İşğalın rəsmiləşdirilməsi –

30-09-2022, 08:23           
İşğalın rəsmiləşdirilməsi –
Ukraynanın işğal olunmuş dörd bölgəsinin Rusiya Federasiyasına birləşdirilməsi növbəti mərhələyə daxil olub. Rəsmi məlumata görə, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qurulmuş işğalçı rejimlərin rəhbərləri ilə ilhaq müqavilələri imzalayacaq. Mərasim paytaxt Moskvada, Kremldə keçiriləcək.

Sentyabrın 23-dən 27-dək “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” adlı saxta rejimlərdə, Zaporojye və Xerson vilayətlərində Rusiya Federasiyasına birləşmək “referendumları” təşkil edilib, müsbət cavab çıxarılan qanunsuz səsvermələrdən sonra rejim rəhbərləri Rusiyaya birləşmək barədə müraciət ediblər.

2014-cü ilin fevralında Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib, martda Krım Muxtar Respublikası (Krım Respublikası adı ilə) və Sevastopol şəhəri Rusiyaya birləşdirilib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini tutaraq iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

İlhaq olunmuş Krımı da saydıqda Rusiya 85 subyektdən ibarətdir: 22 respublika, 4 muxtar mahal, 1 muxtar vilayət, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli 3 şəhər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.