Rusiyanın məğlubiyyəti, Qərbin qələbəsi - bu halda Qafqazı nə gözləyir?

30-09-2022, 08:45           
Rusiyanın məğlubiyyəti, Qərbin qələbəsi - bu halda Qafqazı nə gözləyir?
Politoloq hesab edir ki, dünya təkqütblü sistemə çevrilərsə, bu, qlobal təhlükəsizlik üçün çox ciddi təhdidlər formalaşdıracaq
Rusiyanın Ukraynada mümkün məğlubiyyəti, Qərbin, xüsusilə ABŞ-ın birqütblü dünyanın şəriksiz lideri olacağı halda dünyada ciddi geopolitik dəyişikliklər qaçılmazdır. Bu, Azərbaycanın yerləşdiyi regiona da ciddi dəyişikliklər vəd edir.

Amerikalı analitik İrina Tsukerman Milli.az-a açıqlamasında bildirib ki, Rusiya müharibədə məğlub olsa, Ermənistan əhəmiyyətli himayədarını itirəcək: “Əslində Rusiya, Cənubi Qafqaz kimi yerlərdə münaqişələr yaratmış, gərginliyi daha da artırmaq üçün sülhməramlılar və Ermənistandakı hərbi bazalar, İrəvana siyasi təzyiqlər vasitəsilə regiona münaqişə ocağını alovlandırmaqda davam edir.

Güclü hərbi məğlubiyyət halında, Rusiya enerji ilə bağlı gözləntiləri yerinə yetirə bilmədiyi üçün indiki bir çox müttəfiqləri arasında rəğbətini itirəcək. Nəticədə Ermənistan əhəmiyyətli himayədarını itirəcək və çox güman ki, nəhayət, öz kursunu və regiondakı gələcək rolunu yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaq. Bu, təkcə Nikol Paşinyana deyil, hələ də “Böyük Ermənistan” vizyonunu saxlayan daha aqressiv revanşist eşelonlara şamil ediləcək. Belə olan təqdirdə erməni silahlı qüvvələri, ilk növbədə Azərbaycanın hüdudlarını tərk etməyə məcbur edilə bilər. Nəticədə Rusiyanın cəzalandırılması uzun illərdir başqa ölkələrin ərazilərini zəbt edib, işğala məruz qoyan bir azğın rejimin də nəfəsinin kəsilməsi ilə nəticələnə bilər".

Bəs birqütblü dünya yaranacağı halda, bu, Azərbaycana münasibətdə hansı dəyişikliklər vəd edir? Sirr deyil ki, Azərbaycana münasibətdə Qərbin həmişə ikili münasibəti olub, 44 günlük müharibə və ondan ötən müddətdə bunun şahidi oluruq. Ermənilərin dəstəkçiləri bizdən daha çoxdur. Ermənistanın sürətlə ABŞ-ın qucağına sığınmasının səbəblərindən biri də bu prosesə hazırlıq kimi qiymətləndirilir. Rusiyanın məğlubiyyəti, Qərbin qələbəsi-bu halda Qafqazı nə gözləyir?

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya Ukraynaya qarşı xüsusi hərbi əməliyyatlara başlayarkən bunu bir çox xüsusi beyin mərkəzləri Moskvanın ikinci SSRİ-ni yaratmaq cəhdi və işğalçılıq siyasəti kimi qiymətləndirirdi. Amma o zaman da dediyimiz kimi, bu, əslində ABŞ və onun Qərb müttəfiqlərinin Rusiyaya qarşı apardığı geopolitik mübarizənin əsas elementlərindən biridir: “Rusiya Ukraynada müharibəyə cəlb edilməklə əslində bir bataqlığa çəkilmiş oldu. Bu, Rusiyanın məhv edilməsinin başlanğıcı kimi qiymətləndirilirdi. Ötən proseslər də onu göstərdi ki, həqiqətən də Rusiyanın Ukraynada hərbi əməliyyatları məhz Qərbin təhriki ilə formalaşdırılmış xüsusi bir tələ idi. Təəssüf ki, Rusiya bu tələyə düşdü. Biz o zaman da qeyd etmişdik ki, bu müharibənin tək qalibi var- Amerika. Ötən 7-8 ay ərzində baş verənlər də göstərdi ki, Rusiya və Ukrayna bu prosesdən ciddi şəkildə zərbələrlə çıxacaq. Ukrayna Qərbin dəstəyi ilə hərbi müqavimətini gücləndirməyinə baxmayaraq, müharibənin kardinal şəkildə nəticələrinə təsir edə biləcək heç bir ciddi dəstək əldə edə bilmir. Bu da onu göstərir ki, hədəf Rusiyadır, müharibənin daha çox uzanması və Rusiyanın daha ciddi sağalmaz yaralar almasıdır. Məqsəd Rusiyanın əlində olan çox ciddi hərbi potensialın tükədilməsidir. Buna böyük həcmdə nail olublar. Bundan sonra hədəfin kollektiv Qərb üçün Çin və Türkiyə olacağını da qeyd etmişdik. Rusiya çox gözəl anlayır ki, ABŞ onu müharibəyə çəkməklə onun əlindən qlobal güc statusunu almaq və onu bölgəsəl gücə çevirmək, bununla da ciddi zərurət yaranmış yeni qlobal dünya düzənində Rusiyanın iştirakçılığının qarşısını almağa nail olmaq planını həyata keçirməyə çalışır. Moskva Rusiyanın Ukraynada məğlubiyyətinin Rusiya üçün və hazırkı hərbi-siyasi elita üçün ölümə bərabər olduğunu başa düşür. Ona görə də Rusiya bu məğlubiyyətin mümkün miqyasını kiçiltməyə çalışır”.

Politoloq hesab edir ki, dünya təkqütblü sistemə çevrilərsə, bu, dünyada qlobal təhlükəsizlik üçün çox ciddi təhdidlər formalaşdıracaq. Çünki ABŞ heç bir halda demokratik dəyərlərdən, ədalətdən, beynəlxalq hüququn prinsiplərindən çıxış etmir: “Bu günə qədər təcrübə onu göstərir ki, ABŞ və onun müttəfiqlərinin maraqları hər zaman bu dəyərlərdən daha öndə dayanıb. Ona görə də Amerikanın qarşısında dayana biləcək alternativ gücün olması dünyada qlobal təhlükəsizliyin qorunmasında ciddi balans formalaşdırmış ola bilər. Buna görə də növbəti güclər, xüsusilə də Çin Rusiyanın Qərb qarşısında ciddi şəkildə məğlub olmasını istəmir və bunun qarşısını almaq istiqamətində addımlar atır. Növbəti proseslərdə ssenari, hadisələr iki istiqamətdə inkişaf edə bilər. Birincisi, Rusiya təhdidlərini reallaşdıraraq Ukrayna ərazisində nüvə silahından istifadə edə bilər. Bunu açıq şəkildə dərk eləyən Qərb bir çox başqa ərazilərdə, xüsusilə də Cənubi Qafqazda vəziyyəti gərginləşdirməklə Rusiya üçün ikinci cəbhə açmağa çalışır. Bununla ABŞ Ukrayna müharibəsinin Avropaya yayılmasının qarşısını almaq istəyir. Son dövrlər Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təxribatlar birbaşa Qərbin sifarişi əsasında həyata keçirilir. Burada hədəf heç də Ermənistanın maraqlarının təmin olunması deyil. Ermənistanı alət etməklə Rusiya üçün yeni bir cəbhə, yeni bir bataqlıq yaratmağa çalışırlar. Amma bu ssenarinin reallaşması Rusiyanın ciddi şəkildə məğlub olması, məhv olması ilə yekunlaşıb dünyanın təkqütblü sistemə keçidinin başlanğıcı kimi qiymətləndirilə bilər”.

A.Əliyevin fikrincə, bu proseslərdə Rusiya xüsusilə Çin və Türkiyə ilə daha ağıllı, daha koordinə olunmuş siyasət yeritməklə bu ssenarinin qarşısını ala biləcək: “Hesab edirəm ki, qlobal təhlükəsizlik üçün bu, daha uğurlu variant olardı. İkinci ssenari isə Rusiyanın yaxın müddətdə diz çökdürülməsi, məhv edilməsi və bundan sonra dünyanın təbii ehtiyatlarının 20 faizinin yerləşdiyi Rusiyanın təbii sərvətləri uğrunda mübarizə və təkqütblü dünyanın formalaşmasıdır. ABŞ və Qərb müttəfiqləri buna nail olarlarsa, geopolitik reallıqları dəyişməyə çalışacaqları bölgələrdən biri də Cənubi Qafqaz olacaq. Çünki Cənubi Qafqaz həm karbohidrogen ehtiyatları baxımından, həm logistik layihələr baxımından başlıca həlqə rolunu oynayır. Ona görə də Qərb sıxışdırılmış mövqelərinin Cənubi Qafqazda daha da genişləndirilməsinə nail ola biləcək. Bunun üçün də ilkin addım mövcud geopolitik şəraitin şərtlərinin dəyişdirilməsi istiqamətində addımlar olacaq. Çox təəssüf ki, bu hal heç də Cənubi Qafqazdakı mövcud kövrək sülhün möhkəmləndirilməsinə xidmət etməyəcək. Çünki ABŞ-ın əsas dayaq nöqtəsi Ermənistandır və Ermənistan da bu bölgədə sülhə qarşı əsas təhdid rolunda çıxış edir”.

Ekspertin sözlərinə görə, ABŞ məhz qeyd olunan ikinci senarinin reallaşmasına çalışır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.