Ermənistan Brüsseldə verdiyi vədə Moskvada xilaf çıxdı – “Bu ölkələr Azərbaycanın mövqeyini dəstəkləyir”

3-05-2022, 15:52           
 Ermənistan Brüsseldə verdiyi vədə Moskvada xilaf çıxdı –
“Brüssel görüşündən sonra, həm Azərbaycan, həm də Ermənistan rəsmiləri qarşılıqlı şəkildə müsbət bəyanatlar səsləndirdilər. Demək olar ki, görüşdən sonrakı mövqelər hətta üst-üstə düşürdü. Bu da Azərbaycanın sülh gündəliyi çərçivəsində irəli sürdüyü 5 maddəlik təkliflərin qəbul olunması anlamına gəlirdi. Ermənistanın Baş naziri, hətta ölkə parlamentində də bu fikirləri bir daha təsdiqlədi və başqa yolun olmamasını açıq şəkildə bildirdi. Lakin, həmişəki kimi Ermənistan verdiyi vədlərə xilaf çıxmaq ənənəsinə sadiq qaldı”. DİA.AZ xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

Belə ki, Ermənistanın Brüsseldə aprel ayının sonuna kimi delimitasiya komissiyasının yaradılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə münasibət bildirən politoloq Paşinyanın mövqeyindəki dəyişikliklərin Rusiya səfərindən sonra ortaya çıxdığını bildirib:

“Moskva səfərindən sonra Ermənistan Baş naziri sülh müqaviləsini qondarma separatçı rejimin hüquqi statusu müəyyən edilməklə imzalanmasının mümkünlüyünü bildirdi. Bununla yanaşı, yenidən ATƏT-in Minsk qrupunu gündəmə gətirildi. Bu reallığa uymayan tamamilə mif xəyalların səsləndirilməsinin başlıca məqsədi isə mövcud sülh gündəliyini gecikdirmək, beynəlxalq aktorları və iştirakçıları bura dəvət etmək, məsuliyyəti öz üzərindən atıb günahkar rolunda başqalarını göstərməkdir”.

Amid Əliyev Ermənistan tərəfinin bu cür mövqe sərgiləməsinin ilk olmadığını və II Qarabağ müharibəsindən sonra rəsmi İrəvanın dəfələrlə oxşar addımı atdığını qeyd edib.

Politoloqun sözlərinə görə, daxili və xarici təzyiqlər nəticəsində erməni siyasi hakimiyyətinin fikri qeyri-stabil olaraq qalmaqdadır:

“Azərbaycanınsa bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Bu günlərdə ölkə başçısı sülh gündəliyinə sadiq qalaraq yekun sülh sazişinin hazırlanmasına hazır olduğumuzu bir daha bildirdi. Hikmət Hacıyev Brüsseldə Ermənistan təhlükəsizlik şurasının sədri Armen Qriqoryanla görüşdü.

Avropa İttifaqının bu məsələdə prinsipal mövqeyi və Azərbaycan tərəfindən təklif olumuş sülh prinsiplərini dəstəkləməsi görünür ki, bir çox ölkələri əsasən də Ermənistana havadarlıq edən dövlətləri çox narahat edir.

Lakin Ermənistan verdiyi vədləri yerinə yetirmək məcburiyyətində qalacaq, ona görə ki, həm Qərb, həm Türkiyə, həm də Rusiya bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Bu barədə ABŞ dövlət departamentinin, Türkiyə dövlət başçısnın və Rusiya XİN-nin pozitiv və Azərbaycan mövqeyini dəstəkləyən bəyanatlarını eşitməkdə davam edirik.

Bununla yanaşı nəzərə almaq lazımdır ki, istər iqtisadi, istər sülh, istər diplomatik və sonda hərb gündəliyində şərtləri və qaydaları diktə edən, dəyişən Azərbaycandır, Ermənistan yox.

Ermənistan dövləti və erməni cəmiyyəti bunu nə qədər tez fəhm etsələr özlərinə xeyr etmiş olacaqlar. Əks halda, Azərbaycan danışıqlarda manipulyasiya və yersiz prolonqasiyalara yol verməyəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.