Azərbaycanlıların İrəvana qayıdışı müzakirədə: Necə və nə vaxt? - AKTUAL

8-06-2022, 08:51           
Azərbaycanlıların İrəvana qayıdışı müzakirədə: Necə və nə vaxt? - AKTUAL
Azərbaycanlıların İrəvandan 1988-89-cu illər deportasiyası, 1828-ci ildən etibarən Rusiyanın həyata keçirdiyi şəhərin etnik tərkibinin erməniləşdirməsi siyasətinin və sonrakı dövrlərdə isə Ermənistan hökumətinin reallaşdırdığı etnik təmizləmə siyasətinin son mərhələsi oldu.

Həmin dövrdə erməni quldur dəstələri rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların evlərinə basqın edilərək, onların çıxıb getməsini tələb etdilər. 1988-1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq satılmır, onların işığı, telefonu, suyu, qazı kəsilirərək həyat şəraitləri dözülməz vəziyyətə gətirilirdi. Bu isə əsl mənəvi, psixoloji terror idi və hətta tez-tez fiziki terrorla da əvəz olunurdu.

Qeyd edək ki, Ermənistandan qaçqın düşən vətəndaşlarımızın qaçqın statusu illər öncə ləğv edilib. Lakin Ermənistan tərəfi Azərbaycandan ora gedən ermənilərin qaçqın statusunu ləğv etməyib və bundan hər fürsətdə beynəlxalq məhkəmələrdə bizə qarşı istifadə edir.

Lakin reallıq ondan ibarətdir ki, hazırda Ermənistanda olan tarixi Azərbaycan torpaqlarında yüzmilərlə qaçqın var. Son zamanlarda isə Ermənistan Azərbaycana gələn insanlara yenidən qaçqın statusunun verilə biləcəyi ilə bağlı fikirlər söylənilməyə başlanılıb. Artıq bir müddətdir ki, bu məsələ ciddi müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, Ermənistandan Azərbaycana gələn şəxslərin qaçqın statusu yenidən bərpa oluna bilər? Teref.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən hüquqşünas Əsabəli Mustafayev bildirib ki, həmin şəxslərin qaçqın statusu bərpa olunmalıdır:

“Bu məsələ hökumətin həll edə biləcəyi bir məsələdir. Ona görə də hökumətin hansı qərara gələcəyini bu başdan demək çətindir. Ümumiyyətlə, Ermənistandan ölkəmizə gələnlərin qaçqın statusunun ləğv olunması və onlara Azərbaycan Respublikasının vətəndaşlığı verilməsi səhv qərarı idi.

Üstəlik, onların hamısından Ermənistan tərəfindən verilmiş Sovet pasportları yığışdırıldı. Hətta bu bizim Avropa Məhkəməsinə şikayət göndərməyimizə də müəyyən məhdudiyyətlər yaratdı. Çünki məhkəmədə onların Ermənistanda yaşadığı, oranın vətəndaşı olduğu və ölkədən qovulmaları ilə bağlı sübutlar tələb olunurdu. Mən 2009-2011-ci illərdə Avropa Məhkəməsinə belə 30-a yaxın iş göndərdim. Amma sübutları təqdim edərkən çox çətinlik çəkirdim. Çünki pasportlardan başqa heç bir sənədlər yox idi. Orada Ermənistandan olan qaçqınlar da vardı.

Məndə olan məlumata görə, Ermənistandan mindən yuxarı şikayət göndərilmişdi, amma Azərbaycandan göndərilən şikayətlərin sayı həddindən artıq az idi. Hətta 40-50 ancaq olardı”.

Hüquqşünas qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Avropa Məhkəməsi həm Azərbaycandan, həm də Ermənistandan göndərilmiş şikayətləri bütün şikayətləri qəbuledilməz hesab etdi:

“İndi isə Ermənistandan gələnlərə yenidən qaçqın statusunun verilməsinin bizə nə verəcəyini düşünmək lazımdır. Əgər onlara qaçqın statusu verilsə, Qarabağdan köçən ermənilər geri qayıtması üçün şərait yaradılması və hətta Bakıya, Sumqayıta və digər bölgələrinə qayıtması üçün tələb irəli sürə bilərlər.

Onda Azərbaycan da əks arqument irəli sürə bilər ki, siz də Ermənistandan deportasiya olunmuş insanları geri qaytarın. Buna görə də bəli həmin insanlara yenidən qaçqın statusunun verilərək, Ermənistan vətəndaşlığını qaytarmaq lazımdır. Çünki ermənilər Azərbaycanda Ermənistandan olan qaçqınların olmadığını iddia edirlər. Onlar Azərbaycanda olan qaçqınların heç birinin Ermənistan vətəndaşı olmadığını və Azərbaycan vətəndaşının Ermənistana gəlməsinə imkan verməyəcəklərini deyirlər. Yəni onlarda belə güclü arqument var.

Düşünürəm ki, o vaxt Ermənistandan gələnlərin qaçqın statusunun ləğv edilməsi çox böyük bir səhv idi. İndi isə bu səhvi aradan qaldırmağa çalışmaq lazımdır. Gələcəkdə kompensasiya tələb etmək, onların geri qaytarılmasını təmin etmək, ermənilərin Azərbaycana, azərbaycanlıların da Ermənistana qayıtmaq tələblərini balanslaşdırmaq lazımdır. Ona görə də qaçqın statusunu təcili şəkildə bərpa etmək lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru