Həbsdəki sabiq polislə müstəntiqin ölkəni silkələyəsi söhbəti

5-05-2016, 09:44           

Qalmaqallı qətllə bağlı sensasion təfərrüatlar

Keçmiş həyat yoldaşını öldürməkdə ittiham olunan keçmiş polis işçisi müstəntiqlə dialoqunun stenoqramını «Azadlıq»a göndərdi

2015-ci ilin iyulunda qətlə yetirilən Natavan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev redaksiyamıza növbəti dəfə müraciət edib. Qeyd edək ki, keçmiş polis işçisi olan Samir Əliyev Natavan Əliyevanın qətlində təqsirləndirilərək həbs olunub. O, əvvəlki müraciətlərində işgəncələrə məruz qaldığını, qətlin onun üzərinə qoyulduğunu iddia edir. Samir Əliyevin növbəti müraciətində oxşar iddialarla yanaşı müstəntiq Aslan Ibrahimovla dialoqunun stenoqramı var. Bəribaşdan bildiririk ki, bu müraciəti dərc etməklə istintaqa təsir göstərmək, Samir Əliyevin təqsiriszliyi barədə rəy yaratmaq niyyətimiz yoxdur. Biz də hüquq-mühafizə orqanları kimi istənilən cinayətin cəzasız qalmamasında maraqlıyıq. Beləliklə, Samir Əliyev yazır:

“02.03.2016 tarixdə Nəsimi Rayon Məhkəməsi həbs-qətimkan tədbirinin müddətini daha 4 ay artırdı. Bir daha əmin oldum ki, Baş Prokurorluqla Nəsimi Rayon Məhkəməsi arasında sifarişlərin yerinə yetirilməsi ilə bağlı qeyri-rəsmi müqavilə mövcuddur. Qapalı məhkəmə iclasında müstəntiqin verdiyi ittihamın hər bir bəndinin və hər cümləsinin fərziyyələrə əsaslandığını, təqsirsizliyimi təsdiq edən faktların olduğunu və bunu müstəntiqin özünün də aramızdakı dialoq zamanı etiraf etdiyini bildirsəm də, hakim yalnız müddətin uzadılması ilə bağlı vəsatətə baxdığını bildirərək sözümü kəsdi. Halbuki, Konstitusiyanın 63-cü maddəsinə, Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə, Ali Məhkəmə Plenumunun 30.03.06 və 03.11.09 tarixli Qərarlarına, cinayət-prosesual qanunvericiliyə əsasən, hətta şəxsin cinayət törətməsinə şübhələr olduğu halda həbsə alınsa belə, bu cür şübhələr şəxsin həbsdə saxlanmasına və uzunmüddətli həbsinə yetərli deyil. Qeyd edilən qanunvericilik aktlarına əsasən, şəxsin uzunmüddətli həbsinə əsas yoxdursa, iş üzrə ehtimal onun azadlığa buraxılmasının xeyrinə olmalıdır ki, bu da məhkəməyə qədərki istənilən müddət ərzində tətbiq edilə bilər. Çox təəssüf ki, məhkəmələr əvvəllər MTN-nin sifarişlərini yerinə yetirdiyi kimi, indi də Baş Prokurorluğun sifarişlərini yerinə yetirirlər. ”Mən cinayət işi ilə tanış olmuşam” deyən hakim görəsən 8 ay ərzində istintaqın tam fəaliyyətsizliyi, ailə üzvlərimə təzyiqləri, əsassız olaraq 5 yaşlı övladımla görüş və telefon danışığıma qoyulan qadağa, müdafiə tərəfinin vəsatətlərinə yalnız özümü öldürmək həddinə çatdıqdan sonra reaksiya verilməsi ilə də tanış olmuşdurmu? Təcridxanada külli miqdarda dərman qəbul edərək özümü öldürmə həddinə çatdıqdan sonra 04.02.2016-cı il tarixdə vəkilimin iştirakı ilə məndən təkrar ifadə almağa qaça-qaça gələn Aslan Ibrahimova və elə mənim özümə də bir daha məlum oldu ki, 8 ay əvvəl mən “peşəkar” qoca Aslanın qocalmış fərziyyələri əsasında təqsirləndirilmişəm. Dindirmə zamanı cinayət hadisəsinə heç bir adiyyatı olmayan, mərhumun və mənim şəxsi və ailə sirlərimə aid məlumatlarla bağlı suallar verməklə, guya mərhumun həyat tərzini öyrənməyə çalışan müstəntiqin hətta CPM-nin 199-cu maddəsindən anlayışı belə olmadığı açıq-aydın görünürdü. Elə həmin dindirmədən sonra mənimlə təklikdə söhbəti zamanı cinayəti boynuma alacağım halda övladlarımla görüşümə icazə verəcəyinə və şəxsi həyatımla bağlı məlumatları gizli saxlayacağına söz verən müstəntiqin qərəzli mövqeyini ifşa etmək üçün ondan xahiş etdim ki, mənimlə vəkillərimin iştirakı olmadan təklikdə görüşsün. 04.02.2016 tarixdə olan rəsmi dindirmədən sonra 12.02.2016 tarixədək vəkillərimim iştirakı olmadan Aslan Ibrahimovla istintaq təcridxanasında 3 gün ərzində, ümumilikdə 9 saatlıq görüşümüz oldu. Görüş zamanı əsas mövzu törətmədiyim cinayəti etiraf edəcəyim halda övladlarımla görüş veriləcəyi, şəxsi həyat və ailə sirri təşkil edən məlumatların gizli qalacağı və hətta mənə cinayəti affekt vəziyyətdə törətməyim barədə sənədləşmə ilə kömək edəcəyi ilə bağlı vədlər verilməsindən ibarət oldu. Aramızda olan dialoqu olduğu kimi təqdim edirəm. Təkrar məzmunlu söhbətlər və bəzi söyüşlərə yol verildiyi üçün təhriflər etməyə məcbur olmuşam. Istintaqın qərəzli aparılması ilə əlaqədər yazılan çoxsaylı ərizələrə “Aslan Ibrahimovun əməllərində heç bir qanun pozuntusu aşkar olunmadı” cavabını verən Baş Prokurorluq yəqin ki, bu dialoqdakıları da müstəntiqin istintaq blefləri və ya istintaq taktikası kimi qiymətləndirəcək. Çiynində dövlət atributları, üstündə dövlət adı daşıyan, lakin keçmiş MTN-nin reket funksiyalarını davam etdirən Aslan Ibrahimov və dialoqda adlarını özünün etiraf etdiyi havadarlarına bildirmək istəyirəm ki, məhz siz vətəndaşın dövlətə inamını qırırsınız. Lakin mən keçmiş dövlət qulluqçusu kimi dərk edirəm ki, sizin mövqeyiniz dövlətin mövqeyi deyil. Dövlət və qanunlar sizə öz mövqeyini göstərəcəkdir.

***

Aslan Ibrahimov – Salam, necəsən?

Samir Əliyev – Belə də. Burda adam necə olar? Dərmanlardan sonra mədəm yanır.

A.I. – Adam elə şey edər? Nəsə alınası, “ili” başqa nəsə lazımdırsa, de, alım gətirim. Çöldən gəlirəm dəə, nəyə ehtiyac varsa, de. Utanma, çəkinmə, “bez problem”.

S.Ə. – “Spasibo”, hər şey var.

A.I. – Burda şərait necədir? Şüvəlandan bura yaxşı olar.

S.Ə. – Əlbəttə, Şüvəlandan bura yaxşıdır. Elə deyirlər. “Dvoynik”dəyəm (iki nəfərlik kamera nəzərdə tutulur-red). O biri də polis işçisi olub. Ağsaqqal adamdır. Yardımlıdandır.

A.I. – O, nə ilə tutulub? Onun da vəkili səninkilərdir?

S.Ə. – Yox, onun vəkili Fəxrəddindir. 178-lə tutulub, əslində mülki işdir.

A.I. – “Znaçit tak”. Mən dediyimi fikirləşdin? Bu ölüm açılmalıdır. “Popıtka”nı (öldürməyə cəhd nəzərdə tutulur-red) sənə elə-belə vermişəm, ölümdən danışaq, “popıtka” boş şeydir. Həəə…

S.Ə. – Hər ikimiz “yurist”ik, özün də fikirləş. Yay vaxtı, qız Kəmaləgildən çıxdığı vaxt, həyətdə ola bilməz ki, onu heç kim görməsin. O həyət gecə vaxtı bu otaqdan işıqlı olur. Məhlədə 2 dənə projektor yanır. Mən bilirəm eee, siz necə işləyirsiniz. Mən özüm “oper” işləyəndə adi maşın, maqnitafon oğurluğunda hadisə vaxtını dəqiqləşdirib, 2-3 gün həmin saatlarda gedib binalara, balkonlara baxırdım ki, şahid bazası yığım, görüm, kim gecə siqaret çəkir, kim işdən gəlir, kim görə bilər. Bu boyda ölüm işidir eee, polisə əməliyyat tapşırıqları verin işləsin dəəə.

A.I. – Polis var indi? Polisin işini mən görürəm. Onlara arxayın olmaq olmaz. Polis pis gündədir, onlara arxayın olsam, heç nə. 25 il nazir olar? “Sovsem” pis günə qoyub polisi.

