İkinövbəli təhsil sistemi - problem nə vaxt həll olunacaq?

27-04-2022, 08:35           
İkinövbəli təhsil sistemi - problem nə vaxt həll olunacaq?
Ekspertlərə görə, bunun üçün məktəblərin sayı 6500-ə çatdırılmalıdır
Azərbaycanda yeni məktəblər tikilsə də, ikinövbəli təhsil sistemindən imtina etmək mümkün olmur. Hər il məktəblər açılanda valideynlərlə müəllimlər arasında bu məsələ ilə bağlı narazılıq yaranır. Əsasən işləyən valideynlər övladlarının səhər növbəsində oxuması üçün məktəblərə müraciət edirlər.

Onlar bildirirlər ki, uşaq ikinci növbədə oxuyarsa, onu məktəbə aparması üçün əlavə kiməsə pul ödəməli olurlar. Paytaxt məktəblərində ikinci növbədə təhsil alan şagirdlər arasında II sinif şagirdləri də üstünlük təşkil edir. Onların günorta növbəsinə salınması həm uşaqlar, həm də valideynlər arasında ciddi narazılıqlar yaradır. II sinif şagirdləri niyə ikinci növbəyə salınırlar? Olmazmı ki, onların da dərsləri digər ibtidai siniflərdə olduğu kimi səhər 8-də başlasın?

Bəzi iddialara görə, II sinif şagirdlərinin günorta dərsə gəlməsini Təhsil Nazirliyinin bəzi təhsildən xəbərsiz məmurları “icad” edib. Yəni bəzi təhsil məmurları və məktəb direktorları tədrisin planlaşdırılması məsələsində necə gəldi hərəkət edirlər, nə valideynləri, nə də şagirdləri nəzərə alırlar.

Teref yazır ki, təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “İkinövbəli məktəblər həm dünya təcrübəsində var, həm də bizdə var. Maraqlı tərəfi odur ki, bizim ölkəmizdə daha çox yayılıb. Hətta bəzi məktəblər var ki, üçnövbəli sistemlə çalışırlar. Çünki orada şagird sayı həddən artıq çoxdur. Belə olduğu halda dərslər müəyyən növbələrə bölünür. Şagirdlərə də, valideynlərə də narahatlıq yaradır. Ümumi olaraq dünya təcrübəsinə, aparılan araşdırmaların nəticəsinə əsaslansaq, səhər növbəsi bütün şagirdlər üçün daha əlverişli imkan yaradır. O baxımdan ki, səhər çağı beyin informasiyanı qəbul etməyə daha hazırlıqlı olur. Həmin o informasiyaları yadda saxlamaq üçün səhər çağı daha əlverişlidir. O səbəbdən də şagirdlərin səhər növbəsində dərsə getməsi daha məqsədəuyğundur. Ona görə dünyanın bir çox ölkələri yalnız birnövbəli sistemə üstünlük verirlər. Bizim ölkədə nə üçün bunu etmək olmur? Bizdə 4447 orta ümumtəhsil müəssisəsi var. Burada kifayət qədər şagird sayı var, təqribən 1 milyon 900 minə yaxın şagird təhsil alır. Bu onu deməyə əsas verir ki, şagird sayı faktiki məktəb sayına görə çoxdur. Bəzən elə məktəblər var ki, orada şagird sayı siniflərdə 50 nəfərə yaxındır. Amma biz şagird sıxlığını nəzərə almalıyıq. Minimal 25 nəfərin bir arada olması daha məqsədəuyğundur. Çünki orada həm dərsin keyfiyyəti daha yaxşı ola bilər, eyni zamanda müəllimlər dərsi bərabər şəkildə hər bir şagirdə tədris edə bilərlər. Yoxsa şagird sayı çox olduğu zaman müəllimlər nəinki dərs keçmək, davamiyyəti belə yoxlayıb bitirə bilmirlər. Ona görə bizdə də birnövbəli təhsil sisteminə keçilməsi daha düzgündür. Bunun üçün yeni məktəblər tikilməli, şagird sıxlığı həmin məktəblər arasında paylanmalıdır”.

