Erməni quldurları Qarabağdan ÇIXARILIR? - İLGİNC GƏLİŞMƏ

27-04-2022, 09:36           
Erməni quldurları Qarabağdan ÇIXARILIR? - İLGİNC GƏLİŞMƏ
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəlib. “Yeni Müsavat” yazır ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında son telefon danışığı zamanı bildirilib. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Yeri gəlmişkən, sərhədlərin müəyyənləşməsi adətən iki mərhələdən keçir: demarkasiya və delimitasiya.

Demarkasiya (“Demarcation”) fransızca “ayırma” deməkdir. Bir-biri ilə döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanı sülh müqaviləsi, yaxud hər hansı saziş əsasında daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt, zolaq müəyyənləşir. Sərhədlərin delimitasiyası latınca “delimitatio” - “qeyd” deməkdir. Qonşu ölkələr arasında dövlət sərhədi ümumi mövqe və istiqamət, danışıqlar yolu ilə müəyyənləşdirillir. Delimitasiya dövlət sərhədlərinin yaradılması və ya dəyişdirilməsinə dair sülh müqavilələrinin və ya xüsusi razılaşmaların ayrılmaz hissəsidir.

Delimitasiya zamanı razılığa gələn tərəflər bir qayda olaraq bir xəritə üzərində, yerdə iş aparılmadan - sərhəd xəttinin keçidinin təsvirini hazırlayırlar. Delimitasiya prosesi çərçivəsində tərəflər xəritə üzrə sərhəd xəttini müəyyən edirlər. Delimitasiyanın materialları sərhədin müəyyənləşdirilməsinin digər mərhələsi - demarkasiyası üçün əsas olur. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi, yaxud dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər. Azərbaycan öz üzərinə düşəni icra etsə də, Ermənistan nəinki dürüst davranmadı, əksinə...

Aprelin 23-də Ermənistan Zəngilanda dövlət sərhədimizə təxribat-diversiya qrupu göndərib. Doğrudur, qrup ifşa edilərək geri oturdulub. Lakin faktın özü göstərir ki, Ermənistan delimitasiya üzrə öhdəliklərini yerinə yetirmir və prosesi pozmaq istəyir. Real vəziyyətin təhlili göstərir ki, aprelin sonunadək Bakının və İrəvanın delimitasiya komissiyalarını yaratmaq öhdəliyi icra olunmaya bilər ki, bunun da bütün məsuliyyəti birmənalı şəkildə Ermənistanın üstündə qalacaq. Bu proses hətta illərlə davam edə bilər. Məsələn, Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası hələ indi yekun mərhələyə çatıb, danışıqlar davam etdirilir. Bəs Azərbaycanla Ermənistan arasında sərhəd müzakirələri nə qədər uzun davam edə bilər? Ermənistan bu prosesi pozarsa, nə olacaq? Sərhəd komissiyasında kimlər, hansı strukturların nümayəndələri təmsil olunurlar? Dia.az-ın məlumatınagörə, sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a qeyd etdi ki, delimitasiya və demarkasiya siyasi yox, texniki prosesdir. Eks-nazirin sözlərinə görə, öncədən dövlətlər bir-birinin ərazisini tanıyırlar və bunun əsasında texniki mərhələ başlanır. “Komissiyalarda müxtəlif qurumların nümayəndələri olur. Bizdə problem ondan ibarətdir ki, Ermənistan və havadarları prosesi tərsinə qurmağa çalışır. Ona görə biz sual veririk ki, sülh prosesi niyə uzanır? Çünki münaqişənin əsas məsələsi həll olunmayıb”, - deyə T.Zülfüqarov vurğuladı.

Analitik hesab edir ki, 44 günlük müharibədən sonra Ermənistanın ərazi iddiaları yeni formada özünü büruzə verir: “Paşinyan açıq deyir ki, ”artsax" siyasətini yeni formada aparacağıq. Buna dair faktlar da var: Laçında sərbəst gediş-gəliş Azərbaycanın suverenliyinə zidd məsələdir, bölgədə müxtəlif layihələr həyata keçirirlər, erməni silahlı birləşmələri Qarabağda saxlayırlar. Deməli, bu siyasətdən imtina etməyiblər. Ona görə sülh sazişi prosesi uzanır".