S.Ə. – Mən də iyrəndim, nifrət etdim, ona görə çıxdım. Rafiq Abbasov (Bakı Şəhər Baş Polis Idarəsinin keçmiş rəisi) iyrəndirdi, bezdirdi, Bakıdan sürgün elədi Şabrana, “potom” haralara, nə isə.

A.I. – Sən gərək prokurorluqda işləyərdin. Prokurorluq “solidnıy” təşkilatdır. Polis “sovsem” başqadır, prokurorluq başqa.

S.Ə. – Oğlunuz da polisdə işləyir deyəsən.

A.I. – “Net”, kim deyir?

S.Ə. – Nə bilim, elə eşitdim. Bakıda hansı tərəfdə yaşayırsınız?

A.I. – Nəsimi rayonu ərazisində. Prokurorluqda işləsəydin, başqa cür olardı.

S.Ə. – Razıyam eee, polisdə canımı qoydum. Qiymət verən yoxdur, işləyəni çapırlar. Heyif deyildi Məhərrəm Əliyev?!(Bakı Şəhər Baş Polis Idarəsinin keçmiş rəisi) Kişi adam idi. Rafiq gəldi, polisi hörmətdən saldı. Indi deyirlər Mirqafar(Bakı Şəhər Baş Polis Idarəsinin hazırki rəisi) da superdir. Polisin hörmətini qaldırır. Rafiqin dövründə “Qorotdel” “çmo” idi. Deyirlər ki, Mirqafarla işləməyə dəyər.

A.I. – Mirqafar? “Neeet”, o, Məhərrəmə çatmaz. Məhərrəm başqa adam idi.

S.Ə. – “Koneçno”, amma Mirqafar gələndən “Qorotdel” ləzzət edir.

A.I. – “Znaçit tak”. “Daje” Ramil də deyir ki, bunu Samirdən başqa heç kim etməz.

S.Ə. – Necə olur eee, qız itəndən sonra mənə heç nə demədilər, bölməyə gedib ərizə verəndə mən də orda idim dəəə. Sonra isə “uje” axşam mənə bölmədən zəng edirlər ki, gəl bölməyə, rəis çağırır. Deyirəm ki, bayaqdan oralardaydım, Xırdalana indi gəldim, sabah gələrəm. Dedilər yox eee, təcili gəl, Cavid müəllim səni gözləyir. Saat 23:00 olardı, təxminən.

A.I. – Kim zəng elədi sənə? Xətaidən?

S.Ə. – “Daaa”, təhqiqatçı. 35-ci bölmədən. O vaxta qədər 2-3 dəfə zəng eləmişdi, qızın “podruqalarının” nömrələrini istədi. Mən də Jalədən öyrəndim dedim.

A.I. – Sən 26 iyunda bölmədə oldun?

S.Ə. – “Daaa”, rəis-zad yox idi. Saxladılar ki, rəis səhər gələcək, söhbət etmək istəyir səninlə. 1-2 saat sonra Zəminəni və uşaqları da gətirdilər. Gecə yarısı körpə uşaqla onları bölmədə görüb əsəbləşdim. “Potom” sağ olsun, Samir adlı “oper” var 35-ci bölmədə, ondan xahiş etdim. O, da qaytardı uşaqları evə. Mən də, maşınımda 27 iyunda səhər rəis Cavidlə birgə idarəyə getdik. Bölmədə də, idarədə də mənim nə vaxt harada olduğumu dəqiqəsinə qədər yoxladılar. Mən hiss elədim ki, kimsə bütün şübhələri qəsdən mənə yönləndirir. Ona görə də Qərənfili söydüm, idarədən çıxandan sonra hamısına ağzıma gələni dedim. Boşanandan sonra heç qızı danışdırmırdılar, “daje” anasını qovmuşdu qız.

A.I – Şübhələri sənə “napravit” eləyən atan, anan, Ramildir. Ilk ifadələrində də, sonra da. Atanla danışmırsız, tutulandan sonra sənə yemək gətirir. Səni neçə ildir danışdırmır. Sənə şübhəli deyil? Özünə, sənə vəkil tutur, niyə? “Potom” sən gecə uşaqları gətirib anangilə verirsən və deyirsən ki, Natəvan evdə yoxdur. Atan onu Kəmaləgilə gedəndə görür, amma demir ki, necə yəni evdə yoxdur, mən bayaq gördüm axı.

S.Ə. – “Ne znayu”. Mənə də maraqlıdır. Səsimi yazırsız? “Sumka”da nə var?”

Ardı növbəti sayımızda












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.