Ekspert qeyd edib ki, son zamanlar məktəb tikintisinə başlansa da, bu, çox az saydadır: “Biz daha çox modul tipli məktəblərin tikintisini görürük. Məsələn, elə məktəblər var ki, Abşeron rayonunda, Bakı şəhərində yerləşir. Digər bölgələrimizdə şagird sıxlığı həddən artıq çoxdur. Bunu həmin ərazi üzrə nəzərə alıb, alternativ olaraq 3-4 məktəb tikib şagird sıxlığını minimuma endirmək olar. Belə olan halda tədrisi birnövbəli formada keçirmək olar. Dərslərin ikinövbəli olması valideynlər üçün də bir narahatlıq yaradır. Valideynlər pərakəndə şəkildə günü idarə edirlər. Yəni onların iş saatları ilə dərs saatları toqquşur. Yaxud da ola bilər ki, bir evdən iki uşağın biri səhər növbəsi, digəri günorta növbəsidir. Onların dərsə aparılıb-gətirilməsi valideynin iş qrafikinə ciddi mənada təsir edir. Birinci növbədə təhsil alan şagirdlər dərsləri digər növbələrlə müqayisədə daha yaxşı mənimsəyirlər. Eyni zamanda birinci növbədə təhsil alan şagirdlər günorta dərsdən çıxırlar. Günortadan sonra onların məşğələlərdə dərslə məşğul olmağa vaxtları qalır. Amma günorta növbəsində çalışanlar yalnız səhər çağı nə isə oxuya, öyrənə bilərlər. Günortadan sonra onlar yalnız dərsdə olurlar, dərs sonrası axşam saatlarında yorğun olurlar. Dərs oxumağa imkanları olmur. Ona görə səhər növbəsində ilk növbədə təhsil alanların təhsil göstəriciləri yüksək olur. Bu məsələdə yeganə çıxış yolu infrastrukturu genişləndirməkdir. Yəni-yeni məktəblər tikilməli, sayları artırılmalıdır. Məktəb sayını 4447 deyil, 6000- 6500 həddinə çatdırmalıyıq. Bu şəkildə sıxlığın qarşısını alıb, birnövbəli təhsil sisteminə keçid ala bilərik. Bu, eyni zamanda müəllim heyəti üçün də əlverişli imkan yaradır. Çünki elə müəllimlər var ki, iki növbənin ikisində də çalışırlar. Bu da keyfiyyət göstəricilərinə də təsir etmiş olur”.

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Şagirdlərin sayının çox olması iki növbəli təhsili zəruri edir. Amma dünya təhsil təcrübəsinə görə deyə bilərəm ki, birinci növbədə təhsil almaq uşaqlar üçün daha faydalıdır. Həm valideynlər səhər saatlarında işə gedir. Uşaqların dərsə təhlükəsiz aparılması və gətirilməsi kimi məsələlərə də təsir göstərir. Pedaqoji araşdırmalara əsasən, qeyd edim ki, səhər dərsə gedən uşaqlar müəllimin izah etdiyi dərs proqramını daha tez qavrayır, nəinki günorta vaxtı. İbtidai siniflər üzərindəki uzunmüddətli müşahidələrim əsasında deyə bilərəm ki, səhər növbəsində oxuyan uşaqların əlavə təlimə, məşğuliyyətə marağı olur. İkinci növbədə isə məktəbdə şagirdlər üçün müəyyən kurslar, təlimlər, valideyn və müəllim heyəti üçün iclaslar təşkil oluna bilər. Bu baxımdan tədris müəssisələrinin birnövbəli olması daha məqsədəuyğundur.

Ümumilikdə tədrisin ikinövbəli olmasının mənfi tərəfləri çoxdur. Belə ki, şagird üçün gün yarıya bölünür. İkinci növbə dərs həm uşaqlara, həm də valideynlərə xoş təsir bağışlamır. Çünki valideynin iş qrafikində qarma-qarışıqlıq yaranır. Statistik göstəricilər əsasında deyə bilərəm ki, məktəbdən yayınma halları əsasən ikinci növbədə təhsil alan şagirdlər arasında müşahidə olunur. Valideyn həmin ərəfədə işdə olur və övladına nəzarət edə bilmir. Düzdür, uşaqların, əsasən də ibtidai siniflərdə təhsil alan şagirdlərin səhər saat 8-də dərsdə olması, onların oyanmasında çətinliklər yaradır. Amma bu, müvəqqəti olaraq baş verir. Şagirdlərin inkişafı üçün onların erkən oyanması vacibdir. Hesab edirəm ki, sıxlıq yaşayan məktəblər bu problemi illər üzrə növbəli etməklə həll edə bilərlər. Belə ki, bir tədris ilində səhər saatlarında oxuyan şagirdlər növbəti ildə günorta saatlarında dərsə getsinlər. Hesab edirəm ki, Azərbaycanın ümumtəhsil məktəbləri yeni məktəblərin tikilməsi hesabına iki növbəli təhsil sistemindən imtina etməlidir.

Düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə birnövbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır. Bu həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq. Qeyd etdiyim məsələnin həll olunması üçün bu sahədə uzun müddətdir ki, araşdırma apardım. Qeyd olunan problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpus, 2000 məktəbin isə təmir etdirilməsi lazımdır. Son 10 il ərzində 3 min məktəbin tikilməsi və ya təmir edilməsi şagird sıxlığını kəskin şəkildə azaldıb".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.