T.Zülfüqarovun fikrincə, əgər İrəvanın bu iddiaları qalırsa, Azərbaycan Zəngəzur mövzusunu irəli sürə bilər: “Biz Sovet İttifaqına daxil olanda öz sərhədlərimiz var idi. Yəni Ermənistan ərazi bütövlüyümüzü tanımırsa, suverenliyimizə hörmət etmirsə, biz də bu siyasəti həyata keçirəcəyik. Odur ki, sərhəd komissiyası ilə bağlı iş başlaya bilər, amma tezliklə nəyəsə ümid etmək mümkün deyil. Ona görə sülh prosesi uzanacaq. Ermənistan deyir ki, Qarabağ mövzusu davam edəcək. İndi deyirlər ki, bu, ərazi yox, insan haqları işidir. Sonra deyəcəklər ki, xalqların müqəddəratını həll etmək hüququ var. Erməni bicliyi açıq-aydın görünür”.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ötən həftəki telefon söhbətində Prezident İlham Əliyev Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan - Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini bildirmişdi.

Siyasi şərhçi Asif Nərimanlı Paşinyanın Moskva səfərindən sonra Zəngilan istiqamətində diversiya qrupunun təxribatını gözlənilən hesab edir: “Brüssel və Paşinyan-Putin görüşündə sərhədin delimitasiyası ilə bağlı eyni mövqe sərgiləndi: Qərb masasında birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması razılaşdırıldı, Rusiyada prosesin tezləşdirilməsi məsələsi ön planda idi. Qərb və Rusiyanın ”vasitəçilik" üzərində yarışı müşahidə olunsa da, hər iki tərəfdən çıxacaq nəticə İrəvanın istəyinə uyğun deyil. İstisna deyil ki, sərhədin delimitasiyası Rusiyada mövcud olan xəritələr əsasında və Avropa İttifaqının dəstəyi ilə həyata keçiriləcək. İki məqam bu ehtimalı gücləndirir: Birincisi, Brüssel razılaşmasında 26 noyabr Soçi bəyanatına - Rusiyanın vasitəçiliyinə istinad edilir.

İkincisi, Şarl Mişelin Putinə zənginə dair məlumatda tərəflərin üçtərəfli bəyanatların icrasını müzakirə etdiyi qeyd olunur. Mişel və Putinin sərhəd məsələsinin birgə həllinə razılaşdığı mümkündür. Ardınca Mişelin Paşinyan və Əliyevə zəng etməsi, Bakının sülh sazişi və sərhədlə bağlı komissiyanın tərkibini müəyyənləşdirməsi də ortaq fikrin olduğu versiyasını önə çıxarır.

Rəsmi İrəvan isə sərhədlə bağlı “güzgü prinsipi”nin tətbiq edilməsini və SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsini istəyir. Bu, Azərbaycan Ordusunun müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməsi və SSRİ dövründə otlaq-əkin sahəsi ilə ermənilərə verilən ərazilərin, o cümlədən anklavların Ermənistanda qalması deməkdir. Bunu Bakının qəbul etməməsi ilə yanaşı, sərhədlə bağlı ilkin razılaşmalara da uyğun deyil".

Təhlilçi bildirir ki, Brüssel və Moskvada prosesin tezləşdirilməsi istəyi də Ermənistanın istəyinin masada olmadığı deməkdir: “Brüssel və Moskvadan eyni cavabla İrəvana qayıdan Paşinyan diversiya qrupunu sərhədə göndərməklə razılaşmaları sıfırlamaq, ən azı istəklərinin nəzərə alınması vəziyyətini yaratmaq istəyir. Burada diqqətçəkən əsas məqamlardan biri erməni diversiya qrupunun keçməyə çalışdığı sərhəd xəttinə Rusiya sərhədçilərinin nəzarət etməsidir. Və bu, o versiyanı önə çıxarır ki, təxribata şəraiti Rusiya sərhədçiləri yaradıb, bununla Moskva Brüssel razılaşmasını pozmağa, öz vasitəçiliyinin önə çıxmasına çalışır. Hərçənd yuxarıda qeyd etdiyimiz məqamlar - Brüsseldə sərhəd razılaşmasının Soçi bəyanatına əsaslanması, Mişellə Putinin müzakirələri bu ehtimala dair suallar yaradır. O da istisna deyil ki, Ermənistanın Rusiya sərhədçilərinin nəzarət etdiyi xətdən diversiya cəhdi Bakı və Moskvanı üz-üzə qoymaq, bununla istəklərinə Rusiyadan dəstək əldə etmək, yaxud ən azı iki masadan birində vəziyyəti dəyişdirmək gedişidir. Diversiya cəhdinin Paşinyanın ən çox gündəmə gətirdiyi Kəlbəcər istiqamətində yox, məhz Zəngilan istiqamətində edilməsi də diqqəti bu amilə yönəldir. Sərhəddə təxribatların davam edəcəyi gözləniləndir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.