Qarabağdakı sülhməramlıların mandatı - onlara status verilməsi təhlükədirmi?

27-04-2022, 12:33           
Qarabağdakı sülhməramlıların mandatı - onlara status verilməsi təhlükədirmi?
2020-ci il, 10 noyabrda imzalanmış müqaviləyə əsasən, Qarabağa yerləşmiş Rusiya sülhməramlılarının fəaliyyətini, səlahiyyət çərçivəsini müəyyən edən və tənzimləyən müddəalar üçtərəfli bəyanatda öz əksini tapmayıb. Hazırda sülhməramlıların hüquqi statusu, mandatı ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Ona görə rus hərbi kontingentinin vəzifə və səlahiyyətləri tam dəqiqləşdirilməyib. “Yeni Müsavat” yada salır ki, Qarabağda sülhyaratma əməliyyatı 10 noyabr 2020-ci il bəyanatı ilə başlasa da, hələlik rus hərbi kontingentinin səlahiyyət çərçivəsini müəyyən edən sənəd razılaşdırılmalıdır.

Ancaq həm Ermənistan, həm də Rusiya rəsmilərinin açıqlamaları, eləcə də açıq mənbələrdə yayılan məlumatlara əsasən ehtimal edilir ki, Qarabağdakı sülhməramlıların statusu ilə bağlı ayrıca sənəd hazırlanıb, sadəcə olaraq, Azərbaycan onu imzalamayıb. Belə ki, Bakı irəli sürdüyü xüsusi şərtlər yerinə yetirilmədən ona imza atmayacağını bildirib. Bir müddət əvvəl isə Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev qeyd etmişdi ki, sülhməramlılarla bağlı hüquqi mexanizm hazırlanmalıdır. Lakin proses irəliləmədi və indi onların Qarabağdakı səlahiyyətləri tam dəqiqləşdirilməyib.

Bununla belə, bəzi iddialara görə, Azərbaycan Qarabağın nəqliyyat kommunikasiyaları, o cümlədən bu ərazini Ermənistanla birləşdirən yol (Laçın dəhlizi) üzərində nəzarət hüququnu tələb edir. Eyni zamanda rəsmi Bakı Qarabağın dağlıq hissəsinin idarə olunmasında iştirak hüququ və bölgədəki qanunsuz silahlı birləşmələrin buraxılmasını qeyd-şərtsiz tələb edir. Amma nə sülhməramlılar erməniləri tərk-silah edib, nə qondarma rejimin nəzarətində olan yerlərdə suverenliyimiz təmin olunub. Rusiyanın demilitarizasiya işini həyata keçirməli olduğu ərazi Ukrayna yox, məhz Qarabağın dağlıq əraziləri olmalıydı, özü də 2020 10 noyabrdan dərhal sonra...

Lakin geridə qalan il yarım ərzində bu yöndə heç bir praktik addım olmayıb, əksinə, səngər qazılması və digər qanunsuz hərəkətlərə yol verilib. Bu halda sülhməramlıların statusunun müəyyən edilməsi vacibdirmi? Onların mandatının olması bizim üçün hansısa təhlükə vəd edirmi? Bu mandatı BMT verməlidirmi, yoxsa artıq üçtərəfli sənəddə bu müddəalar göstərilib? Yeri gəlmişkən, 10 noyabr bəyanatında yalnız sülhməramlı hərbi qulluqçuların və onların sərəncamındakı hərbi texnikanın sayı, eləcə də missiyanın müddəti göstərilib...


Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a söylədi ki, sülhməramlıların statusu daxili sənədlər əsasında müəyyənləşdirilib. Onun sözlərinə görə, heç bir fəaliyyət mandatsız olmur: “O ki qaldı üçtərəfli bəyanata, sülhməramlıların yerləşdirilməsi ilə bağlı bəndlər sənəddə var. Yəni sülhməramlıların yerləşdiyi ərazilər göstərilib, hansı silahla silahlanması qeyd olunub və bunlar daxili sənədlərdə təsdiqlənib. Sadəcə, çox zaman bu sənədlər ictimaiyyətə çatdırılmır, çünki məxfi sənədlərdir. Ona görə sülhməramlıların mandatı olmasa burada xidmət göstərə bilməzlər. Ancaq onlara status verilib-verilməməsinə biz cavab verə bilmərik, bu qərarı Azərbaycan Prezidenti qəbul edib, özünün dediyi kimi, nəyi, nə zaman edəcəyini bilir”.



Ş.Ramaldanovun sözlərinə görə, sülhməramlı kontingent məhdud çərçivədədir və müvəqqəti status daşıması sənəddə əks olunub: “Onların missiyası sülhyaratma olmalıdır. Bu da onların qarşısında məhdudiyyətlərin qoyulmasıdır. Eyni zamanda Moskva bəyannaməsində 43 bənd var, orada təhlükəsizlik və müttəfiqlik məsələləri öz əksini tapıb. Ona görə sülhməramlıları təhlükə kimi görmürəm. Təbii ki, cəmiyyətdə onların fəaliyyətindən narazılıqlar olur, habelə Ukrayna müharibəsinə görə Rusiya-Azərbaycan arasında soyuqluq yaratmaq istəyənlər var, Dumadan da bəzi deputatlar təxribatlar etməyə çalışırdı, Ermənistanın da maraqları var, Rusiya-Azərbaycan müttəfiqliyini həzm edə bilmirlər və mane olmağa çalışırlar, biz bunu informasiya sahəsində də görməkdəyik. Amma cənab Prezident sülhməramlıların fəaliyyətini yaxşı qiymətləndirir, əlbəttə, müəyyən nöqsanlar olur, Fərrux məsələsində də yaşandı, amma düşünürəm ki, artıq yay aylarında ermənilərin tərk-silah olunması gündəmdədir və bunun üçün çalışırlar. Ümumən 5 il müddəti bitəndə sülhməramlılar haqda aydın fikirlər söyləyə bilərik. Pis-yaxşı, 5 ilin yekununda hansısa nəticə çıxarmaq olar. Sənəddə də göstərilib ki, tərəflərdən biri etiraz edərsə, sülhməramlılar bölgədən çıxarıla bilər”.

Siyasi şərhçi Ramiyə Məmmədova isə bildirir ki, hüquqi bir mexanizm ola bilər, amma beynəlxalq mandat verilməsi gözlənilmir: “Olsaydı, bu müddət ərzində müzakirə edilərdi. Gündəlikdə bu məsələ yoxdur və tərəflər mövzunu heç masaya gətirmirlər. Rusiyaya səfərlərdə də sülhməramlıların statusu haqda danışılmayıb. Moskvadan da rəsmilərin dilindən belə bir istək səslənməyib. Görünür ki, hazırkı vəziyyət qane edir. Düşünürəm ki, onların səlahiyyətləri aydındır - sülhyaratma. Sadəcə, bu işi görmürlər və özlərini ermənilərin havadarları kimi aparırlar”.

Ekspertin fikrincə, Rusiyanın Ukrayna müharibəsinə başı elə qarışıb ki, sülhməramlıların mandatı heç yadına düşmür: “Bizə lazımdır ki, 5 ilin yekununda ruslar çıxsınlar, Qarabağda tam nəzarəti bərpa edək. İndi bu real görünmür, Putinin də tezliklə sülhməramlıları Qarabağdan çıxarmaq istədiyini düşünmürəm. Zaman-zaman çağırışlar səslənir, çox güman ki, daha 5 il də rus qoşunları Qarabağda qala bilər. Hər halda, Rusiya və Ermənistan bunu tələb edəcək, Azərbaycan etiraz edərsə, müqaviləyə əsasən çıxmalıdırlar, ancaq həmin ərəfədə Kremldən Bakıya təzyiqlərin olacağını istisna etmirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.