu olub – “cavab verə bilməyənləri əz”.

Belə şəraitdə sualınızın cavabı aydındır: qurbanlar özləri-özlərini təqdim etmədikcə Moskvanın onlara heç bir təsir mexanizmi yoxdur. Kremldəki cinayətkarlara öz dillərində danışan kimi, onlar dərhal geri çəkilirlər.

Bu mənada, rəsmi Bakının yürütdüyü siyasəti alqışlamaq qalır – bu siyasət yalnız və yalnız təbii insan ləyaqətinə əsaslanır”, – Zolotuxin bəyan edib

Rauf Orucov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru