Vergilər Nazirliyi iki market şəbəkəsində yoxlamalara başladı

20-04-2016, 12:55           
Vergilər Nazirliyi iki market şəbəkəsində yoxlamalara başladı
Azərbaycan Vergilər Nazirliyi “Neptun” və “Grand” marketlər şəbəkələrində yoxlamalara başlayıb. Yoxlamalar bu gün səhər saatlarında başlayıb.

“Report”un əməkdaşlarının “Neptun” marketlər şəbəkəsinin Nəcəfqulu Rəfiyev küç.,25A ünvanında yerləşən “Neptun Xətai” ("Xətai" m/st. yaxınlığında) və Rəsul Rza küçəsi,29/42 ("H.Aslanov" m/st. yaxınlığında) ünvanında yerləşən “Neptun Həzi Aslanov” marketlərində, həmçinin "H.Aslanov" metrosu yaxınlığında yerləşən “Grand” marketində apardığı müşahidələr faktı təsdiq edib.


“Neptun Xətai”də yoxlamalara mülki geyimli 4 vergi əməkdaşı cəlb edilib. Onlardan ikisi kassa əməliyyatlarını yoxlayır, digər ikisi isə market daxilində müşahidələr aparırlar.

“Neptun Həzi Aslanov”da da səhər saatlarında müştərilər vergi işçilərinin kassa aparatlarında yoxlama apardıqlarını müşahidə ediblər.

Vergilər Nazirliyindən məsələ ilə bağlı şərh verilməyib.

Xatırladaq ki, ötən gün "Rahat", "Bizim", “Fresko”, "Səbət", "Makromart", "Araz", "Neptun", "Bolmart", "Favorit" kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, qeyd olunan yoxlamalarda Nazirliyin əməkdaşları iştirak etmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru